Azərbaycan gənc ateistlərinə açıq məktub

Ağalar Qut

Ağalar Qut

Ateizminiz ancaq təbiət elmlərindən çıxış etməməlidir. Əks halda, ateizm sizi məhdud elmçiliyə yuvarlaya bilər. Elmçilik – dinçilik kimi yanlış yollardan biridir. Əslində dünyada bir elm var – o, “filosofia”dır. Biz müsəlman ərəbin ağzıyla “fəlsəfə” (“falsafa”) yox, qədim yunanca orijinallığıyla “filosofia” deməli və yazmalıyıq. Platondan ta Hegelədək “elm” dedikdə filosofia başa düşülürdü, ancaq son 150-200 ildə “elm” deyərkən, fizika, biologiya, sosiologiya kimi ayrı-ayrı elm sahələri başa düşülməkdədir. Filosofia – bilmək istəyidir. Bəşər nəyi bilmək istəyir? – Hər şeyi! Bunun müqabilində fizika, biologiya, sosiologiya kimi elm sahələri nəyi bilmək istəyir? – Kosmik məsafə, qan təzyiqi, dəb və s. bu kimi məkanda və zamanda yerləşən, təcrübə edilə bilən, ölçülə bilən, bir sözlə, pozitiv (ingiliscə “to posit”dən – qoyulu, yaxud verili olan, qarşımızda bulunan) parametrləri və onların dəyişmələrini. Bu səbəbdən müasir elm anlayışına “pozitivist elm” də deyilir. Müasir elmlər filosofianın pozitivizmlə rəndələnməsindən yaranmışlar.

Pozitivist elm mövcudatın ancaq məkanda və zamanda yerləşən, ancaq təcrübə edilə bilən, ancaq ölçülə bilən hissəsini bilməyə layiq sayıb, bunların o tayında qalan varlığı dinin ixtiyarına və iqtidarına buraxmış olur, bununla da mövhumatı yaşadır və genişləndirir. Mövhumatı yaşadan və genişləndirən – başda fizika olmaqla elə təbiət elmlərinin özüdür. Bu, elmin pozitivist metodologiyasından irəli gəlir. Kilsə tərəfindən ölümə məhkum edilən brunoların, ölümlə hədələnən qalileylərin varisləri dinin ərazilərinə burnunu soxmayan elm modeli hazırladılar.

Siz filosofluq etsəniz, dindarlar sizi oxuyacaq və qulaq asacaqlar; yox, elmçi, təcrübəçi, pozitivist olsanız, onlar sizi cahil sayacaqlar. Çünki dinin inandığı allah – dindarlar özləri bunu bəlkə bilməsələr də – elmlərin baxdığı yox, üz döndərdiyi sferadadır. Dindar alimlə yox, filosofla eyni yönə baxır. Dindar üçün alimin “Allahı görmürəm”indən, filosofun “Allahı görmürəm”i daha sarsıdıcı xəbərdir.

“Quran”, “İncil” kimi məlum din kitablarının ifşası – hələ allahın mövcud olmadığının sübutu deyildir. Allaha doğruçu inanan birisi belə deyə bilərdi, yaxud deyə bilməlidir: “Aparın “Quran”da, “İncil”də və başqalarında yazılanları tullayın, mən yenə də Allaha inanıram!” Sıravi müsəlmanların çoxu Allaha elə bu cür də inanır: “Quran”sız, daha doğrusu, “Quran”dan xəbərsiz. Siz, tutalım, bir islamçıya “Quran”dakı mənasızlıqları, açıq-aşkar səhvləri, ədalətsizlikləri, yalanları və s. göstərməklə, islam dinini ifşa etmiş olursunuz, özü də çox haqlı olaraq. Ancaq bütövlükdə Allah ideyasının puçluğunu ancaq filosofiada görə və filosofia ilə göstərə bilərsiniz.

