Bu ərazidə yaşayan əhali mahiyyətdən daha çox görüntüyə qədir-qiymət qoyur.
Misal? Buyurun, özünüz düşünün və nəticə çıxarın:
Dövlətimiz ərazi bütövlüyünü itirib və bərpa etməkdə tam acizdir. İqtisadi siyasətimizin əsas qaydalarını xarici qüvvələr müəyyənləşdirir. Hakim zümrə pulunu və balalarını xaricə qaçırır, çaldığı pulun mühüm hissəsini ölkəyə deyil, daha etibarlı saydığı xarici ölkələrə yatırır.
Bununla bərabər, ölkədə ən təmtəraqlı rəsmi bayram Dövlət Bayrağı günüdür. Bu bayrağa şeir qoşurlar, nəğmə oxuyurlar, onu müqəddəsləşdirirlər. Onunla fəxr edirlər. Bu mərasimə xüsusilə gənc nəsli qoşub onun beynini doldurlar.
Deyən yoxdur ki, bayraq sadəcə bir rəmzdir, onun təcəssüm etməli olduğu ülvi dəyərlər əgər ölkədə həyata keçmirsə, demək, bu bayraq bir parça əskidən başqa bir şey deyil. Daha anlamırlar ki, bu bayraq kateterdir, onu millətin damarına qoşub qanını sorurlar. Millət bayrağa alqış deyə-deyə bihal olur.
Hakimiyyət Dövlət Bayrağı bayramının mahiyyəti barədə dürüst fikir söyləyənin gözünü ovcuna tökər, əksəriyyət də bu cinayəti vətənpərvərlik nümunəsi sayar.
Bu ərazidə yaşayan əhalidən soruşsan, deyər ki, Azərbaycanın Konstitusiyası var. Konstitusiya əksər dövlətlərdə hamı üçün ali qanun sayılır. Amma bizdə yox, bizdə o, görüntüdür.
Bizdə ən ali qanun prezidentin əmridir. Nə əmr versə, o da ali qanundur. Prezidentin əmri olan yerdə Konstitusiya heç kəsin yadına belə düşmür. Kimsə sadəlövhlük edib desə ki, “prezidentin bu əmri Konstitusiyaya ziddir”, onu səfeh sayarlar və sözlərinə heç fikir də verməzlər.
Niyə? Çünki bizdə Konstitusiyaya hörmət ənənəsi heç vaxt olmayıb və belə getsə, olmayacaq da.
Özünüz deyin: Qacarlar məmləkətində Konstitusiya var idi? Cəmi yüz il bundan əqdəm, Nikolay padşahın dövründə, xalqımız Konstitusya nədir, bilirdi? Təbii ki, yox. Qanun nədir, hətta insaf barədə danışana hamı çımxırırdı ki, “padşahın üzünə ağ olma!”
Bolşeviklərin dövründə Konstitusiyanı hərləyən var idimi? Sovet dövrünün ən işləyən meyarı “Sən rəissən – mən axmaq, mən rəisəm – sən axmaq” – idi. Belə meyar işləyən yerdə Konstitusiyanın bütün maddələrini rəis adlanan kəsin dəyərli göstərişləri əvəz edirdi.
Beynəlmiləlçi bolşeviklərdən sonra bir illiyə milli-bolşeviklər hakimiyyətə gəldi. Həmin bir ili yada salan kəs, Konstitusiya deyəndə, gərək bir dəsmal götürüb gözünün yaşını silsin.
Sonra isə AXC Ulu öndəri hakimiyyətə dəvət etdi. Ulu öndər xalqı çalışdırmaq üçün Konstitusiyanın palan qədər vacib olduğunu gözəl bilirdi. Ona görə də elə bir Konstitusiya biçdi ki, həm öz boyuna, həm də xələfinin boyuna tam uyğun gəlsin.
Gəlməyinə gəlir, lakin gəlməyəndə onsuz da çox rahat keçinirlər.
Uyuşmazlıq gözə girəndə isə məcbur olub bir ümumxalq sorğusu keçirirlər və əhali böyük ruh yüksəkliyi ilə palanın özü üçün daha sərt, süvari üçün daha rahat olmasına səs verir.
Bakıda prezidentin sözü qanundur, əyalətdə “icra hakimiyyəti başçısı”nın. Nə paytaxtda, nə də əyalətdə heç kəs Konstitusiyanı xatırlamır.
Xatırlayan adama isə əhali ya riyakar demaqoq, ya da səfeh romantik kimi baxır.
Hamı dəqiq bilir ki, “Konstitusiya boş şeydir, başı ağrıtmağa dəyməz”.
Demək, evdə bişməyib, qonşudan gəlməyib, heç kəs dadına baxmayıb, nə olan şeydir, bilməyir, bəs onda məxluqata nə gəlib ki, bilmədiyi, dadmadığı, qanmadığı şeyin dalınca düşsün?
