Azərbaycan himnini oxumadığına görə Bədavi Hüseynova kapitanlıq sarğısı verilməməlidi?
Martın 26-da futbol üzrə Azərbaycan yığması Türkiyənin Antalya şəhərində Qazaxıstanla yoxlama oyunu keçirib.
Matçının gedişində Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov əvəzlənərkən kapitanlıq sarğısını Bədavi Hüseynova verib. Kapitanlıq sarğısının Bədavi Hüseynova verilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə bu məsələ geniş müzakirəyə səbəb olub.
Bədavi Hüseynov milliləşdirilmiş futbolçudu. O, Dağıstan futbolunun yetirməsidi. Hüseynov Azərbaycan dilini bilmir. Sosial şəbəkələrədə kapitanlıq sarğısının Bədavi Hüseynova verilməsinə etiraz edənlər də məhz onun Azərbaycan dilini bilməməsini qabardırlar. Ölkənin himnini oxuya bilməyən futbolçunun kapitanlıq statusuna qaldırılmasının yolverilməz olduğunu iddia edirlər. Digər bir qisim isə futbolçunun əsas işinin meydanda yüsək səviyyəli oyun sərgilmək olduğunu önə çəkərək, bu məsələdə qəbahət görmədiklərini deyirlər. Onların fikirincə, hər bir insan öz ölkəsinə peşəkarlığı ilə xidmət etməlidi, himn oxumaqla yox.
“Hüseynovun Azərbaycan milli komandasında kapitan olması – təhqirdi”
Futbol meneceri Erkin İbrahimov bu məsələyə “facebook”da yazdığı statusda belə münasibət bildirib: “Milli komandanın “oyunu” bir yana. Bu gün daha bir oyunun şahidi olduq, ikiqat məğlubiyyət aldıq. Sizi bilmirəm, mənim üçün Bədavi Hüseynovun Azərbaycan milli komandasında kapitan olması – təhqirdi. Hər şey bir qırağa, axı dilimizi, himnimizi bilməyən birisi necə olur ki Azərbaycan millisinin kapitanına çevrilir? Prosineçki bu incə məqamdan bixəbərdisə, AFFA rəhbərliyi hara baxır? Dünyada elə bir milli komanda ola bilməz ki, kapitanı təmsil etdiyi ölkənin dilini bilməsin. Və burada legioner məşqçini yox, elə öz AFFA-mızı tənqid etmək gərəkdi!”
“Kapitan dilimizi və himnimizi bilsə, nə olacaq?”
Komanda.az saytının redaktoru Natiq Muxtarlı isə məsələyə fərqli münasibət bəsləyənlərdəndi: “Siz Allah, buraxın “Bədavi Hüseynov dilimizi, himnimizi bilmir, o, necə millinin kapitanı olur” kimi söhbəti. Guya kapitan dilimizi və himnimizi bilsə, nə olacaq? Kərəni kürə edəcəklər? Bəlkə Rövnəq Abdullayev, Elxan Məmmədov, Elşad Nəsirov dilimizdə çiçək kimi danışır, himnimizi boğazları yırtıla-yırtıla oxuyurlar? İndi dünyanın heç bir ölkəsində heç kim belə söhbətlər aparmır. Futbolçunun işi meydanda yaxşı oyun sərgiləməkdir. Onun ölkəsinə xidməti bundan ibarət olmalıdır, himn oxumaqdan yox. Bəlkə nə vaxtsa Messini Argentinanın himnini oxuyan görmüsüz? Dərd ondadı ki, bu gün dilimizi və himnimizi bilən futbolçur yoxdu Bədavi səviyyəsində”.
Yazar Rəbiqə Nazimqızı da məsələyə öz münasibətini açıqlayıb: “Azərbaycan futboluna natiq, dilçi, ədəbiyyatçı, tarixçi yox, futbolçu lazımdı. Himni bilib-bilməməsinə gəlincə, bu, ikinci dərəcəli məsələdir, onun himni ölkəsinin futboludur, bunu bilsə, yetər. Peşəkarlıq olmayanda yerdə vətənpərvərlik saxta, lazımsız və mənasızdır”.
