Azərbaycan futzalının şərəfi üzərində oyun (Təhlil)

Zaur Axundov İbrahim Nehrəmlinin komandasına elə “dəstək” verdi ki, nəticədə bütün Azərbaycan futzalı ayaq altında qaldı

Source:


Zaur Axundov İbrahim Nehrəmlinin komandasına elə “dəstək” verdi ki, nəticədə bütün Azərbaycan futzalı ayaq altında qaldı

Azərbaycanın futzal üzrə son ölkə çempionatı gərginliyi ilə yadda qaldı. Belə ki, əvvəllər yalnız “Araz”ın (Naxçıvan) hegemonluq etdiyi birincilikdə bu dəfə “Fənər” və “Xəzər adaları” da çempionluq uğrunda mübarizədə “mən də varam” dedi. Hətta vəziyyət o həddə çatdı ki, “Araz” adı çəkilən klublardan bir xeyli geri qaldı. “Fənər”lə “Xəzər adaları”nın mübarizəsində isə ikincilər – Hacı İbrahim Nehrəmlinin sponsorluq etdiyi komanda çempionluğu əldə etdi. Çempionatın gərgin mübarizə şəraitində keçməsi, əvvəlki illərdə ölkəmizi futzal üzrə UEFA kubokunda təmsil etmiş “Araz”ın “Xəzər adaları” və “Fənər”dən xeyli geri qalması hamıda növbəti mövsümdə UEFA kubokunda da yüksək nəticələr qazanacağımızla bağlı ümidlər yaradırdı. Ancaq sən saydığını say, gör fələk nə sayır…

Çempionatın bitiminə bir neçə tur qalmış “Xəzər adaları”nın prezidentinin kluba maliyyə yardımını dayandırdığı, legionerlərin bundan narazı olduğu və oyunlara çıxmaqdan imtina etdikləriylə bağlı xəbərlər yayıldı. O vaxt klubla əlaqə saxladıqda, “Xəzər adaları” rəsmiləri belə bir şeyin olmadığını, bu deyilənlərin şayiədən ibarət olduğunu bildirirdi. Ancaq zaman keçdikcə, deyilənlərin şayiə yox, həqiqət olduğu üzə çıxdı. Mövsümün əvvəlində kluba milyonlar xərcləyən, büdcənin artacağını vəd edən İbrahim Nehrəmli komandanı yarı yolda buraxdı. Bundan sonra komandanın taleyinin necə olacağı böyük maraq doğururdu. Klubun çempionluğunda əvəzsiz xidmətləri olan baş məşqçi Elnur Qəmbərov komandaya sponsor tapmaq yolunda hər nə qədər çalışsa da, kluba yiyə duran tapılmadı. Belədə, başda baş məşqçi Elnur Qəmbərov olmaqla, bütün komandanın mövsümboyu çəkdiyi əziyyət hədər getdi.

UEFA kubokunda ölkəmizi təmsil etmək baxımından ümid qalırdı “Fənər”ə. İnsafən, bu klub mövsüm ərzində çempion “Xəzər adaları”yla başa-baş mübarizə apardığından, onların da qitə arenasında uğur qazanacağına inam az deyildi. Ancaq ən həlledici anda bu klub da son mövsümdə onlara edilmiş hakim haqsızlıqlarını səbəb göstərərək, avrokubokda iştirakdan imtina etdi. Ümid yenə əvvəlki mövsümlərdə ölkəmizi UEFA kubokunda təmsil etmiş, son mövsümdə isə çempionatı 3-cü pillədə başa vurmuş “Araz”a qaldı. Ancaq bu varianta da UEFA razı olmadı. Belə ki, qitənin ali futbol qurumu, sözügedən turnirdə ölkə birinciliyində 3-cü yeri tutmuş komandanın iştirakını uyğun saymadığından, naxçıvanlıların iştirakına izn vermədi. Beləliklə, son mövsümdə bir çox legionerin top qovduğu, bir neçə klubun geniş büdcəyə malik olduğu Azərbaycanın futzal birinciliyinin növbəti mövsümdən UEFA kubokunda təmsil olunmayacağı bəlli oldu.

Çempionatın gedişində sahibi olduqları klublara külli miqdarda pul xərcləyən “Fənər” və “Xəzər adaları” rəhbərliyi mövsümün sonunda yox, elə məhz ortasında çempionatdan çəkilsəydilər, ən azı “Araz”ın Avropaya yolunu açmış olardılar. Azərbaycanın Avropanın futzal arenasında klubsuz qalmasında komandaları həlledici məqamda başsız qoyan klub prezidentləriylə yanaşı, yarışın təşkilinə cavabdeh olan futzal federasiyasının da bir o qədər günahı var. Məhz futzal federsiyasının prezidenti Zaur Axundovun qeyri-peşəkar idarəçiliyi “Fənər”in “küsməsi”ylə nəticələndi. Axundov pərdəarxası oyunlarda da səriştəsiz olduğunu göstərdi. Onun Hacı İbrahim Nehrəmlini hansı məqsədlə futzal təsərrüfatına gətirdiyi də məlumdu: AFFA prezidenti Rövnəq Abdullayevə əzələ nümayiş etdirmək üçün! O, İbrahim Nehrəmlinin komandasına elə “dəstək” verdi ki, nəticədə bütün Azərbaycan futzalı ayaq altında qaldı.

Azərbaycan futzalının belə biabırçı duruma düşməsi ölkənin imicinə vurulmuş ağır zərbədi. Azərbaycanın imici zədələnibsə, deməli, zədə yetirən də var. İndi qalır zədə yetirənin də cəzalanması. Onların kimliyi isə hər kəsə bəllidi. Amma onları cəzalandıracaq şəxslər bəlli deyil. Niyə? Ona görə ki, Azərbaycanın imicinə vurulan zərbə kiminsə vecinə də deyil.

Ana səhifəXəbərlərAzərbaycan futzalının şərəfi üzərində oyun (Təhlil)