AİHM Nazirlər Komitəsini məlumatlandırıb
Martın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi (7 hakimdən ibarət Palata) Məhkəmə Qaydalarının 39.2 bəndinə əsasən, Ermənistan-Azərbaycan arasında baş verən müharibə ilə bağlı verilmiş şikayətlər üzrə Nazirlər Komitəsini məlumatlandırıb.
Həmin məlumatlandırmada bunlar nəzərdə tutulub:
– 29.09.2020-ci ildə qəbul edilmiş, 04.11.2020-ci ildə aydınlaşdırılan hər iki dövlətə ünvanlanan ümumi xarakterli tədbirlərin görülməsinə dair qərar;
– Azərbaycan tərəfindən əsir götürülməsi ehtimal olunan 249 erməniyə münasibətdə müvəqqəti xarakterli tədbirlərin görülməsi barədə qəbul edilmiş 78 qərar.
Müraciətlər dövlətlərarası şikayət üzrə Ermənistan hökuməti və 62 fərdi şikayətlər üzrə verilib.
Vəkil Fariz Namazlı bildirib ki, həmin ermənilərdən 58 nəfəri 2020-ci ilin dekabr ayından 2021-ci ilin fevral ayınadək olan müddətdə geri qaytarılıb.
7 nəfərin isə Ermənistan hökuməti tərəfindən öldüyü rəsmən elan olunub: “Lakin 6 fərdi şikayətçi iddia edir ki, onlar qohumlarının ölümü barədə məlumat əldə etməyiblər və 249 ermənidən 72-si hələ də Azərbaycanda saxlanılır. Azərbaycan hökuməti onların əsirlikdə olmasını təsdiq edib. 112 şəxsə münasibətdə Azərbaycan hökuməti iddia edir ki, əsirlər arasında onları tanımaq mümkün olmayıb. Qaydaların 39-cu bəndi 249 ermənidən 229-na münasibətdə tətbiq edilib. Digər 20 nəfəri öz ölkəsinə qaytarıldığından onlar üzrə qərar dayandırılıb və ya qəbul edilməyib. Azərbaycan hökumətinə həmin şəxslərin saxlanma şəraiti, tibbi müayinəsi, onların öz ölkəsinə qaytarılması barədə görülən işlər barədə məlumat verilməsi təklif edilib”.
Fevralın 19-da isə Seksiyanın prezidenti 41 erməniyə münasibətdə müvəqqəti xarakterli tədbirləri ləğv edib. Onlardan 40-ı öz ölkəsinə geri qaytarılıb, 1 nəfərin qalıqları isə axtarış zamanı aşkar edilib.
Fariz Namazlı deyir ki, beləliklə, qaydaların 39-cu bəndi Azərbaycan tərəfindən əsir götürülməsi ehtimal olunan 188 erməniyə münasibətdə qüvvədə qalıb: “Məhkəmə Azərbaycan hökumətinin tədbirlər görməsi barədə məlumatları vaxtında vermədiyi barədə Nazirlər Komitəsini məlumatlandırmağı qərara alıb. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan hökuməti Ermənistan tərəfindən əsir götürülməsi ehtimal olunan 16 azərbaycanlı barədə Qaydaların 39-cu bəndi üzrə müraciət edib. Onlardan 12-sinin Ermənistan tərəfindən əsir götürülməsi etiraf edilib və 2020-ci ilin dekabrında öz ölkələrinə geri qaytarılıb. Qalan 4 nəfərinin əsir götürülməsi Ermənistan tərəfindən etiraf edilməyib”.
Avropa İnsan Hüquqları Məhkəməsi qərara alır ki, Qaydaların 39-cu bəndini bu işlərə tətbiq etməsin və bu bənd üzrə icraatı dayandırsın: “Məhkəmə Qaydaların 39-cu bəndi ilə bağlı olan gələcək müraciətlərə münasibətdə səlahiyyətlərini saxlayır. Göstərilən tədbirlər başqa qərar qəbul edilənə qədər qüvvədə qalır”.
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlanıb. Noyabrın 9-u, döyüşlərin dayandırılmasına qədər Azərbaycan tərəf 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad etdiyini açıqlanıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin iştirakı ilə atəşkəs bəyanatı imzalanıb.
Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Beynəlxalq sənədlərdə Azərbaycanın tərkib hissəsi kimi tanınan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi isə Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
Yanvarın 11-dək Azərbaycan tərəf vətən müharibəsində həlak olan 2841 hərbi qulluqçusunun dəfn edildiyini açıqlayıb. Eləcə də itkin düşmüş hesab olunan 64 nəfərin fotoşəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim edib. Ancaq bu günədək müharibədə nə qədər hərbçinin əlillik qazanması ilə bağlı rəsmi açıqlama olmayıb.
Azərbaycan tərəf 44 günlük əməliyyat zamanı ölkənin 100-ə yaxın dinc sakininin öldüyünü, 400-dək insanın yaralandığını, 40 mindən çox insanın köçkün düşdüyünü bildirib.
Baş Prokurorluğun isə mülki əhaliyə dəyən zərərlə bağlı açıqlamasında deyilir ki, müharibə zamanı Azərbaycan tərəfində 4186 ev yararsız hala düşüb. Qurum habelə 135 çoxmənzilli yaşayış evinin, 548 mülki obyektin yarsız vəziyyətə düşdüyünü açıqlayıb.
Dağlıq Qarabağdakı eskalasiyada Ermənistanın 3360 hərbi qulluqçusu həlak olub.
Ermənistan Səhiyyə Nazirliyi bildirir ki, hələ də kimliyi müəyyən edilməyən yüzlərlə hərbçi var. Müharibədə 1600 nəfər itkin düşüb, 8300 nəfər yaralı var. Ancaq müharibədə hər iki tərəfdən təxminən 5600-dən çox adamın öldüyü təxmin
edilir
.