Tahir Süleymanov: “İndiki situasiyada Qarabağ adı ətrafında klubların yaradılması təbliğat yox, anti-təbliğat rolunu oynayır”
Azərbaycanda “Qarabağ” adlı futbol klubu var. Bu komanda sabit maliyyə dayağına malikdir. “Azersun Holdinq”in sponsorluq etdiyi komanda Azərbaycanı beynəlxalq arenada da təmsil edir. “Qarabağ” 2 il dalbadal Avropa Liqasının qrup mərhələsində oynayıb. İdmanın da siyasət olduğunu nəzərə alsaq, “Qarabağ” adlı komandanın beynəlxalq arenada görünməsi həm də siyasi dividentdi.
Əvvəlcə komanda yaradır, sonra pul tələb edirlər
Ancaq futbol təsərrüfatında işğal altında olan torpaqların adından istifadə edənlər də var. Həm ölkədə, həm də ölkədən kənarda işğal olunmuş torpaqların adları verilmiş komandalar yaradılır. Təbii, sabit maliyyə dayağı, sponsor olacağı təqdirdə belə komandaların yaradılmasını normal qarşılamaq olar. Ancaq məsələ burasındadır ki, kimlərsə işğal olunmuş şəhər və rayonların adları verilmiş komanda yaradır və sonra da başlayır pul axtarmağa. Bu şəxslər yaratdıqları komandaya maliyyə ayrılmadığına görə, az qala hər kəsi ittiham edirlər.
Ötən mövsümə qədər Azərbaycanın birinci dəstəsində “Şuşa-Qarabağ” adlı komanda fəaliyyət göstərirdi. Bu komandanın ətrafında o qədər çəkişmələr aparıldı ki, cəmiyyətdə də buna qarşı təpki yarandı. “Şuşa-Qarabağ”ın ətrafında aparılan çəkişmələrlə bağlı Komanda.az saytında dərc olunmuş
yazıda
məlumat verilib. Onu da qeyd edək ki, bu komandanın adı əvvəlcə “Şuşa” olub. Amma çəkişmə aparan bir qrup komandanı nəzarətə götürmək üçün klubun adını dəyişdirərək, “Şuşa-Qarabağ” kimi yenidən qeydiyyatdan keçirmişdi.
Ötən mövsüm istədikləri sponsorlar tapılmadığından klub dağıldı.
Ancaq bir neçə həftə əvvəl məlumat yayıldı ki, “Şuşa-Qarabağ” yenidən bərpa olunur. Klubu yenidə “dirildənlər” ictimai qınağı nəzərə alaraq, maliyyə dayaqlarının olduqlarını bildirirlər. Amma indiki ağır iqtisadi durumda ölkənin köklü klubları maliyyə çatışmazlığı ilə üzləşiblərsə, yeni yaradılan bir komandanın maliyyə probleminin olmayacağına zəmanət vermək çətindir. Deməli, bir müddətdən sonra mətbuatda yenə də “Şuşa-Qarabağ”a dəstək lazımdı” tipli çağırışlar yer alacaq.
Əli Sahib: “Kimlərsə gəlir məqsədi ilə bu üsullara əl atırlar”
Fanat.az saytının baş redaktoru Əli Sahib Meydan TV-yə verdiyi açıqlamada belə halların qarşısının alınmasının vacib olduğunu bildirib. Əli Sahib əlaqədar qurumların işğal altında olan şəhər və rayonların adından sui-istifadəyə qarşı mübarizə aparmalı olduğunu deyir: “Bəli, bu tip probləmlər zaman-zaman yaşanıb. Bu da xoşagəlməz haldı. Kimlərsə gəlir məqsədi ilə bu üsullara əl atırlar. Moskvada azərbaycanlılar “Qarabağ” adlı komanda yaradır və bura mesaj göndərirlər ki, bizə maliyyə ayırın, yoxsa ermənilər bizi maliyyələşdirmək istəyir. Sual vermək lazımdır; sən erməniyə özünü necə sevdirmisən və ya onun üçün hansı işi görmüsən ki, komandanı maliyyələşdirmək istəyirlər? Təbii ki, cavabı qeyri-səmimi də olsa, belə olacaq: “QARABAĞ adına görə”. Bu neqativ halların baş verməməsi üçün AGİN, AFFA, XİN müəyyən addımlar atmalıdırlar. Əgər ərazi bizimdirsə, dünyanın heç bir yerində kimsə bu şəhər və rayonların adlarını alver predmetinə çevirməməlidi”.
