Azərbaycan hökuməti geyləri təqib etməyə başlayıb

Müxalifət belə LGBT nümayəndələrini müdafiə etmir

Source:
Samir, an LGBTQIA activist, chose not to show his face
Samir, an LGBTQIA activist, chose not to show his face


Müxalifət belə LGBT nümayəndələrini müdafiə etmir

Bakıda hökumətin homoseksual olmalarından şübhələndiyi insanlar, qəflətən, təqib burulğanına düşüblər.

Rəsmi olaraq təsdiqlənib ki, sentyabrın son iki həftəsində 83 nəfər polisə aparılıb. Saxlanılanlara işgəncə verilib, şantaj edilib, onlara mərkəzi küçələrdə gəzmək yasaqlanıb. LGBT nümayəndələri əvvəllər də öz seksual oriyentasiyalarını açıq büruzə vermirdilər, indi isə, ümumiyyətlə, Azərbaycanı tərk eləməyə çalışırlar. Xüsusilə də, Çeçenistanda geylərə qarşı aparılan kütləvi hücumları xatırlayaraq (bu barədə “Novaya qazeta”nın araşdırmaları sayəsində məlum

olmuşdu

), Meydan TV-nin jurnalistləri Azərbaycanda nə baş verdiyini və niyə məhz indi baş verdiyini aydınlaşdırmağa çalışıblar.

Tanımadığınız adamlarla danışmayın

“Küçəyə çıxmayın, hətta tanışlarınızla belə danışmayın, seksual oriyentasiyanız barədə heç kimə məlumat verməyin”, – bu tövsiyələri hüquq müdafiəçiləri LGBT təşkilatların nümayəndələrinə göndərirlər.

Azərbaycan artıq Avropada ən homofob ölkə kimi

tanınıb

, ancaq belə şey əvvəllər heç burda da olmamışdı:

Azərbaycan hökuməti LGBT-yə qarşı əsl ov elan edib. Gey və transgenderlərin həbs olunması prosesi sentyabrın 15-də 11 nəfərin saxlanılması ilə başlayıb, ertəsi gün saxlanılanları sayı 22 nəfərə çatıb. Polis insanları küçələrdə, gecə klublarında yaxalayıb, zorla evlərinə soxulub.

Sentyabrın 30-da Azərbaycan DİN 83 nəfərin həbs olunduğunu etiraf

edib

, lakin hüquq müdafiəçiləri bu rəqəmin xeyli azaldılmasından, əslində, ən azı, 100 nəfərin tutulduğundan şübhələnirlər – məhz, polisdə olmuş bu qədər vətəndaş kömək üçün hüquq müdafiəçilərinə müraciət edərək başlarına gələnləri danışıblar.

Həbslər seks-işçilərindən başlayıb: Azərbaycan cəmiyyətinin bütün mühafizəkarlığına rəğmən, Bakının mərkəzində Fəvvarələr küçəsi var. Küçə, burda qadınlarla yanaşı kişilərin də seks xidməti təklif etməsilə məşhurdur. Polisin ilk hədəfi də məhz onlar olublar.

“Mən dostlarımla Fəvvarələrdə (şəhərin mərkəz küçəsidir) oturmuşdum. Polislər gəldilər və bizə ictimai asayişi pozduğumuzu, buna görə də onlarla şöbəyə getməli olduğumuzu dedilər”, – saxlanılanlardan biri, özünü Murad kimi təqdim edən şəxs deyir.

Onun fikrincə, həbs olunmasına “qadın kimi” davranmağı səbəb olub.

“Biz mübahisə elədik, hansı qaydaları pozduğumuzu, onlarla niyə getməli olduğumuzu soruşduq. Cavab verdilər ki, bu, reyddir, hamını aparırlar və getmək mütləqdir. Şöbədə pasportlarımızı yoxladılar, sonra xəbərdarlıq etdilər ki, axşam 11-dən sonra küçəyə çıxsaq, ümumiyyətlə, Fəvvarələrdə görünsək, yenə tutacaqlar, 100-150 manat (50-75 avro) cərimə edəcəklər və 20 sutka cəza verəcəklər” – Murad söyləyir.

