”Əlverişli kreditləşmə olmadığından kənd təsərrüfatının sığortalanması səmərəsizdir”
İyulun 6-da Maliyyə Sabitliyi Şurası aqrar sənaye kompleksinin maliyyələşdirilməsinə dair fəaliyyət planını təsdiq edib.
Sənəddə aqrar sektorun maliyyələşdirilməsinin təkmilləşdirilməsi, innovativ və girovzus kreditləşdirilməsi mexanizmlərinin hazırlanmasının vacib olduğu deyilir:
“Tapşırığı bu ilin aprelində almışıq. Ötən ilin dekabrında prezidentin 1138 saylı fərmanı ilə təsdiq edilmiş “Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Emalı üzrə Strateji Yol Xəritəsi” əsasında müfəssəl və ətraflı sənədi təsdiq etməli idi. Hökumətin səsləndirdiyi çox sayda planın həyata keçirilməsi yolunda aqrar sektorun maliyyələşdirilməsinin və sığortalanmasının maneə olaraq qaldığını demək olarmı? Yüksək risklərlə əlaqədar bu sahə heç vaxt kredit-maliyyə təşkilatlarının böyük marağına səbəb olmayıb. Bu faktı aqrar kreditlərin ümumi kreditləşmə həcmində xüsusi çəkisinin yüksək olmaması göstərir. Ötən ilin yekunlarına görə, kənd təsərrüfatına 441,3 mln. manat yatırılıb. Ümumi kreditləşmə həcmində onun xüsusi çəkisi 2,7 faizdir. Azərbaycan Mərkəzi Bankının rəsmi rəqəmlərinə görə, 2014-cü il rekord ili olub. Həmin ildə aqrar sənaye banklardan 847,3 mln. manat borc alıb. Ümumi kreditləşmədə onun xüsusi çəkisi 4,3 faiz olub”.
Sənəddə deyilir ki, kənd təsərrüfatının səlahiyyətli banklar və özəl qurumlar vasitəsilə ümumi kreditləşməsi bu sahədə kredit-maliyyə təşkilatlarının iştirakının aşağı səviyyədə olduğunu göstərir:
“Yaranmış vəziyyətin keyfiyyətli dəyişməsi istiqamətində kompleks tədbirlərə ehtiyac var. Bu problemin həlli üçün “Kənd Təsərrüfatı Məhsullarının İstehsalı və Emalı üzrə Strateji Yol Xəritəsi”nin birinci prioritet istiqaməti çərçivəsində girovsuz kredit verilməsi sisteminin yaradılması imkanları dəyərləndirilir. Buna görə Kreditlərə Zəmanət Fondu yaradılır. Bu arada, mütəxəssislərin fikrincə, yaxın gələcək üçün belə bir yanaşma şübhə doğurur. Onlar ölkənin kredit-maliyyə sisteminin buna hazır olmadığını deyirlər”.
Məlumatda bildirilir ki, bankdan pul götürən fiziki və ya hüquqi şəxs kredit borcunu ödəyə bilmirsə, bu aidiyyatı təşkilat kredit-maliyyə qurumunun pulunu qaytarmağa zəmanət verir. Əslində bu yanaşmanın səbəbi səlahiyyətli kommersiya banklarının yüksək riskləri ilə izah olunur. Belə ki, ASK kreditləşməsi zamanı kreditorlar üçün qeyri-müəyyənlik səviyyəsi kifayət qədər yüksəkdir. Elə fermer təsərrüfatları üçün vəsait götürülməsi ehtiyacı da.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Fuad Əlizadə Kreditlərə Zəmanət Fondunun yaxın gələcəkdə bu problemi həll edəcəyinə inanmır:
“Bank sisteminin bugünkü vəziyyəti buna imkan vermir. Mərkəzi Bankın milli valyutanın məqbul məzənnəsini qoruyub saxlamaq və inflyasiyanın qarşısını almaq cəhdini rəhbər tutaraq, dövriyyədəki pul kütləsini azaltmasını müşahidə edirik. Nəticədə kommersiya maliyyə təşkilatları real iqtisadiyyat sektorunu kreditləşdirə, o cümlədən aqrar sənayeyə kredit verə bilmir. Bundan başqa, risklərdən qorxan banklarımız istehlak krediti həcmini azaldıblar. Bu isə kredit-maliyyə sahəsinin durğunluğunun göstəricisidir”.
