“Azərbaycan hakimiyyəti utanmadan Avropa normalarını pozur”

“Biz bu amansız həbs hökmünü pisləyirik”

Source:


“Biz bu amansız həbs hökmünü pisləyirik”

Amerikalı senator, Xarici Əlaqələr Komitəsinin üzvü Bencamin Kardin Leyla və Arif Yunusun barəsində hökmlə bağlı bəyanatla çıxış edib.

Arif Yunusun ABŞ-da yaşayan qardaşı Ramis Yunusun Meydan TV-yə göndərdiyi bəyanatda bildirilir ki, senator Azərbaycanda vətəndaş cəmiyyətinin sıxışdırılmasına görə dəfələrlə ölkə hakimiyyətini tənqid edib və bu yaxınlarda prezident İlham Əliyevi insan hüquqlarının pozulmasına son qoyulmasına, söz və mətbuat azadlığına hörmətlə yanaşılmasına, “Azadlıq” radiosunun işinin bərpasına çağırıb.

“Mən Leyla və Arif Yunusların barəsində hökmə dair məlumatdan çox narahatam. Onlar uzun illərdir ki, Azərbaycanda dinc demokratik islahatlar uğrunda çalışıblar və uzun illərdir ki, ölkə hakimiyyətinin təqiblərinə məruz qalıblar. Biz bu amansız həbs hökmünü pisləyirik. Mən Azərbaycanda qanunun aliliyinin bərpası, Leyla və Arif Yunusların azadlığa buraxılması uğrunda mübarizəni davam etdirəcəm”, – deyə bəyanatda deyilir.


“Məhkəmə siyasi motivli qərar çıxarıb”

ATƏT-in Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos da Leyla və Arif Yunusların barəsində hökmü pisləyib.

“Mən Azərbaycanda insan hüquqları sahəsində ən cəsarətli və tanınmış hüquq müdafəçilərindən olan Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun təcrid edilməsi üçün məhkəmənin siyasi motivli qərarından xəbər tutunca çox üzüldüm. Görünür, Azərbaycan hakimiyyəti Yunuslar cütlüyünü müdafiə edən ATƏT-in əsas normalarını pozmasının utanc gətirdiyini bilmir. Söhbət insan hüquqlarına hörmətlə yanaşılmasından, söz azadlığı və qanunun aliliyindən gedir. Azərbaycanda sürətli antidemokratik proses davam edir və mən hökuməti bu tendensiyanın dərhal qarşısını almağa çağırıram”, – İ.Santos vurğulayıb.

O qeyd edib  ki, Leyla və Arif Yunus ciddi xəstəlikdən əziyyət çəkirlər.

“Azərbaycan hökumətinin Yunuslar cütlüyünü humanitar  əsaslarla həbsdən azad etməklə müsbət addım atmaq imkanı var. Mən hakimiyyəti bu qərara baxmağa çağırıram”, – İ.Santos qeyd edib (Turan İA).


“Müəyyən səbəblərə görə məhkəmədə olmasaq da, prosesi tam olaraq izləmişik”

“Leyla Yunusa çıxarılan hökm gözlənilən olsa da, mənim gözləntilərim başqa idi. Məsələ ondadır ki, Leyla Yunusun məhkəmə vasitəsilə azadlığa çıxması mümkün deyildi. Ancaq biz  Yunusların azad olunması üçün imkan daxilində hər şey edəcəyik”.

Bu açıqlamanı İnsan Haqlarının Müdafiəsi üzrə Monitorinq Qrupunun üzvü Səadət Bənənyarlı Meydan TV-nin suallarını cavablandırarkən səsləndirib.

“Siz hökmü ədalətli sayırsınızmı” sualına Səadət Bənənyarlı “mən hakim deyiləm” söyləyərək cavab verib ki, Leyla Yunusun qadın və xəstə olduğu nəzərə alınmalıydı, yəni yüngülləşdirici amillər çox idi. Bütün hallarda məhkəmələrin durumu sizə məlumdur.

“Niyə Monitorinq Qrupundan bir nəfər də məhkəmədə iştirak etmədi” sualına xanım Bənənyarlının cavabı belə oldu: “Müəyyən səbəblərə görə məhkəmədə olmasaq da, prosesi tam olaraq izləmişik”.

O, prosesdə Qrupun nümayəndələrinin olduğunu söyləsə də, konkret ad çəkməyib: “Biz hazırda həbsdə olan İntiqam Əliyevin, Anar Məmmədlinin, Rəsul Cəfərovun, Rauf Mirqədirovun azadlığa çıxmasını istəyirik və bunun üçün də çalışırıq. Xüsusən Rauf Mirqədirovun azad olunması vacibdir, çünki jurnalist həbsdə olanda atası vəfat edib, eyni zamanda, Yunuslardan dövlətə xəyanat ittihamı israata götürülmüşdüsə, Mirqədirov niyə indiyə qədər həbsdə qalmalıdır? Artıq bir ildən çoxdur, o, həbsdədir və heç bir istintaq da aparılmır, vəkilləri belə deyir”.

Avqustun 13-də Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə hüquq müdafiəçisi Leyla Yunusa və həyat yoldaşı, tarixçi-alim Arif Yunusa hökm oxunub. Yunsulara oxunan hökmdə bildirilib ki, onların Bakıdakı, Antaliyadakı və Praqadakı əmlakları müsadirə olunmaqla Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə bildirilib ki, Yunusların şəxsi  hesablarındakı pullar dövlət büdcəsinə köçürüləcək.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.

Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.

Ana səhifəXəbərlər“Azərbaycan hakimiyyəti utanmadan Avropa normalarını pozur”