Fəvvarələr meydanında ilk saxlanılanların digərləri polis şöbəsində onlardan başqa geylər – müştərilər və adi tanışlar haqqında informasiya almağa çalışdıqlarını, buna görə onlara işgəncə verildiyini deyirlər. Bəzilərinə danışmaq üçün sadəcə şantaj olunmağı kifayətdir – Azərbaycanda gey üçün ifşa olunmaq işgəncədən daha dəhşətli ola bilir (elələri var ki, ailələri əyalətdə yaşayır və övladlarının şəhərdəki həyatından xəbərsizdir).

“Şöbədə çoxunu döyürdülər, başqa geylər və transgenderlər haqqında məlumat vermələrini tələb edirdilər. Bəzilərini yalnız rüşvət alandan sonra buraxmağa razılıq verirdilər (adətən, 100-150 manat (50-75 avro) tələb edirdilər), bəzilərindən böyük məbləğlər istəyirdilər, deyirdilər ki, ödəyin, yoxsa ailənizə hər şeyi danışacağıq”,- Murad xatırlayır. O deyir ki, bütün gey dostları polisdə olublar.

Bundan sonra gecə klublarına və mənzillərə hücumlar başlayıb.

Polis sıxışdıranda…

Həbsdən sonra Murad küçədə qalıb – kirayə tutduğu mənzilin sahibi ondan köçməsini tələb edib. Digər saxlanılanlar da eyni aqibətlə üzləşiblər. Gey və transseksualların ev sahiblərindən aldıqları yeganə izahat isə bu olub: polis onları “sıxışdırır”

Şöbədə Samiri döyərək gey dostları haqqında məlumat verməyə məcbur ediblər.

Fahişəliklə mübarizə

Azərbaycan hökuməti iddia edir ki, sözügedən reydlər fahişəliklə mübarizə məqsədilə aparılıb və saxlanılanların seksual oriyentasiyası polisə maraqlı

olmayıb

.

“Son vaxtlar fahişəliklə məşğul olan qeyri-ənənəvi oriyentasiyalı insanlar axşam saatlarında mütəmadi olaraq şəhər mərkəzində müəyyən yerlərə toplaşırlar. Onlar davranışları ilə ictimai asayişi pozurlar. Şəhər sakinləri, vətəndaşlar dəfələrlə polisə müraciət edərək həmin şəxslərin qanunsuz davranışlarının qarşısının alınmasını tələb ediblər və biz ölçü götürməyə məcbur idik. Reyd qətiyyən gey-azlıqlara qarşı yox, fahişəliklə məşğul olan insanlara qarşı keçirilib”, – DİN-in press-relizində deyilir.

“Nəfəs” Azərbaycan LQBT təşkilatının prezidenti Cavid Nəbiyebin fikrincə, fahişəliklə mübarizə – yalnız bəhanədir. O, LQBT nümayəndələrinin həbsləri barədə hesabatında yazır ki, saxlanmalar, həbslər və işgənclər təkcə seks işçilərinə tətbiq olunmayıb.

“Geylər və transseksuallar, məhz, seksual oriyentasiyalarına görə saxlanılıblar”, – Nəbiyev belə hesab edir.

Murad və Samirin sözləri də bunu təsdiqləyir. Onlar da polisin hədəfinin məhz LGBT olduğunu vurğulayırlar.

“Bizdən geylərin adlarını və ünvanlarını öyrənməyə çalışırdılar, seks işçilərinin yox”, – Murad deyir.

Qanun nə deyir

Fahişəlik – bu yaxınlarda Bakıda geylərin polis tərəfindən saxlanılmasının yeganə qanuni əsasıdır. Çünki Azərbaycanda homoseksual münasibətlər qanunsuzluq deyil.