Fransızlardan nümunə götürən italyanlar
Bəs dünyada bu məsələyə münasibət necədi? Himni oxumayan futbolçulara necə baxırlar? Ümumiyyətlə, futbol oyunlarında himnin oxuması nə vaxtdan ənənəyə çevrilib?
Əvvəllər yalnız dövlət əhəmiyyətli tədbirlərdə səslənən himn, vaxt keçdikcə idmana da ayaq açdı.
Hər bir idmançının istər dünya, istər Avropa çempionatı, istərsə də olimpiya oyunları olsun, qatıldığı bütün yarışlarda bir məqsədi olur – çempion olaraq, dövlət bayrağını dalğalandırmaq və himni səsləndirmək. İdmançı bu məqsədinə nail olduqda bir çoxu onun himn çalınan zaman nə etdiyinə o qədər də diqqət yetirmir. Bəziləri ağlayır, bəziləri gülür, bəziləri səssizcə himnə qulaq asır, bir qismi isə fəxrlə himni oxuyur. İdmançının himni oxumaması o qədər də diqqət çəkmir. Çünki o, artıq ən çətin olan vəzifənin – çempionluğun öhdəsindən gəlib. Ancaq komanda idman növlərində, daha da dəqiqləşdirsək, futbolda vəziyyət bir qədər fərqlidi. Futbol yarışlarında milli komandalar meydana çıxarkən dövlət himni mütləq səslənməlidi. Bu zaman futbolçular diqqət mərkəzinə düşür. Futbolçuların himnə müxtəlif münasibəti son illər əsas müzakirə mövzusudu. Əvvəllər o qədər də diqqət yetirilməyən məsələ 90-cı illərdən etibarən əsas müzakirə obyektinə çevrildi.
Məsələn, 1998-ci ilə kimi heç kim İtaliya millisinin futbolçularının oyundan öncə himni oxuyub-oxumamasına ciddi maraq göstərmirdi. İtalyanlar hər nə qədər vətənpərvərlikləriylə tanınsalar da, bu ölkədə hətta azarkeşlər arasında belə himnin sözlərini bilməyənlər var idi. Məhz buna görə, 90-cı illərin sonlarında millinin oyunu zamanı stadionlarda azarkeşlərə İtaliya himninin sözləri yazılmış vərəqlər paylanırdı.
İtaliya millisinin futbolçularından himni oxuyanı da var idi, oxumayanı da. “Skuadra adzurra”nın sabiq qolkiperi Canluka Palyuka himn oxunarkən daha çox saqqız çeynəməsiylə yadda qalmışdı. Millinin kapitanı Paolo Maldini isə ümumiyyətlə, ağzını da açmırdı. İctimaiyyət də buna göz yumurdu. Ta ki, DÇ-1998-in Fransa ilə 1/4 final matçına qədər. Həmin matçda italyanları oyunsonrası penaltilərdə məğlub edən fransızların matçdan öncə “Marselyoza”nı (Fransanın dövlət himni) bir ağızdan oxuması, Appenin yarımadasında qısqanclıqla qarşılanmışdı. Məğlubiyyətin əsas səbəbi kimi futbolçuların himni oxumaması göstərilmiş, buna görə mətbuat yığma üzvlərini kəskin tənqid etmişdi.
Kristian Vyeri : “Mən artıq himn barədə söhbətlərdən bezmişəm”
DÇ-2002-də isə sanki İtaliya millisinin üzvləri himni boykot etmişdi. Yaponiya və Cənubi Koreyada təşkil edilmiş dünya çempiontının Ekvadorla qrup oyununda komandasının qələbəsinə 2 qolla töhfə verən Kristian Vyeri oyundan sonra belə danışmışdı:
“Mən artıq himn barədə söhbətlərdən bezmişəm. Yəqin ki, bu məsələ ancaq bizim ölkədə belə geniş müzakirə olunur. Başa düşə bilmirəm, insanlar bütün dünyanın bizə güldüyünü görmürlər? Biz azad ölkədə yaşayırıq. Kim istəyər himni oxuyar, kim istəməzsə oxumaz”.