Moskvadan gələn mesaj
Bu cür tendensiya ölkədən kənarda da baş verir. Məsələn, azərbaycanılar Moskvada “Qarabağ” adlı futzal komandası yaradıblar. Mətbuata verdikləri açıqlamada bu komandanın aylıq xərcinin 2 min dollar olduğunu bildiriblər. Azərbaycanlıların çoxluq təşkil etdiyi Rusiyada “Qarabağ” adlı komandanı saxlamaq üçün 2 min dollar tapmaq mümkün deyilsə, onda bu komandanı yaratmaqda məqsəd nədir? Daha bir maraqlı məqam – komandanı yaradanlar Azərbaycana mesaj göndəriblər: ermənilər bizə sponsorluq etmək
istəyirlər
.
Futbol mütəxəssisləri hesab edir ki, bu insanlar ermənilərin onlara sponsorluq etmək istəməsini ön plana çıxararaq, Azərbaycandan pul tələb edirlər: “Hər bir azərbaycanlı ölkədən kənarda Qarabağ adına iş görmək istəyirsə, ilk növbədə, öz imkanlarına güvənməlidir. Yoxsa, Qarabağ adından yararlanaraq, pul tələb etmək, artıq alver predmeti sayılır”.
Tahir Süleymanov: “Qarabağ adı ətrafında “klub”ların yaradılması təbliğat yox, anti-təbliğat rolunu oynayır”
Futbol mütəxəssisi, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov Meydan TV-yə verdiyi açıqlamada bildirdi ki, futbol klubunun yaradılma məqsədi olmalı və öz statusunu müəyyənləşdirməlidir: “Həvəskar, yarımhəvəskar və peşəkar status. Bunlarla yanaşı uşaq-gənclər futbolu ilə bağlı akademiya tipli klub yaradıla bilər. Hər klub Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçməsi üçün isə mütləq idmana, o cümlədən futbola cavabdeh olan orqandan razılıq məktubu alınmalıdır. Əks halda, rəsmi qeydiyyatdan keçib, peşəkar status ala bilməz.
“Qarabağ” futbol klubu hələ SSRİ dağılmamışdan mövcud idi və 90-cı illərdə komandada olan insanların fədakarlığı, vətən, futbol sevgisi sayəsində ayaqda qala bildi. Bu gün isə sponsorun dəstəyi ilə Azərbaycanı Avropada layiqincə təmsil edir və təbliğat baxımından “Qarabağ” adı uca tutulur.
Qarabağ adı ətrafında süni klubların yaradılmasının qəti əleyhinəyəm. İlk növbədə, bunun səbəbləri ölkə futbolunda nizamın olmamasıdır. Gündə bir klub dağılır, bunun qarşısı alınmalıdır. Müstəqillik dönəmimizdə 50-dən çox klub dağılıb, ya da dağıdılıb”.
Tahir Süleymanov deyir ki, futbola cavabdeh qurumlar ictimaiyyətin də dəstəyilə bu klubların bərpası ilə bağlı xüsusi proqram hazırlamalıdır:
“Necə ola bilər ki, Mingəçevir kimi futbol ənənəsi, yüksək infrastrukturu olan şəhərin səviyyəli futbol klubu olmasın?! Bu yöndə işlər aparılmalıdır. Qarabağ bölgəsinə gəldikdə isə, əvvəllər mövcud olmuş “Pambıqçı” (Bərdə), “Ərgünəş” (Füzuli), “Xudafərin” (Cəbrayıl) və s. klubları həyata qaytarmaq lazımdır. Məgər bu klublar Qarabağ bölgəsinə aid deyil? Sərhəd bölgəsində yerləşən “Göyəzən” (Qazax), “Avey” (Ağstafa) komandalarını da bura əlavə edək. Ümumiyyətlə, futbol adı gəlirsə, Qarabağ bölgəsi yox, bütün regionlarda klubların dirçəlməsi mütləqdir və bunun üçün də dövlət tərəfindən milyonlar ayrılır. Düzgün iş aparılsa, sponsorlar da futbola maraq göstərər. Belə olmadıqda, bu boşluqlardan istifadə edənlər daim olacaq. İndiki situasiyada Qarabağ adı ətrafında klubların yaradılması təbliğat yox, anti-təbliğat rolunu oynayır”.