Azərbaycanda seksual xidmətlərin göstərilməsi inzibati pozuntu hesab olunur, buna görə 100 manat məbləğində (50 avro) cərimə ödənilməlidir.

Lakin hökumət başqa bir qanuna apelyasiya etməyə çalışır. Azərbaycan DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bu yaxınlarda yerli mediaya verdiyi müsahibələrdən birində bildirmişdi ki, saxlanılardan altı nəfərdə HİV tapılıb. Tezliklə yerli KİV-də yüksəkvəzifəli məmurlardan birinin oğlunun LGBT nümayəndəsindən HİV-ə yoluxduğu barədə şayiə yayılmışdı.

Azərbaycanın Cinayət Məcəlləsində tərəf müqabilini qəsdən HİV infeksiyasına yoluxdurmağa görə 3 il azadlıqdan məhrumetməni nəzərdə tutan maddə var. Azərbaycanda yeni evlənənlərin HİV və digər infeksiyalara görə analız verməsi məcburidir – gənclər nigaha girməzdən öncə VVAQ-a analizdən keçdikləri barədə arayış verirlər; Bu zaman analizin nəticələri həkim sirri olaraq qalır – onu yalnız analizi vermiş vətəndaş bilir.

“Məhkəmə, yalnız qəsdən yoluxdurma faktı ilə bağlı cinayət işi açıldığı hallarda HİV infesksiyasının məcburi analizi barədə qərar çıxarda bilər”, – hüquqşünas Zaur Qurbanlı məsələyə aydınlıq gətirir, – LGBT ilə bağlı məsələdə isə hüquq-mühafizə orqanları fahişəliklə məşğul olmağı bu tip şübhələr üçün yetərli səbəb hesab ediblər”.

Lakin “Nəfəs” təşkilatının prezidenti Cavid Nəbiyev bildirir ki, saxlanılanlardan heç birinə məhkəmə qərarı təqdim olunmayıb.

Elə analizi də heç də hər kəs verməyib – nə Samirdən, nə də Muraddan bunu tələb etməyiblər.

Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi rəsmi məlumata görə, ölkədə rəsmi qeydiyyatda olan HİV infeksiyası daşıyıcıları arasında qorunmasız homoseksual əlaqə nəticəsində yoluxanlar 1,9%-dən çox deyil.

Azərbaycan ənənələri və çeçen təcrübəsi

Hüquq müdafiəçisi Cavid Nəbiyevin fikrincə, ölkədə homofob əhval-ruhiyyə o qədər güclüdür ki, bu cür ov, çox güman ki, hökumətin xeyrinə olacaq:

“Xalqa nəsə bir cavab vermək üçün hökumətin güclü arqumentlərə ehtiyacı var, xüsusilə də, ABŞ Konqresində Azərbaycana qarşı sanksiyaların tətbiqi və respublikamızın Avropa İttifaqından çıxarılması barədə müzakirələr başlayandan sonra. Hakimiyyət bu təzyiqi LGBT həbsləri ilə əlaqələndirərək göstərmək istəyir ki, Qərb bizdən milli dəyərlərdən imtina etməyimizi tələb edir, bizi sıxışdırırlar, çünki cəmiyyətimiz üçün təhlükəli olan geylər və transseksuallarla mübarizə aparırıq”.

Murad güman edir ki, geylərə edilən hücumlar Azərbaycandan daha puritan, mühafizəkar olan ərəb ölkələrindən turist axını ilə bağlıdır:

“Polis şöbəsində bizə deyirdilər ki, turistlərin çox olduğu yerlərdə görünməyək, qonaqların gey və transseksuallarla qarşılaşmaqdan xoşlanmadıqlarını anlatmağa çalışırdılar”.

Cavid Nəbiyevin sözlərinə görə, sıravi vətəndaşların sözügedən həbslərə reaksiyaları, əhalinin böyük hissəsinin LGBT-yə qarşı repressiyaları dəstəklədiyini göstərir: “İlham Əliyev üçün presedent artıq hazırdır. Oxşar ssenarinin Çeçenistanda da həyata keçirilməsi və cəmiyyətin bu məsələdə hakimiyyəti dəstəkləməsi bizim hökumət üçün əla motivasiya oldu”, – Nəbiyev deyir.

