17.57.
Ermənistan Müdafiə Nazirliyi: "Azərbaycan tərəfi dezinformasiya yayır"
Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfin yaydığı məlumatla bağlı açıqlama verib.
Qurum Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını növbəti dezinformasiya adlandırıb.
Açıqlamada bildirilir ki, bu cür məlumatlar Azərbaycan hərbi-siyasi rəhbərliyi tərəfindən qəsdən yayılır.Ermənistan-Azərbaycan sərhəddindəki vəziyyətini gərginləşdirməyə xidmət edir.
***
“40-a yaxın erməni hərbçisi Kəlbəcərin Armudlu kəndi tərəfdən 400 metr Azərbaycan ərazisinə daxil olub”.
Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin
məlumat
ında belə deyilir.
Məlumatda bildirilir ki, hadisə iyunun 1-də axşam saat 8 radələrində olub: “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ərazidən çıxarılıb. Bu zaman silahdan istifadə edilməyib”.
Məlumatda bu hal təxribat kimi dəyərləndirilir və bildirilir ki, hadisənin məsuliyyəti Ermənistanın üzərinə düşür: “Beynəlxalq ictimaiyyətin və Azərbaycan tərəfinin sərhəd məsələlərinin danışıqlar, dialoq yolu ilə həll edilməsi ilə bağlı çağırışlarına zidd olaraq Ermənistan iki ölkənin dövlət sərhədi boyunca vəziyyəti gərginləşdirmək məqsədini güdür. Azərbaycanın dövlət sərhədlərinin pozulması və ölkəmizin ərazisinə Ermənistan silahlı qüvvələrinin müdaxiləsi hallarının qarşısı bundan sonra da qəti tədbirlər vasitəsilə alınacaq”.
Ermənistan tərəf hələlik Azərbaycanın bu iddiası ilə bağlı fikir səsləndirməyib.
Noyabrın 10-dan bəri tərəflər daim bir-birlərini təxribat törətməkdə, sərhəd zolağını və atəşkəsi pozmaqda günahlandırır.
Mayın 12-də Ermənistan tərəf də oxşar açıqlama vermişdi. Həmin açıqlamada bildirilirdi ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr ərazilərinə daxil olub. Azərbaycan Ermənistanın bu iddiasını təkzib etmişdi.
Həmin zaman Ermənistan tərəf Azərbaycanı, Azərbaycan isə Ermənistanı atəşkəsi pozmaqda da günühlandırmışdı. Hətta Ermənistan iki hərbi qulluqçusunun həlak olduğunu da açıqlamışdı. Azərbaycan isə bu günkü açıqlamasında olduğu kimi silahdan istifadə etmədiyini, ümumiyyətlə, atəş açmadığını bildirmişdi.
Ən son, mayın 28-də də isə Azərbaycan açıqlama yaymışdı ki, Ermənistan tərəfin açdığı atəş nəticəsində Naxçıvanda bir hərbi qulluqçu yaralanıb. Bu məlumatı isə Ermənistan Müdafiə Nazirliyi təkzib etmişdi.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlamışdı.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayıldı. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarıldı.
Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirildi.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qaldı.