Azərbaycan hakimiyəti necə qeyri-legitim oldu?

Ondan nə desən, gözləmək olar…

Source:

Müasir dünyada, daha dəqiq, inkişaf etmiş ölkələrdə formalaşmış hakimiyyətlərin legitimliyi üzərində durulan ən ciddi məsələlərdən biridir. Ölkələrdə fəaliyyət göstərən hakimiyyətlərin legitimliyi isə onların xalqın iradəsi ilə formalaşmış olmasını tələb edir. Xalqın iradəsinin ifadə forması isə bu günə kimi yalnız bir formada, seçkilər yolu ilə mümkün olduğu sübut olunub. Məhz buna görə, xalqın iradəsinin bu və ya digər formada basdırılması bütün sivil dünyada ciddi tənqidlərlə, hətta sanksiyalarla müşahidə edilir.

Azərbaycan müstəqillik qazandıqdan üzü bəri keçirdiyi seçkilərdə ciddi nöqsanlarla yadda qalıb. Bu isə hər seçkidən sonra xalqın formalaşmış hakimiyyətə olan etibarını sarsıdıb. İndi Azərbaycanda seçkilərin saxtalaşdırılması heç kimə sirr deyil. Xüsusən də, neft gəlirlərinin ölkəyə axınından sonra seçkilərə tam nəzarəti ələ alan hakimiyyətin  icra qolu demək olar ki, keçirilmiş bütün seçkilərin total saxtalaşdırılmasını həyata keçirdib. İndi ölkədə hansı deputatın seçilmək üçün nə qədər pul verdiyi, hansı maraq qrupunu – təbii ki, klanı, naziri –  təmsil etdiyi ilə bağlı açılan və müzakirə olunan mövzunun geniş vüsət alması, əslində, durumun nə qədər karikatur vəziyyət aldığına göstərir.

Bütün bunlar, təbii ki, Azərbaycanda formalaşmış hakimiyyətin legitimlik məsələsini gündəmə gətirdi. Bu məsələnin xüsusi olaraq qabarıq formada ortaya çıxması, Azərbaycanda keçirilən 2013-cü il prezident seçkiləri ilə bağlı oldu. Sual oluna bilər ki, niyə məhz 2013? Məgər ondan əvvəl keçirilmiş seçkilər azad, ədalətli, bərabər və xalqın iradəsini ifadə edən formada olmuşdu ki?

Təbii ki, yox. Məsələni daha başadüşülən etmək üçün biz digər suala cavab verməliyik: keçirilən seçkinin fundamental prinsiplərə, müasir standartlara uyğun olmasını kim müəyyən edir? Məsələ burasındadı ki, Azərbaycan dövləti çox uzun illərdir ki, Avropanın, dünyanın müxtәlif institutları qarşısında öhdəçiliklər götürüb. Bundan əlavə, Azərbaycan dövlət olaraq bir çox beynəlxalq konvensiyalara qoşulub və bu səbəbədən müxtəlif beynəlxalq institutlar qarşısında öhdəçilik daşıyır. Azərbaycanın siyasi, iqtisadi məkan olaraq Avropaya bağlı olması (heç kim bizi bu yolu seçməyə məcbur etməyib, biz özümü bu yolu seçmişik), onun nəzarət dairəsində olması onu daha çox Avropadan təsdiqlənməsini bərabərində gətirir. Başqa sözlə, Azərbaycandan formalaşan hakimiyyətin legitimliyinin təsdiqi, sənədləşmə Avropa institutları tərəfindən müəyyən olunur. Bu mənada, Azərbaycan hakimiyyətinin legitimliyi Avropa institutlarının verdiyi qərardan asılı hala düşür.


Hakimiyyətin icra qolu necə qeyri-legitim status aldı?

2013-cü ildəki seçkiyə kimi Azərbaycanda keçirilən seçkilər, Azərbaycanın, siyasi, iqtisadi olaraq bağlı olduğu Avropanın müxtəlif institutları (Avropa Şurası, ATƏT və s.) tərəfindən daima “demokratik idarəçiliyə doğru” atılan addım kimi qiymətləndirilmiş, yüngülvari, daha çox texniki nüanslar tənqid olunmuşdu. Bu vasitə ilə Azərbaycanda hakimiyyət 2013-cü ilə kimi sivil dünyada, xüsusən Avropada legitimliyini qoruya bilmişdi. Avropa mərkəzli institutların niyə və nə üçün bunu etdiyini araşdırmaqdan, səbəblərini ortaya çıxarmaqdan yan qaçaraq qısaca onu vurğulayım ki, bu sadəcə onlara “sərf” edirdi.

Amma ATƏT 2013-cü ildə Azərbaycanda keçiriən prezident seçkilərini sərt təndiq edən, onun ədalətli, azad, bərabər əsaslarda keçirildiyini şübhə altına alan hesabat hazırladı.

Hesabatda

deyilir:

“Səslərin hesablanması xeyli dərəcədə mənfi hallarla səciyyələnmiş, müşahidə olunan seçki məntəqələrinin 58%-da pis və yaxud çox pis kimi dəyərləndirilmiş və ciddi problemlərin olmasını nümayiş etdirmişdir”.