İnam – ağlı kəsməyəni, ağılsızı, vəhşini yola gətirmək üçün anlağı (idrakı) əvəzləyən ehtiyat qabiliyyətimizdir. Uşaq – öz anasına inanmasaydı, öz uşaq ağlının azlığı və təcrübəsizliyi ucundan qurda-quşa yem olardı. Bizim bir çox halda sözlərimizin kəsərsizliyi – qarşımızdakının ağılsızlığından və yaxud bizim arqumentlərimizin gücsüzlüyündən deyildir, səbəb sadədir: qarşımızdakı bizə inanmır. Bu sətirlərin müəllifi öz bildiklərini ancaq ona inanan tələbələrə öyrədə bilmişdir. Hər sözündə dərinlik gizləndiyinə inandığımız mətnlərdən daha çox şey öyrənirik. Əlbəttə, arqumentlər də inam yarada və yaxud bir inamı məhv edə bilir. Ancaq anlağı qabaqlayan, anlağı quran inam da var. O, sevgi kimi elə bil səbəbsizdir. Öz təbiəti baxımından inamda da sevgidəki kimi dəlilik, ağılsızlıq, məntiqsizlik vardır. Bunu qədimdə də görüblər: “Allah dilin, ağlın, məntiqin o tayındadır”, “İnandığım üçün anladım”, deyərkən.

İnam arxayınlıqdır, din bu arxayınlığın sui-istifadəsi. Siz dinə qarşı çıxış edərkən, inam qabiliyyətimizə yox, əksinə, inamın sui-istifadəsinə qarşı çıxırsınız və çox düz edirsiniz. Siz inamın keşikçiləri, xəyanətin detektivlərisiniz.

Qərbdə nüvə enerjisindən atom bombası düzəldildiyi kimi, qədim Şərqdə inamdan din – dövlət, iqtidar, ordu – düzəltdilər. Görünür, bu, o vaxtlar insanlığın sağ qalması üçün gərəkli olmuşdur. İnamın formulası budur: “Sizi başa sala bilmərəm, başa salsam da anlamazsınız, siz eləcə ardımca gəlin!” Atalar sözlərimizdən biri belə səslənir: “Yol bilmirsən, yola gəl”. Bir gün gəldi, Qərb bu modeli tərk edərək, İmmanuel Kantın “Aufklaerung” (Maarif) fəlsəfəsinin diliylə “Uşaqlığı burax, daha inanma, öz ağlını işlət, əmək qoy, özün fikirləş, təkbaşına qərar ver!” dedi.

Bu, müasir individualizmin, rasionalizmin və əməyin nəzəriyyəsi idi. Bu, eyni zamanda, eqoizmin, pozitivizmin və kapitalizmin legitimasiyası idi.

İnamda arxayınlıq, uşaq qayğısızlığı və əməksizlik var! Qarşındakı sənə inanırsa, qayğısız-qayğısız sənə arxayındırsa, sən daha zəhmət çəkib arqumentlərini parıldatmalı deyilsən. Qarşındakına inanırsansa, daha zəhmət çəkib onu anlamalı da deyilsən. Ağlı gərəksizləşdirən bu dini ənənə – Şərqdə anlağın korşalmasına, şeir, musiqi, möcüzəli nağıllar və s. bu kimi pərəstiş yarada bilən, təsirli estetik vasitələrin çoxalmasına və nəticədə də geridə qalmışlığa səbəb oldu.

Anlamaq və anlatmaq çətindir, çünki bunlar uzun çəkən bir əmək istəyir, inanmaq və inandırmaq isə asandır, onlar gözbağlıca ilə də əldə edilə bilər, möcüzəylə də, şeirlə də, musiqiylə də və s. Son illər Azərbaycanda nə üçün müğənnilərin, “yazar”ların, şairlərin, aktyorların bir belə artmasının səbəblərindən biri də budur: bu sahələrin qabaqcadan hazırlıq əməyi tələb etməməsi. Azərbaycanda gənclərin böyük əmək tələb edən elm və filosofia yolu tutmayıb, əvəzində şeir yazmağa, roman yazmağa girişməklərində – gizli dindarlıq və gizli korrupsionerlik sezilir.