“Мinority Magazine” jurnalının (LGBT-nin problemləri üzrə ixtisaslaşmış jurnaldır) baş redaktoru Səməd İsmayılov deyir ki, onların jurnalı keçən il Bakıda 200 insan arasında (18 -77 yaş arası) LGBT-yə necə münasibət bəslədikləri ilə bağlı sorğu keçirib:

“Onların 75%-i dedi ki, LGBT şəxslərə nifrət edir, 5% neytral qaldı, 20% isə (əsasən, gənclər) LGBT-yə normal yanaşdıqlarını

bildirdi

”.

Müxalifət seçicilərdən qorxur

Adətən müxalifət Azərbaycanda insan hüquqlarının yolverilməz dərəcədə pozulmasına laqeyd yanaşmır. Ancaq indi – sükutu seçiblər. Geylərin həbsinə heç bir siyasi partiya, vətəndaş hərəkatı münasibət bildirmədi.

“Əgər biz LGBT-ni müdafiə etməyə başlasaydıq, mühafizəkar cəmiyyət bizi anlamazdı. Hakimiyyətin də əlinə bunu bizə qarşı istifadə etmək kimi gözəl bir fürsət düşərdi: “Baxın, – onlar deyərdilər, – ölkəmizdə milyonlarla qaçqın var, hələ də ermənilərin əlində əsir olan insanlarımız var, müxalifətimiz isə onların hüquqlarını qorumaq əvəzinə geylərin və transseksualların qeydinə qalır”, – ölkədə ən güclü müxalif qüvvələrdən biri olan Musavat Partiyasının sədr müavini Yadigar Sadıqlı deyir.

“Azərbaycan müxalifəti, hakimiyyətlə bəzi dünyəvi dəyərləri qəbul etməyə hazır olmayan bir cəmiyyətdə mübarizə aparır. Bizim hökumət Avropa dəyərlərini yalnız “geylərin və transseksualların müdafiəsi” kimi təqdim edir, cəmiyyət də buna inanır”, – Sadıqlı fikrinə aydınlıq gətirir.

Hazırda polis tərəfindən saxlanılan geylərin hamısı azadlıqdadır. Bu barədə iki LGBT təşkilatı “Facebook”da yazıb. Həmçinin hüquq müdafiəçiləri də bu məlumatı təsdiqləyirlər.

Amma polisin onlara qarşı başlatdığı müharibə hələ indi aktiv mərhələyə qədəm qoyur – onların əksəriyyəti yaşamağa ev tapa bilmir, çoxunu işdən çıxarıblar. Hətta Muradın seksual oriyentasiyasına sanki sakit yanaşan azsaylı tanışları belə indi ondan üz çeviriblər. Murad deyir ki, Azərbaycanda yaşamaq heç vaxt asan olmayıb, amma indi o, həqiqətən, qorxur: “Mən ölkədən getmək istəyirəm. Heç olmasa, birmüddətlik”.

Samirin sözlərinə görə, şöbədə olmuş dostlarının çoxu ya artıq xaricə gedib, ya vizalarını gözləyir, ya da kənddə valideynlərinin yanında gizlənirlər.

Saxlanılanlardan 33-ü qeyri-qanuni həbs və qəddar rəftara görə məhkəməyə müraciət ediblər. 4 vəkil məhkəmədə onların hüquqlarını qorumağa razılıq verib. Hüquq müdafiəçiləri LGBT-nin müvəqqəti məskunlaşması üçün yer tapmaq məqsədilə vəsait toplayır və zərərçəkənlərə sığınacaq verilməsindən ötrü Qərb ölkələrinin səfirlikləri ilə danışıqlar aparırlar.

Ana səhifəXəbərlərAzərbaycan hökuməti geyləri təqib etməyə başlayıb