Futbol “22 nəfərin bir topun arxasınca qaçdığı oyun” deyil
Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı son oyunları göstərdi ki, ölkədə bu idman növüylə bağlı bu günə qədər görülən (guya) işlər, atılan addımlar imitasiyadan başqa bir şey olmayıb.
Dünyada az qala hamının futbol oynamağı bacardığı dövrdə cəmi azərbaycanlılar milli komandanın ildə bir dəfə qələbə qazanmasına sevinir – FİFA reytinqində 129-cu yerdə olan komandanın…
Nikolay Çernışevskinin məşhur əsərinin adı olan sual adamın beynini məşğul etməkdən yorulmur: “Nə etməli?” Nə etməli ki, Azərbaycanda da futbol olsun, ölməsin? Nə etməli ki, azərbaycanlı futbolçuların səsi də Avropa klublarından gəlsin? Çıxış yolları, lənət şeytana, axı heç olmasa, ən azı bir çıxış yolu olmalıdır. Əslində çıxış yolu var. Sadəcə, Azərbaycan futboluna rəhbərlik edənlər papaqlarını qarşılarına qoyub düşünməli, real, hədəfə yönəlik addımlar atmalıdırlar.
Milli komandaları unutmaq, klub futboluna diqqət
Yarımbaşlığı görüb, dərhal özünüzdən çıxmayın, “bu, nə yazır” sualını hirslə beyninizdə səsləndirməyin. Onsuz da, milli komandaları unutsaq da, unutmasaq da, nəticələr göz qabağındadır. Əsas milli komandadan başlamış, aşağı yaş qrupları üzrə yığmalara kimi, hamısı qatıldıqları yarışlarda üzümüzü qara etməkdən başqa bir şey bacarmırlar. Hə, arabir hansısa milli komanda uğurlu nəticə qazanır. Amma adı üstündə – ARABİR. Arabir, bəzən, hərdən – bunların da öz adı var – TƏSADÜF. Biz isə təsadüfi qələbələr deyil, davamlı uğurlu nəticələr qazanmağın dərdindəyik.
Təsadüfi qələbələrdən qaçıb, gələcəkdə davamlı olacaq uğurlu nəticələr əldə etmək üçün səbr lazımdır. Amma səbr edərkən də, futbol təsərrüfatındakı söz sahibləri əllərini yanlarına salıb, gözləməmələdir.
Son illərdə Azərbaycanı avrokuboklarda təkbaşına, uğurla təmsil edən “Qarabağ”a gerçək bir rəqibin meydanda olması vacibdir. Azərbaycan Premyer Liqasının son mövsümünü “Qarabağ” çempion kimi başa vurdu. Özü də bilirsiz necə? Ən yaxın rəqibi olan “Neftçi”ni 19 xal (!) qabaqlayaraq. Təkcə bu fakt ölkənin klub futbolunda da işlərin qaydasında getmədiyini göstərir. İşlər qaydasında deyil ki, hər il Azərbaycanı avrokuboklarda az-çox uğurla təmsil edən “Qarabağ”dır. Rəqabətin olmadığı çempionatda az qala yeriyə-yeriyə çempion olan “Qarabağ”. Ancaq eyni zamanda, Ağdam təmsilçisinin hər il avrokubokların qrup mərhələlərinə vəsiqə qazanması o mesajı verir ki, bizim uğurlu nəticə əldə edə biləcəyimiz ən yaxın, ən real olan klub futboluna diqqət ayırmaqdır. Bunun üçün isə Premyer Liqada rəqabət yaranmalı, “Qarabağ”ın qarşısına çıxacaq rəqib olmalıdır. Fərqi yoxdur, bu rəqib “Neftçi” də ola bilər, “Zirə” də, “Sabah” da. Əsas odur ki, Azərbaycanın milli çempionatı bir klubun “solo” istedadını göstərdiyi yer olmasın.
Qısası, nümunə vermək lazımdırsa, Şotlandiya çempionatında “Reyncers”lə “Seltik” klubları necə rəqabət yaradırsa, Azərbaycanda da “Qarabağ”ın qarşısına çıxacaq klub olmalıdır. Bu, həm daha hazırlıqlı “Qarabağ”ın avrokuboklarda irəli getməsinə kömək edə bilər, həm də, Azərbaycanı Avropada bir yox, iki komanda uğurla təmsil edər.
