Ermənistan tərəf hələ ki rəsmi açıqlama verməyib
“Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub”.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı
məlumat
da belə deyilir.
Bildirilir ki, hadisə iyulun 7-də saat 13:40 radələrində olub: “Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub”.
Nazirlik əlavə edir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur: "Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Ermənistan tərəf hələlik, bununla bağlı açıqlama verməyib.
Müdafiə Nazirliyinin bundan öncə yaydığı məlumatda isə bildirilir ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub. Bir hərbçi yaralanıb.
Ermənistan tərəf isə Azərbaycanı Geğarkunik rayonu ərazisində atəşkəsi pozmaqda ittiham edir.
Bu haqda “Armenpress” ölkənin Silahlı Qüvvələrinin təmsilçisi Samvel Asatryana istinadla xəbər paylaşıb.
Xəbərə görə, insidentin Verin Şorj sərhəd kəndi ərazisində baş verib.
“Ermənistan tərəfdən bir hərbçi yüngül yaralanıb. Bizdə olan məlumata görə, Azərbaycan tərəfdən iki yaralı var”, – Asatryan sözlərinə əlavə edib.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.
Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.
Noyabrın 10-dan, atəşkəs razılaşmasından bu yana Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.