Ancaq DÇ-2006-da mənzərə fərqli idi. Almaniyada keçirilən dünya çempionatında 4-cü çempionluğunu qazanan “Skuadra adzurra”nın üzvləri demək olar, hər oyunda himni bir nəfər kimi oxuyurdular.
İtalyanlar fransızları nümunə göstərdiyi kimi, almanlar da İtaliya millisinə həsəd aparırdılar. AÇ-2012-nin yarımfinalında İtaliyaya məğlub olaraq mübarizəni dayandıran almanlar, futbolçuların himni oxumamasını tənqid etmişdilər. Bu ölkənin siyası partiyaları və mətbuatı əsasən millinin şərəfini qoruyan Məsut Özil, Lukas Podolski, Sərdar Taşçı, Sami Kxedira kimi qeyri-almanları “qaralamışdılar”.
“Panterlər”in himni oxumayan türk əsilli üzvü İlkay Gündoğan məsələyə belə münasibət bildirmişdi:
“Mən himni oxumuram, çünki bu vaxt oyuna köklənirəm. Fikrimcə, biz bu məsələdə tolerant olmalıyıq. Hamı himni oxumaq məsələsində azad olmalıdı. Himni oxuyub-oxumamağın sənin meydandakı oyununa heç bir təsir etməyəcək. Əsas olan, meydanda nə qədər can qoymağındı”.
Tənqidlərdən sonra Sami Kxedirada nisbətən irəliləyiş görülsə də, digər əcnəbi oyunçulardan yenə səs çıxmadı. Almaniya yığması DÇ-2014-ün qalibi olduqda isə heç kim himnin oxunmamasını yada salmadı.
Platini : “Mən “Marselyoza”nı oxuya bilməzdim”
Himnlə bağlı bəlkə də, ən çox qalmaqal yaşanan ölkə Fransadı. Buna səbəb, “xoruzlar”ın da heyətində Almaniya yığmasındakı kimi çoxlu “gəlmələr”in olmasıdı.
Maraqlıdı ki, Fransa millisinin əcnəbiləri himni oxumamalarının əsas səbəbi kimi heç də oyuna köklənməni göstərmirlər. Məsələn, Fransa yığmasının sabiq hücumçusu Nikola Anelka “Fransa himnini heç vaxt oxumaq istəməmişəm. Buna görə mənə çox təzyiqlər olurdu. Ancaq mən sonadək himni oxumamaq qərarımda qaldım”- sözlərini demişdi.
UEFA-nın prezidenti, illərlə Fransa millisinin şərəfini qorumuş Mişel Platini isə məsələ barədə belə danışmışdı:
“Millidə oynadığım zaman heç vaxt “Marselyoza”nı oxumamışam. Çünki mən oyundan öncə bu himni oxuya bilməzdim. Mənim üçün “Marselyoza” hərbi marşdı. Futbol isə müharibə yox, oyundu.
Ancaq himni oxumamağım o demək deyil ki, mən onunla fəxr etmirəm”.
Erik Kantona: “Himni oxumaqla fransız olmursan”
Fransa millisinin əfsanəsi Zinəddin Zidan da heç vaxt Fransa himnini səsləndirməyib. Əlcəzairli oyunçuyla yanaşı, “üçrənglilər”in sabiq futbolçusu Kristian Karambö də “Marselyoza”nı oxumaqdan imtina etmişdi. Ancaq Karambönün özünəməxsus səbəbi də var idi. Belə ki, əslən Yeni Kaledoniyadan olan sabiq futbolçu, 1931-ci ildə həmyerlilərinin Paris muzeyində əşya kimi sərgilənməsinə etiraz əlaməti olaraq millinin heyətində meydana çıxdığı 53 oyunun heç birində Fransa himnini oxumamışdı.