Fuad Əlizadə yerli aqrar sənayenin inkişafı üçün “kompleks” tədbirlərin vergilərdə dəyişikliklər, əsaslı gömrük islahatı və fermer təsərrüfatlarının subsidiyalaşdırılması ilə başladığını xatırladır:
”Amma sahənin prioritet kimi elan edilməsinə və səs-küyə səbəb olmuş subsidiyalaşdırma mexanizminə baxmayaraq, yerli fermer təsərrüfatlarının indiyədək risklərdən zəmanəti yoxdur. Subsidiyalar o qədər də vacib deyil, fermer təsərrüfatlarının saxlanması risklərə inkişaf edib və səmərəli zəmanət institutuna ehtiyac duyur”, – deyə F.Əlizadə bildirir.
O hesab edir ki, yerli fermerin əsas problemləri inkişaf etmiş torpaq bazarlarının olmamasına, kənd təsərrüfatı təyinatlı torpaqlardan məqsədəuyğun istifadə olunmaması hallarına və sığorta məhsullarının az tətbiq edilməsinə söykənir:
“Bu zaman kənd təsərrüfatının sığortalanması, ilk növbədə, əlverişli kreditləşmə şəraitinin olmaması səbəbindən səmərəsiz olaraq qalır. Qeyri-bank kredit təşkilatlarının (QBKT) verdiyi borclar fermer təsərrüfatlarının maliyyə tələbatını ödəmir. Təbii risklər və digər risklər, mövcud borclar üzrə faizlər, bütünlükdə isə bu məsələyə kompleks yanaşmanın olmaması vəziyyəti daha da çətinləşdirir. ASK-nin kreditləşdirilməsi səviyyəsinin artırılması qərarının bu vəzifəni həll edəcəyini düşünmək olardı, amma bank kreditləşməsinin durğunluğu ilə yanaşı, fermerin sığortalanması sisteminin özü çox zəif inkişaf edib. Sığortalanma proseduru bahalı müəssisədir və bir çox fermerlərin bunun üçün vəsaiti yoxdur. Əslində, ASK-nin sığortalanması sahəsində yaranmış vəziyyətin indikatoru regionlarda sığorta şirkətlərinin və ya onların nümayəndəliklərinin olmamasıdır. Kənd təsərrüfatında risklər təbii-iqlim amilləri ilə şərtlənib. Buna görə də çox vaxt onların proqnozlaşdırılması mümkün olmur. Bundan başqa, səmərəli fəaliyyət üçün sığorta şirkətlərinin təkcə yerlərdə nümayəndəlikləri deyil, müvafiq mütəxəssisləri də olmalıdır”.
Bundan başqa, Fuad Əlizadə deyir ki, aqrar sığortalanmanın inkişafına obyektiv və subyektiv amillərin mane olduğu etiraf olunurdu:
“Bizim kənd təsərrüfatı reallığında fermerin iş şəraitinin həddindən artıq əlverişsiz olması ilə əlaqədar sığortalayanın və sığortalananın məsuliyyəti arasında incə sərhədi müəyyən etmək çətindir. Bu problemin həllinə Sığorta Halları Reyestri kömək etməli idi. Amma bu da kifayət etmir. Qarşıda duran qızğın fəaliyyətdə kənd təsərrüfatı sahəsində investisiyalara xüsusi yer ayrılır. Belə ki, kənd təsərrüfatı müəssisələrinin istehsalatın aparılması üzrə dəyişən şərtlərə uyğunlaşmasının əsas istiqaməti istehsalat sistemlərinin restrukturizasiyasıdır. Bu zaman zəruri struktur dəyişikliklərini təmin edən investisiyalar olmadan optimal fəaliyyət parametrləri qeyri-mümkündür. Bununla əlaqədar olaraq, kənd təsərrüfatında investisiya prosesinin fəallaşdırılması problemi xüsusilə kəskinləşir və aktuallaşır. Amma orta, xüsusən də kiçik fermer təsərrüfatları investisiyalara ümid bəsləməli olmayacaq”, – deyə ekspert qeyd edir.