Vəhyə inanan dindarlıqla, ilhamla yaza biləcəyinə inanan şair, yaxud o andakı emosiyasıyla o anda ağlına gələnləri biroturuma yazan “yazar” ilə, vəzifəyə gəlib sürətlə pullanmaq istəyən korrupsioner arasında yaxın “qohumluq” əlaqələri vardır. Çünki onların hamısı ağır və yorucu əməyin barını illərlə bəsləmək əvəzinə, ilahi vergiyə, anadangəlmə istedada arxayındırlar. İlahi vergi ilə yazdığına inanılan şairin, öz əməyi ilə yazan alimdən üstün sayıldığı irrasional bir kulturadan danışıram. Siz kitablarla ömür sürürsünüz, onlar isə bir gecəyə yazdıqları şeirlərlə sizi üstələyəcəklərinə inanırlar, Azərbaycan kimi Şərq kulturasında üstələyirlər də. Əlbəttə, şeir özlüyündə pis deyildir, şeirçilik ənənəmiz ana dilimizi qoruyub saxlamış, gözəlləşdirmişdir; folkorumuzda ancaq xeyir qüvvələr (məsələn, buta verilən aşiq) şeir söyləyir, şər qüvvə şeir deməz, deyə bilməz. Bir sözlə, biz şair xalqıq və bu, çox yaxşıdır. Ancaq sən mənə xoşagəlimli ritm və emosional harmoniya vasitəsilə təsir etməyə yox, intellektual əməyinlə əldə etdiyin arqumentlərini izah etməyə çalış. Müasir şeirçiliyimiz – məzmunu ritm və harmoniya ilə təsirli edib, müştəri tovlamaq istəyən reklamçılığa bənzəyir.

Azərbaycan kulturasının ciddi irrasional kötüyü və layı vardır. Milli irrasionallığımıza misal kimi Koroğlunun dəliləri, Füzulinin Məcnunu, “dəli oğlanlığ”ımız, “dəli könlü”müz, Molla Nəsrəddinin ağılsız məntiqi və s. göstərilə bilər. Bu dəlilik infantillik mənasında ağılsızlıq yox, ağlı aşmaq, ağlın o tayına keçmək, yaxud alternativ ağıl mənasında dəlilikdir. Bizə bir Mişel Fuko gərəkdir, kulturamızdakı dəliliyi tədqiq etsin deyə. Deməli, Avropa maarifçiliyinin rasionalizmini birbaşa özümüzə köçürməyə əngəl olan mexanizmalar işləyir kulturamızda. Təəssüf ki, bunu bizim axundovlar, mirzəcəlillər görə bilmədilər.

Bu, bizim milli bəxtəvərliyimizdir ki, Məhəmməd peyğəmbər bizim millətdən deyildir, yoxsa, müsəlmanlıq az qala əbədi məhkumiyyətimiz olacaqdı. Baxmayaraq ki, islamın içində proto-türklükdən də bəzən nələrsə tapmaq olur.

Yüz illər də keçsə üzümüz islam dininə gülümsəməyəcəkdir. Ancaq bununla yanaşı olaraq, insan beyninin plastikasını – beyindəki “kabel”ləri açıb başqa cür bağlamaq sayəsində orada başqa çıraqları yandırmağın mümkünlüyünü də unutmamalısınız. Bu yaxınlarda bir gənc mənə belə yazmışdı: “Aşma kitabınızı oxumağa başlayanda vəhhabi idim. Kitabı əlimdə kibrit oxuyurdum, indicə onu yandıracağam deyə. Kitabı bitirəndə artıq dinsiz idim...” Bu, mənə keçmiş tələbələrimin etiraflarını xatırlatdı.