Klub futbolunda uğurlu nəticə əldə etmək daha asan, daha qısa yoldur. Sadəcə, düzgün transferlər etmək, düzgün baş məşqçiylə işləmək, işə vicdanla yanaşmaq bəs edər. Milli komandalarla bağlı vəziyyət belə deyil axı. Sən milli komandaya futbolçu transfer edə bilmirsən, futbolçunu özün yetişdirməlisən. Bəs, futbolçunu necə yetişdirmək lazımdır? Bu sualın cavabı Azərbaycan futbolunun xilası deməkdir.
Nə etməli?
Müasir futbolun tələbləri, qaydaları başqadır. Futbol çoxdan, lap çoxdan “22 nəfərin bir topun arxasınca qaçdığı oyun” növü statusundan çıxıb, daha dərin, daha sistematik, daha mürəkkəb bir oyuna çevrilib. Azərbaycanlı uşaq məşqçiləri bu mürəkkəb oyunun incəliklərini nə qədər dərindən bilirlər? Milli komandanın üzvü, hazırda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda forma geyinən Mahir Emrelinin az qala dillərə dastan olan bir fikri var idi. Mahir Polşanın “Legiya” klubunda çıxış edəndə “uşaq futbolunda öyrənməli olduğum şeyləri burda öyrənirəm” kimi bir fikir səsləndirmişdi. Təsəvvür edirsiz, bunu Azərbaycanın ən yaxşı, ən üzdə olan futbolçularından biri deyirsə, görün, başqa azərbaycanlı oyunçular nə vəziyyətdədir, onların öyrənməli olduğu nə qədər şeylər var.
Və… “Nə etməli” sualının cavabı – azərbaycanlı uşaq məşqçilərini Avropaya göndərmək lazımdır, vacibdir, mütləqdir! Uşaqları yox ha, uşaq məşqçilərini! Bu sətirləri oxuyan biri varsa və futbol haqda çox da məlumatlı deyilsə, daha sadə dillə izah edək. Azərbaycanda təhsilin hansı səviyyədə olduğu məlumdur. Avropanın çox inkişaf etmiş ölkələri bir yana, qonşu Türkiyədən təhsil sahəsində yəqin azı yarım əsr geridəyik. Bunun bir səbəbi təhsildəki rüşvət və başqa qanunsuzluqlardırsa, bir səbəbi də təhsil verənin – müəllimlərin özlərinin lazımi savadının olmaması, müasir tələblərlə ayaqlaşmamasıdır. Adi bir misal: sosial şəbəkə “ingilis dilindən normal səviyyədə öyrədəcək müəllim tapa bilmirəm” şikayətləri ilə doludur. Bax, Azərbaycandakı uşaq futbol məşqçiləri də o “lazımi səviyyədə öyrədə bilməyən ingilis dili müəllimləri” statusundadır.
15-20 ildən sonra Azərbaycandan futbolu normal – Avropa səviyyəsində oynamağı bacaran futbolçular çıxmasını istəyiriksə, uşaq məşqçiləri Niderland, İngiltərə, Almaniya, Xorvatiya kimi ölkələrə göndərilməlidir. Bu ölkələr uşaq futbolundakı uğurları ilə hər zaman öyünürlər.
AFFA rəhbərliyi çoxunun anladığı həqiqəti nəhayət, anlamalıdır: futbol 22 nəfərin bir topun arxasınca qaçdığı oyun növü statusundan çoxdan çıxıb. Onlar bunu anlamalıdır ki, uşaq məşqçilərinə də anlatsınlar, izah etsinlər. İzah etməklə qalmayıb, Avropanın futbolu inkişaf etmiş ölkələrinin federasiyaları ilə danışıqlara başlayıb, müqavilə əsasında uşaq məşqçilərini öyrənmək üçün oralara göndərməlidirlər. Və bunu artıq indi etmək lazımdır, vaxt itirmədən. Yoxsa…
Yoxsa gələcəkdə Avropanın hansısa klubuna transfer olunub, “mən uşaq futbolunda öyrənməli olduğum şeyləri burda öyrənirəm” deyən azərbaycanlı futbolçuların sayı çox olacaq.