”Azərbaycan hazırda heç bir müstəqil televiziyanın, çap nəşrinin, radioşəbəkənin olmadığı bir ölkədir”

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Azərbaycana çağırış edib

Source:


ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Azərbaycana çağırış edib

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir təşkilatın üzvü olan Azərbaycan kimi bəzi dövlətləri müstəqil KİV-lərin səsini boğmağa son qoymağa çağırıb, bunun yolverilməz olduğunu qeyd edib.

“Turan”ın məlumatına görə, Dezir iyulun 25-də Vaşinqtonda Konqres qarşısında ilk çıxışı zamanı deyib: “Azərbaycandakı vəziyyət bizdə dərin narahatlıq hissi yaradır”.

“Biz həqiqətən Azərbaycanın ATƏT qarşısında müstəqil kütləvi informasiya vasitələri və müxtəlif səslər – ölkədəki vəziyyətlə bağlı öz mövqeyini bildirmək imkanına malik olanlarla bağlı öhdəliklərinə riayət etməsini istəyirik”, deyə Dezir Helsinki Komissiyası kimi də məşhur olan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası tərəfindən təşkil edilmiş dinləmələrdə bildirib.

Nümayəndələr Palatasının üzvü Alsi L.Hastings sual verərkən Azərbaycanın ən böyük jurnalist həbsxanaları arasında olduğunu, ATƏT regionunda Türkiyədən sonra ikinci yerdə olduğunu və bunun xüsusi narahatlıq doğurduğunu xatırladıb.

O qeyd edib ki, Azərbaycan hazırda heç bir müstəqil televiziyanın, çap nəşrinin, radioşəbəkənin olmadığı bir ölkədir. Azərbaycan onlayn KİV-lərə qarşı repressiyaları gücləndirib, Azərbaycan dilində, demək olar ki, bütün müstəqil xəbər saytlarını bloklayıb və onlayn informasiya ilə bağlı hüquqi məhdudiyyətləri sərtləşdirib.

Dezir həmçinin ölkədə çox az sayda müstəqil KİV qaldığını təsdiq edib: “Turan agentliyi ölkədə bir çox çətinliklərlə işləyən çox maraqlı və cürətli müstəqil KİV-dir. Digər müstəqil KİV-lərin əksəriyyəti isə xaricdən işləyir”.

ATƏT nümayəndəsi həmçinin Azərbaycana səfər etmək planından bəhs edib. Onun sözlərinə görə, bu məsələ Azərbaycan XİN ilə müzakirə olunub:

“Biz bu məsələni müzakirə etmişik, amma hələ də bu səfərlə bağlı konkret qərar gözləyirik”.

“ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi institutu Bakıda hakimiyyətin təqib etdiyi jurnalistlərin həbsə salınması ilə bağlı bir çox hadisəni qaldırır. Onlardan bəziləri azad edilib, amma əksəriyyəti həbsdə qalır”, deyə Dezir xatırladıb.

“Jurnalist Əfqan Muxtarlının işi bizim üçün ciddi problem idi. Muxtarlı xaricə getmək məcburiyyətində qalıb, Gürcüstanda oğurlanıb və yenidən məhbus kimi Azərbaycanda ortaya çıxıb,“- deyə Dezir bildirib.

“ATƏT regionunda heç bir jurnalist öz işinə görə həbsə salınmamalıdır,“- Dezir öz çıxışında əlavə edib: “Jurnalistlər hədəfdir, amma, mahiyyətcə, KİV-in demokratiyadakı rolu təhdid altındadır”.

“Yaxşı jurnalistika yaxşı fəaliyyət göstərən və sağlam demokratiya üçün zəruridir… Jurnalistlərin öz işini yerinə yetirmək imkanını məhdudlaşdırdıqda vətəndaşlar əziyyət çəkir,” – deyə konqresmen Hastings əlavə edib.

ATƏT-in hesabatlarına əsasən, 2019-cu ilin ilk 6 ayı ərzində iki jurnalist öldürülüb, 92 jurnalist isə hücum və təhdidlərə məruz qalıb.

Dezir həmçinin regionda zorakılıq və ədavəti təşviq etmək məqsədilə yaradılan dezinformasiya və onlayn-kontent təhdidi probleminə toxunub.

Ana səhifəXəbərlər”Azərbaycan hazırda heç bir müstəqil televiziyanın, çap nəşrinin, radioşəbəkənin olmadığı bir ölkədir”