Azərbaycan Ermənistandan Qarabağa gələn avtomobillərlə bağlı konkret addımlar atır

“Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur”.

Source: Specify Source


Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunun 21 kilometrliyində-Eyvazlı kəndi hissəsindən keçən nəqliyyat vasitələrindən yol vergisi istəyir


Sentyabrın 11-də

Azərbaycan Müdafiə Nazirliyi Rusiya Müdafiə Nazirliyinə məktub ünvanlayaraq digər ölkələrə aid nəqliyyat vasitələrinin rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsinə etiraz edib. Rəsmi Bakı artıq konkret addımlar atır.

Belə ki, Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunun 21 kilometrliyində-Eyvazlı kəndi hissəsindən keçən nəqliyyat vasitələrindən yol vergisi və digər gömrük ödənişlərinin alınması ilə bağlı ötən həftənin sonu yayılan məlumatları təsdiqləyib.

Komitənin sentyabrın 13-də yaydığı məlumatda deyilir ki, Vergi Məcəlləsinin 210-cu maddəsinə istinadən, ölkə ərazisinə daxil olan və ölkə ərazisini tərk edən zaman xarici dövlətlərin avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir:

"Məcəlləyə əsasən, avtonəqliyyat vasitələri yol vergisinə, “Dövlət rüsumu haqqında” qanunun 24-cü maddəsinə əsasən ölkə ərazisində beynəlxalq avtomobil daşımalarını tənzimləyən icazənin verilməsi üçün dövlət rüsumuna cəlb edilir. Hazırda gömrük orqanları tərəfindən qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulan müddəaların yerinə yetirilməsi bütün ölkə ərazisi üzrə təmin olunur".

Bu olay elə bu gün Ermənistan parlamentinin iclasında müzakirəyə çıxarılıb.

“Ayastan” müxalifət fraksiyasından deputat olan Artsvik Minasyan Sünikdəki Gorus-Qafan magistralında baş verənlərin müzakirəsi üçün format tapmağı tələb edib. O, Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatını “dişsiz” adlandırıb və Azərbaycan toponimlərinin işləndiyini vurğulayıb.

Bu barədə Azadliq Radiosunun Erməni xidməti

məlumat

yayıb.

Deputat deyib ki, bir neçə gündür Azərbaycan silahlı qüvvələrinin növbəti qanunsuz hərəkətlərinin şahidi olurlar:

"Təəssüf ki, hakimiyyətin passiv, heç nə ifadə etməyən mövqeyi ortadadır. Milli Təhlükəsizlik Xidmətinin bəyanatı nəinki milli təhlükəsizlik maraqlarımızdan çıxış etmir, dişsizdir və heç nə demir".

417372149.jpeg
Ermənistan parlamenti

Ancaq parlametin sədri Alen Simonyan bu təklifi cavabsız buraxıb.

“Ayastan” fraksiyasından digər deputat Geqam Manukyan spikerdən soruşub ki, hakim çoxluq müzakirəni təşkil edəcək və MTX direktorunu parlamentə dəvət edəcəkmi.

“Bu məsələni format planında müzakirə edərik, təklifin qəbul ediləcəyi istisna olunmur”, – deyə sədr Simonyan vurğulayıb.

Azərbaycan Milli Məclisinin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Aydın Mirzəzadə isə “Turan”a bildirib ki, 10 noyabr sazişi imzalananda Azərbaycan hər şeyin çox rahat və səliqəli gedəcəyini heç də hesab etmirdi:

"Çünki uzunmüddətli çox ağır və mürəkkəb bir problem əsasən həll edilsə də, müəyyən məsələlərin həlli müəyyən zamana qalırdı. Zaman göstərdi ki, bu həqiqətən də belədir. Ermənistanın Azərbaycan ərazilərini hələ də atəşə tutması, sülh sazişindən imtina etməsi, Rusiya sülhməramlılarının müvəqqəti olaraq ərazimizdə yerləşməsi və müəyyən Azərbaycan suverenliyini pozan məsələlər olub".

Deputat qeyd edib ki, Azərbaycan bu məsələləri gizlətmirdi və açıq şəkildə Rusiya tərəfinə və beynəlxalq ictimaiyyətinə bildirmişdi:

"İran maşınlarının Rusiya sülhməramlılarının postundan keçərək həmin əraziyə qeyri-qanuni gəlməsinə Azərbaycan öz ciddi narazılığını ifadə edirdi. Bu barədə əvvəldən də məlumatlar verilirdi, sonra nota verildi. Ümid etmək istəyirik ki, Rusiya tərəfi bu məsələdə bir qayda yaradacaq. Azərbaycan bu məsələyə nə göz yummaq, nə də güzəştə getmək fikrindədir. Biz Rusiya tərəfdən konkret bir addım gözləyirik. Eyni zamanda, İran tərəfi ilə iş gedir. Çünki bu yüklər İrandan gəlir və İran hakimiyyəti bu şirkətlərlə Azərbaycan ərazi bütövlüyünü pozan bir subyekt kimi iş aparmalıdır".

Untitled design (2).png
Aydın Mirzəzadə

Onun sözlərinə görə, son günlər Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda post quraraq həmin maşınların yoxlanmasının özü də Azərbaycanın suveren hüququdur:

"Azərbaycan öz hüquqlarını qoruyur və qoruyacaq. Azərbaycan öz ərazisinə qeyri-qanuni daxil olmanın qarşısını alıb və alacaq. Azərbaycanın qətiyyəti bu tip problemlərin azalmasına və sonda yox olmasına gətirəcək".

Azərbaycan Xarici İşlər Nazirliyi də avqustun 11-də bu məsələ ilə bağlı İran səfirinin bu idarəyə çağırılması haqqında

məlumat

yaymışdı:

“Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim edilib”.

Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.

2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.

44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.

1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.

1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə” Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə “DQMV haqqında” Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.

Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.

Ana səhifəSiyasətAzərbaycan Ermənistandan Qarabağa gələn avtomobillərlə bağlı konkret addımlar atır