Azərbaycan hakimiyyətindən müxalifətçilərin həbslərinin dayandırılması tələb edilib

Bəyanatda qeyd olunur ki, COVİD-19-a qarşı mübarizədən siyasi opponentlərə qarşı repressiya üçün bəhanə kimi istifadə edilməməlidir.

ABŞ Dövlət Departamenti


ABŞ Dövlət Departamenti bəyanat verib

ABŞ Dövlət Departamenti iyulun 20-də Azərbaycanda son həbslərlə bağlı bəyanat yayıb.

Dövlət Departamenti Azərbaycan hakimiyyətini COVİD-19-a cavab olaraq atılan addımlardan vətəndaş cəmiyyətini, müxalifət və ya ictimai tənqidi susdurmaq üçün istifadə olunmamasını təmin etməyə çağırıb.

“Azərbaycan hakimiyyəti müxalifət üzvləri və hökumətin digər tənqidçilərini təqib və həbs edib, psixiatriya xəstəxanasına yerləşdirib”, – deyə sənəddə bildirilir.

Bəyanatda qeyd olunur ki, COVİD-19-a qarşı mübarizədən siyasi opponentlərə qarşı repressiya üçün bəhanə kimi istifadə edilməməlidir.

İyulun 14-də Bakıda orduya dəstək aksiyasından sonra Xalq Cəbhəsi Partiyasının 11 üzvü saxlanılıb. Aksiyanın səhəri günü iyulun 15-də Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev AXCP ünvanına ağır ittihamlar səsləndirərək, onları vəziyyəti gərginləşdirmək cəhdində ittiham edib. Dövlət başçısı AXCP-ni satqın adlandıraraq, onlarla məsələni birdəfəlik bitirmək lazım olduğunu deyib:

“Biz “beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər”.

Prezidentin çıxışından sonra AXCP fəallarının həbsləri başlayıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında deyilir ki, iyulun 14-dən 15-nə keçən gecə baş verənlər nəticəsində 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, iki xidməti avtomobil aşırılaraq yararsız hala salınıb. Daha 13 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

AXCP sədri Əli Kərimli isə bildirib ki, İ.Əliyev Qarabağ məsələsindən də repressiya məqsədilə sui-istifadə edir:

“Biz hər şeyi etdik ki, hökumətin təxribat və repressiyalar üçün hər hansı bəhanəsi olmasın. Ancaq təcrübə bir daha göstərdi ki, hakimiyyət bəhanəsiz də təxribat və repressiya edir. Heç bir əsas olmasa da, hakimiyyət Qarabağ mitinqindən AXCP-yə qarşı növbəti repressiyalar üçün sui-istifadə edir”.

Ana səhifəSiyasətAzərbaycan hakimiyyətindən müxalifətçilərin həbslərinin dayandırılması tələb edilib