Roman oxumaq mütaliə deyildir. Ədəbiyyatçıların tez-tez tərtib etdikləri “Oxunası kitablar” siyahılarını ciddi qəbul etməyin, onlar bədii ədəbiyyatdan başqa ədəbiyyat tanımadıqlarından belə romanesk siyahılar tərtib edirlər. Təkcə bədii ədəbiyyat oxumaqla bədii ədəbiyyat yarada bilməzsiniz. Başlıca olaraq filosofianı, kultura elmlərini və oradakı nəzəriyyələri öyrənməlisiniz. Filosofiada və kultura elmlərində neçə nəzəriyyəni anlamısınızsa, o boyda mütaliəlisiniz.

Azərbaycan xalqının milli xarakteri – arxayınlıqdır. Arxayın sözü çox-çox qədim sözümüz olub, başqa dillərə tərcümə edilə bilmir. Heç qohum dillərdə, məsələn, Türkiyədə danışılan türk dilində də “arxayın” sözü yoxdur. Millətimizin arxayınlığının arxasında yatan, arxalandığımız inamın – dəliliyin? – nə olduğunu axtarmalıyıq. İrrasional sirrimiz oradadır. Bunu ancaq dayazlar “biganəlik”, “laqeydlik”, “hissizlik” (“Daraşıb canına bitlər-birələr, hiss eləmir”), “tənbəllik”, “məsuliyyətsizlik” (“Usta Zeynal”) kimi yoza, qarğıya, ələ sala bilərlər. Daim təlaş və təşviş içində irəliyə can atan ermənidən də, gürcüdən də bizi ayırd edən budur: arxayınlığımız.

Dini pislədik, elmi də bəyənmədik, buradan elə çıxmasın ki, filosofia aydan arı, sudan durudur. Din Şərqdə anlağı korşaltdısa, filosofia Qərbdə totalitarizm yaratdı. Nəhayət, XX əsrdə Avropa filosofları başa düşdülər ki, sən demə, ən ümumi ali həqiqəti tapıb müəyyənləşdirmək ehtirası kimi filosofia – Platondan, Kant da daxil, ta Hegelədək – başqalarını manipulyasiya və idarə etmək vasitəsi imiş. Təkcə elmlər böyük dövlətlərin marağına, hərb texnologiyasına və kapitalizmə xidmət etmir, ən ümumi (total) həqiqətləri tapan filosofia da totalitarizm bəsləyirmiş. Filosofların son yüz əlli ildə yerbəyerdən “filosofianın ölümü”ndən danışmaqları – bu filosofiadan imtina etmək, filosofianı yenidən yaratmaq istəyindən doğur; postmodernizm belə təşəbbüslərdən biridir. Ancaq filosofianın elmdən də, dindən də, incəsənətdən də ən az bir üstünlüyü var: bütün bunları o, özü də ancaq o, görür.

Bir dindar din haqqında, bir yazıçı incəsənət haqqında, bir alim elm haqqında danışmağa başladığı anda o, artıq filosofianın içindədir. Baxdığınız bir teatr tamaşası, oxuduğunuz bir roman, tanış olduğunuz bir elmi nəzəriyyə barəsində öz fikirlərinizi deməyə başladığınız anda siz artıq filosofianın içindəsiniz. Ateizm özü də filosofiadır, elm deyildir. Filosofia – universal açar, qovuşdurucu dildir.

Mənim gənc dostlarım, mən sizə öz intellektual yetirmələrim, mənəvi balalarım, orijinal ardıcıllarım kimi baxıram. Bu kiçik və indilik ilk məktubumda mən sizin gücünüzü artırmağa çalışmaqla yanaşı, sizə yeni üfüqlər də açmağa, sizi aldanışlardan da qorumağa çalışdım. İstəyirəm biləsiniz ki, illərdir üzərində işlədiyim çoxcildli filosofia kitabımın birinci cildi, demək olar hazırdır. Çox çəkməyəcək, Xıdır kimi köməyinizə yetişib, sizi sevindirəcəyəm.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sz88fj

Ən çox baxılan