“Babalarımız Konstitusiyasız yaşamışdı, gözəl də yaşamışdı, əsl kişi kimi yaşamışdı, biz də yaşayarıq, bizə heç nə olmaz. O gün bir fransız gəlmişdi, özüm ölüm, dedi ki, Azərbaycanda yediyi meyvənin dadını Fransada heç vaxt dadmayıb. Dedi ki, sizin mətbəx fransız mətbəxindən də zəngindir”!
Bəli, belə-belə işlər.
Düzdür, bizdə olan Konstitusiya keyfiyyətcə pisdir, lakin həm də işləmir.
İşləməməsi bəs deyil, onu yada salanı az qala öldürürlər. Neçə “A-zad-lıq”” çığıran gənci döyüb həbs ediblər!?
Qanunpərəst insanların ayaq altına salınması bizdə qədim milli idman növüdür. Belə insanların dördnala çapması və cıdır zamanı yıxılıb canını tamaşaçılara bağışlaması bizim tariximizdə ən çox rast gəlinən qəziyyədir.
Fikir versəniz, görərsiniz ki, millətin dərsliklərə saldığı bütün tanınmış ziyalıları məhz belə cıdır yarışları zamanı dünyadan köçüblər. Bu ərazidə məskunlaşmış məxluqat həmin insanların öz ömür yollarında “Qanun! Qanun!” fəryadı çəkə-çəkə yortmasına, sonra isə hansı andasa yerə sərilib canının çıxmasına kənardan tamaşa edir, bir müddət sonra isə onları “millətin fəxri” adlandırır və meydanda heykəllərini qoyur.
İşləyən və demokratik Konstitusiya hakim zümrə üçün ən böyük təhlükədir. Bu təhlükəni sovuşdurmaq üçün dövlət adlandırılan cəbr aləti gecə-gündüz düşünən və danışan insanlara qarşı zopa kimi istifadə olunur.
Əvvəla, bu insanlar təcrid edilir, onlar pislənir, onlara qara yaxılır, həyatları dözülməz hala gətirilir. Ya başını götür ölkədən get, ya da məhbəsə atılacaqsan. İstəmirsən? Onda sus! Kəs səsini! Danışma! Xamuş!
Belə insanların toplaşa bilməməsi üçün vətəndaş cəmiyyəti deyilən qurumlar ya məhv edilir, ya da satın alınıb zərərsizləşdirilir. Müxalifət adlanan partiyalar dağıdılır, satın alınır, qadağan və təqib edilir, ta ki, ya əhlilləşib müti nökərə çevrilirlər, ya da bihal olub qeybə çəkilirlər.
Danışan dillər kəsilir, söz qadağan edilir, səsin və sözün yayılmaması üçün bütün KİV nəzarətə götürülür. Ya müflis edilir, ya satın alınır. Susmayan məhbəsə atılır.
Nə çoxdur bəhanə: narkotik, qanunsuz silah, çeviliş cəhdi, dini ekstremizm və sair dilxoşluqlar…
Konstitusiyaya qarşı ağır döyüşlərdə birinci səfdə ədliyyə işçləri, hakimlər dağ kimi dayanıblar. Qolları qandallamaqda, dilləri kəsməkdə onların tayı-bərabəri yoxdur. Zülm səltənətimizin dayağı hakimlərdir.
Nəhayət, zülmün əsas istinadgahı millətin özüdür. “Zülmün astarı səbirdir”! Dünyada hər şeyə, bütün məna və meyarlara yad və yabançı olan məxluqat Vətənə, Ləyaqətə, Şərəfə və Gələcəyə biganəliyi ilə istənilən zülm üçün ən münasib şəraiti yetişdirir və yaradır.
Cəhənnəmə təftiş gəlir. Baxıb görürlər ki, bir tonqalın üstündə bir qazan qaynayır, üstündə qapaq, qapağın üstündə yekə bir daş. Soruşurlar ki, qapağının üstünə daş qoyulmuş bu qazanda kim qaynayır? Deyirlər ki, yəhudilərdir, biri çıxsa, başqalarını da dartıb çıxaracaq.
Başqa tonqalın üstündə qapaqsız qazan qaynayır. Soruşurlar bəs bunun niyə qapağı yoxdur? Deyirlər ki, burada müsəlmanlar qaynayır, kimsə çıxmaq istəsə,özləri ayağından dartıb geri salacaqlar.
Müsəlman nədir, Konstitusiya nədir? Bir müsəlman ölkəsi var idi, Türkiyə, fəxr edirdik ki, orada demokratiya var. Nə oldu? Darbə, əks-darbə və sair hakimiyyət davaları…
Nə etməli? Cavab aydındır.
Ya lal-dinməz bu zillətə dözməli, ya başımızı götürüb cəlai-vətən olmalı, ya da canımızı dişimizlə tutub bu gözü və qarnı doymayan, abır-həya bilməyən zümrə ilə çarpışmalı.
Başqa yol yoxdur. Olanları budur. Buyurun, seçin.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.