Azərbaycan əsgərinin özünü güllələdiyi deyilir

Soldakı hərbçi Əsgərli Aslan, sağdakı hərbçi Ələkbərli Miran

Digər bir əsgərin isə xəstəlikdən vəfat etdiyi açıqlanıb

Azərbaycan Ordusunun hərbçisi Aslan Əsgərlinin özünü güllələdiyi deyilir.

Hadisənin dekabrın 14-də Ağdam rayonundakı N saylı hərbi hissədə baş verdiyi bildirilir.

Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev məlumat yayıb.

F.Əliyev Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirildiyini söyləyib:

“İş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib”.

Aslan Əsgərli 2004-cü ildə Lənkəran rayonunun Liman şəhərində doğulub.

Bu barədə bir neçə saat əvvəl əsgərin dəfnində iştirak edən şəhər icra nümayəndəsi Rövşən Muradov Meydan TV-yə deyib.

O, əsgərin özünü öldürdüyünü təsdiqləyərək əlavə şərh verməyəcəyini bildirib.

Bu gün saat 12:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Miran Ələkbərlinin vəfat etdiyi barədə məlumat yayılıb.

“Qubadlı” Əlahiddə Sərhəd Diviziyasının müddətli həqiqi hərbi xidmətdə olan Miran Ələkbərlinin istirahət zamanı səhhətinin qəfil pisləşdiyi qeyd olunub.

DSX-nin məlumatına görə, hərbi qulluqçuya intensiv tibbi yardım göstərilərək, dərhal Zəngilan Rayon Ağalıkənd Xəstəxanasına çatdırılıb:

“Həkimlərin ciddi səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İlkin rəyə əsasən hərbi qulluqçunun ürəktutmasından vəfat etdiyi ehtimal olunur. Hazırda əsgər Miran Ələkbərlinin ölüm səbəbinin müəyyən edilməsi üzrə müvafiq tibbi ekspertizalar təyin edilib”.

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparıldığı qeyd olunub.

Ana səhifəXəbərlərAzərbaycan əsgərinin özünü güllələdiyi deyilir