Fransızların son “qaraladığı” futbolçu isə əlcəzair əsilli hücumçu Kərim Benzemadı. Son vaxtlar millidəki komanda yoldaşı Matye Valbuenanı şantaj edən şəxslərlə əlbir olmaqda günahlandırılan Benzema, “Marselyoza”nı oxumadığına görə, yerli siyasətçilər tərəfindən kəskin tənqid edilirdi. Hətta siyasətçilərdən bəziləri hücumçunu yığmadan kənarlaşdırmağı da təklif edirdilər. Benzema bir müddət öncə yenə qınaq obyektinə çevrildi. O, bu dəfə “Real”ın La Liqa oyunundan öncə Parisdə həlak olanların xatirəsinə səsləndirilən Fransa himni qurtaran kimi yerə tüpürməsiylə gündəmə gəldi.
Benzema özü isə açıqlamalarında heç vaxt Fransa himnini səsləndirməyəcəyini deyib.
Fransa millisinin sabiq üzvü Erik Kantona məsələyə belə münasibət bildirib:
“Himni oxumaqla fransız olmursan. Nə mən, nə də Platini Fransa himnini oxumurduq. Ancaq bu, heç bir problem yaratmırdı”.
Lionel Messi “Himni hiss etmək üçün oxumağıma gərək yoxdu”
Bir müddət öncə isə Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi vətənini sevməməkdə ittiham olundu. Buna səbəb Leonun “selesta”nın oyunlarında himni oxumaması idi.
Messinin himni oxumaması barədə suala cavabı belə olmuşdu:
“Himn? İnsanlar fikirləşmədən səni tənqid edəndə, adam bezir. Mən görüntü naminə himni oxumayacam. Himni hiss etmək üçün oxumağıma gərək yoxdu. Hər bir şəxs himni özünəxas tərzdə hiss edir, duyur. Yığmada oynayarkən mən həmişə qələbəyə köklənirəm”.
Himni oxumadığına görə millidən kənarlaşdırılan futbolçu da olub. Belə ki, Serbiya millisinin bosniyalı futbolçusu Adem Lyayiç himni oxumaqdan imtina etdiyinə görə, millidən uzaqlaşırılsa da, sonradan geri qaytarılmışdı.
İspaniya millisinin katalon üzvü Serxio Buskets də son açıqlamalarından birində heç vaxt İspaniyanın himnini oxumayacağını bildirib.
Bu məsələdə son nöqtəni isə İsveç millisinin üzvü Zalatan İbrahimoviç qoydu. O, İsveç himnini oxumamasına çox sadə səbəb göstərdi – bəyənmirəm:
“İsveç himnini oxumuram, çünki onu bəyənmirəm. Bu himni heç vaxt bəyənməmişəm, ona görə də, oxumamaq qərarına gəldim.
Mən isveçli və İsveç millisinin kapitanı olmağımla fəxr edirəm. Ancaq heç kim məni bu himni oxumağa məcbur edə bilməz”.
Bax belə, himnlə bağlı Avropanın inkişaf etmiş ölkələrində baş verən qalmaqallar, ünlü futbolçuların himnə münasibəti barədə az da olsa məlumat verdik. Himnə etinasız münasibət bəsləyən məşhur futbolçular öz ölkələrinə dünya və Avropa çempionluqları qazandırıblar. Ona görə də Bedavinin himn oxumamasını normal qarşılayanları bir məsələ düşündürür:Azərbaycan himnini oxumadığına görə Bədavi Hüseynova kapitanlıq sarğısı verilməməlidi? Bəlkə Azrbaycana Bədavinin himn oxuması yox, meydanda yüksək səviyyəli futbol sərgiləməsi daha çox lazımdı?!