Azərbaycanda hakimiyyətin ən mühüm qolu halına gəlmiş icra orqanının legitimliyi artıq ilk dəfə idi ki, ciddi şübhə altına alındı, bir başqa sözlə, tanınmadı.  Bu seçkilərdən sonra Azərbaycan hakmiyyəti Avropa instutuları ilə artıq sözün həqiqi mənasında qırğına çıxdı. Artıq Azərbaycan hakimiyyətinin icra qolu, ölkənin prezidenti legitim sayılmır, bəzi diplomatik nümayəndəliklər ona protokol qaydalarına uyğun olaraq “cənab prezident” kimi deyil, “hörmətli Əliyev” kimi müraciət etmәyə başladı.

Bundan sonra münasibətlər sürətlə pisləşməyə doğru istiqamət aldı.  Legtimliyini itirən hökümət iki il içərisində Azərbaycanı idbar siyasi məkana çevirdi. Yüzlərlə insan həbs olundu, siyasi partiyalar diz çökdürüldü, vətəndaş cəmiyyəti tamamilə boğuldu, mətbuat azadlığı ortadan qaldırıldı. Azərbaycan, iki il içərisində bütün sivil yaşayış normaları baxımından dünyanın ən idbar, qorxulu, repressiv məkanlarından birinə çevrildi.


Məhkəmə hakimiyyətini qeyri-legitim olmağa aparıb çıxaran yol

Sürətli repressiyanın fonunda Avropa institutları Azərbaycanda baş verənlərə adekvat cavabın verilmәsi üçün hərəkətə keçdi. Avropa Parlamentinin 10 sentyabr 2015-ci ildə ilk sərt qətnaməsini qəbul etdi.

Qətnamədə

ən diqqət çəkən məqam Avropa Parlamenitinin siyasi həbslərdə iştirak edən “siyasilərə, rəsmilərə və hakimlərə qarşı hədəfli sanksiya və viza qadağası” təklif verməsi oldu.

Azərbaycanda məhkəmə hakimiyyətinin legitimliyi çoxdankı problemlərdən biri idi. Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan əleyhinə qəbul edilən qərarların ölkə daxilində tam icra olunmaması ciddi problem olaraq qalırdı. Məsələ burasındadır ki, hökümət Məhkəmənin çıxardığı qərarlarda yalnız maddi və mənəvi zərərə görə kompensasiya olan hissəsini icra edərək, icra edilməsi daha vacib, əhəmiyyətli olan hissələrini “vecinə almırdı”.

Bu, uzun illər idi ki, daima narahatlıq yaradan məqam idi. Son siyasi həbslərә məruz qalmış şəxslərin azad olunması ilə bağlı Avropa Məhkəməsinin qərarlarının icra edilməməsi “bardağı daşıran son damla” kimi öz ifadəsini Avropa Parlamentinin qətnaməsində tapdı. Avropa artıq Azərbaycanın məhkəmə hakimiyyətinin icra hakimiyyətinin kuklasına çevrildiyini görür, bununla bağlı tədbir görülməsini tələb edirdi. Beləcə, bu qətnamə ilə Azərbaycan hakimiyyətinin məhkəmə qanadı da öz legitimliyini tamamilə itirdi.


Nəhayət qeyri-legitim Milli Məclis

Amma məsələ bununla yekunlaşmadı, hakimiyyətin qanunverici qanadı son seçkilərə kimi tam layiqli qiymətini almamışdı və bir az şübhəli formada olsa da, legitimliyini qoruya bilmişdi. Azərbaycanda baş verənlərin fonunda keçiriləcək parlament seçkilərinin “demokratik inkişafa doğru” atılan addım olmayacağını anlayan Avropa daha güzəştə getmək niyyətində deyildi. Ölkədəki siyasi repressiya, azad sözün susdurulması, siyasi zorakılıq və həbslər ölkədə seçkilərin keçirilməsi üçün mühitin olmadığını nümayiş etdirirdi. Bu qənaətlə yola çıxan beynəlxalq qurumlar, başda ATƏT olmaqla, Azərbaycanda keçiriləcək parlament seçkilərini lap ilk başda neqativ qiymətəndirərək, seçkilərin müşahidəsindən

imtina etdi

. Beləliklə, Azərbaycan hakimiyyətinin hər üç qanadı öz legitimliyini tamamilə itirdi.

İndi bizi xaricdə təmsil etmək, onun adından danışmaq, müqavilə bağlamaq hüququ olmayan prezident, Azərbaycan dövləti adından qərar çıxarmaq hüququ olmayan məhkəmə, Azərbaycan xalqı üçün dövlət adından qanun qəbul etmək, onları dəyişdirmək hüququ olmayan qanununverici orqanla, bir başqa sözlə, tamamilə qeyri-legitim bir hakimiyyətlə qarşı-qarşıyayıq. Hadisələrin hansı istiqamət alacağını kəsdirmək çətindir, çünki biz hər şeyi oğurladığı təsdiqlənmiş və zorakı bir qüvvə ilə qarşı-qarşıyayıq. Ondan isə nə desən, gözləmək olar.

Ana səhifəMənim FikrimcəAzərbaycan hakimiyəti necə qeyri-legitim oldu?