“Mən bunu çox demişəm, yenə də təkrar edirəm, jurnalistika cinayət deyil”.
Bu sözləri CNN-in redaktoru və UNESCO-nun yenicə xoşməramlı səfiri təyin edilən Kristian Amanpur Dünya Mətbuat Azadlığı Günü münasibətilə mayın 3-də keçirdiyi mətbuat konfransda deyib. Kristian Amanpur daha sonra Azərbaycan hakimiyyətinə müraciət edib:
“Jurnalistika vətəndaş cəmiyyətini və demokratiyanı inkişaf etdirməyə kömək edir. Jurnalistikaya qarşı mübarizə aparmaq qəbuledilməzdir. İki il bundan əvvəl mən beynəlxalq qadınlar media forumunda Xədicə İsmayıla özüm mükafat verdim. Onun Azərbaycan üçün etdiyi cəsarətli jurnalistika işinə görə. Bu gün Xədicə həbsdədir. UNESCO-nun builki Cano mükafatının qalibidir. O, araşdırmaçı jurnalistdir, biz hamımız bunu bilirik. O, Azərbaycanda Azadlıq Radiosu üçün işləyib. O, Azərbaycanda hakim ailənin korrupsiya faktlarını cəsarətlə araşdırdığına görə tanınır. Xədicə külli miqdarda vəsaitin mənimsənilməsi, vergidən yayınma, vəzifədən sui-istifadə maddələrlə günahlandırılıb. Və 7 il yarım azadlıqdan məhrum edilib. Bu gün 560-cı gündür ki, həbsxanadadır. Və indi bu səhnədən Azərbaycan hakimiyyətinə müraciət edirəm ki, onu azad etsinlər! Mən əminəm ki, sizin çoxunuz mənim bu müraciətimə qoşulursunuz. O, yalnız sivil bir şəxsdir, əlində kağız və qələm. Bəlkə bizə sosial media vasitələrindən istifadə edərək, öz işini görür. Qaranlığa işıq gətirir. Və hər kəsin gözü və qulağıdır”.