Layihə kəmərin keçdiyi digər ölkələrdə – Yunanıstan və Albaniyada da etirazla qarşılanıb
Trans Adriatik Boru kəməri (TAP) Azərbaycanın böyük gəlir mənbəyi olan Xəzər dənizinin təbii qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması üçün əsas vasitədir. Bu layihə həmçinin, Avropanın qaz bazarlarında Rusiyanın mövqeyinin zəiflədilməsi strategiyası üçün məhək daşı rolunu oynayır. Ancaq layihə yerli ekoloji fəalların sərt etirazı ilə qarşılanıb.
Boru kəmərinin yolu İtaliyanın turizm sənayesi üçün gözəl kənd landşaftına malik Puqlia bölgəsindən keçir. Bu ərazidə təmiz çimərliklər və qədim zeytunluqları olan torpaqlar yerləşir.
Bu vəziyyət qlobal enerji maraqları ilə yerli ekoloji aktivistlər arasında qarşıdurma yaradıb. İtaliyada keçirilən və mərkəzi hökumətlə bölgələr arasında hakimiyyət bölgüsünü də səsə qoyulduğu dekabr referendumu ilə layihənin əleyhdarları olan aktivistlər müvəqqəti də olsa üstünlük qazana bildilər.
Boru kəməri 20 faiz paya sahib Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə şirkətlər konsorsiumu tərəfindən tikilməkdədir. Layihənin bir hissəsi maliyyənin təsdiqi üçün ekoloji və sosial təsirlərin dəyərləndirilməsini tələb edən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. İtaliya hökuməti layihəni 2014-cü ildə təsdiqləyib və boru kəmərinin vurduğu zərərləri minimuma endirməsi üçün konsorsiuma 50-dən çox şərt qoyub.
Bir il sonra İtaliyanın İqtisadi İnkişaf Nazirliyi bütün tələbləri yerinə yetirdiyinə görə konsorsiuma sertifikat da verib. Amma boru kəmərinin quruya çıxacağı Melenduqno bölgəsinin meri və Puqlianın yerli hökuməti də daxil olmalqa, müxtəlif dövlət rəsmiləri mərkəzi hökumətə etiraz edir və israrla layihə ilə bağlı narahatlıqlarının olduğunu bildirirlər.
Ən mübahisəli məsələ isə konsorsiumun boru kəməri tikilərkən 1900 zeytun ağacının olduğu kiçik meşə sahəsini köçürməsi, iş bitəndən sonra da geri salması ilə bağlıdır. Amma 100-dən çox yaşı olan zeytun ağaclarının köçürülməsinin incə iş olduğunu deyən yerli hökumət rəsmiləri hesab edir ki, boru kəmərinin tikintisini həyata keçirən konsorsiumun bu işi təhlükəsiz şəkildə həyata keçirəcəyinə dair adekvat planı yoxdur. Onlar boru kəmərinin sonuncu dayanacaq – San Basilioya çıxarılmasına dair narahatlıqlarının olduğunu da bildiriblər.
İtaliya TAP layihəsinə qarşı etirazların olduğu yeganə ölkə deyil. Layihə kəmərin keçdiyi digər ölkələrdə – Yunanıstan və Albaniyada da etirazla qarşılanıb. Amma layihənin dayandırılması şansının olduğu yeganə ölkə İtaliyadır. Boru kəmərinin tikintisi ilə bağlı cari planlara etiraz edən şəxslər və təşkilatlar arasında populist “5-Star”(5-Ulduz) Hərəkatı da var.
“Onlar Puqlianın istənilən yerinə gəlib boru kəmərini tikməyə başlasalar, hətta ordularını belə gətirsələr, bir də öz ordumuzu onların qarşısına düzəcəyik”, – deyə hərəkatın lideri Beppe Qrillo, 2014-cü ildə deyib.
Boru kəmərinin tikintisinə davamlı olaraq arxa çıxan İtaliyanın mərkəzi hökuməti bu cür enerji layihələri ilə bağlı yerli hökumətlərin razılığını almadan qərar vermək gücünə sahib olmaq üçün ümidlərini dekabrın 4-də keçirilən referenduma bağlamışdı. Referendum baş tutmadı, etirazlar isə davam etdi.
“Layihə ilə bağlı irəliləyiş yoxdur, müqavimət əsaslı ekspert analizinə dayanır, texniki məsələlər həll olunmayıb və siyasi konsensus əldə olunmayıb”,- müxalifətə dəstək verən “Re: Comma” ekoloji qrupunun enerji məsələləri üzrə təbliğatçısı Elena Qerebizza “eurasianet.org”a deyib.
Melenduqno meri Marko Poti isə deyib ki, mərkəzi hökumətin referendumun nəticələrindən dərs alacağını gözləsə də, bu, baş vermyib. O, şikayətlənərək bildirib ki, Roma TAP tərəfindən işğal olunub.
“Mənim bələdiyyəmdə referenduma “yox” cavabı verildi. Biz fikirləşirdik ki, bu cavab Romaya siqnal göndərəcək”, – Poti deyib.
“Əvəzində… heç nə baş vermədi. Nazirlər elə həmin adamlardır, layihənin detalları redaktə olunmayıb, ələlxüsus da xarici korporasiya hökuməti ələ alıb”.
Azərbaycan isə İtaliya müxalifətinə cavab verərək konsorsiumun ekoloji tələblərlə uzlaşmaq üçün geri addım atdığını bildirib. “Bu siyasi məsələdir. Bir neçə yüz zeytun ağacının ölkənin əldə edəcəyi nəhəng gəlirlərdən daha çox fayda verəcəyinə heç kim inanmaz,” – boru kəmərinin inşasında çalışan azərbaycanlı rəsmi şəxs anonimliyinin qorunması şərti ilə”eurasianet.org”a danışarkən belə deyib.
SOCAR-ın vitse-prezidenti Vitali Bəylərbəyov isə bildirib ki, yerli İtaliya müxalifəti layihənin reallaşmasını risk altına qoyur.
Heç bir sübut olmasa da, Azərbaycan uzun müddət etirazların arxasında Rusiyanın dayandığı ehtimalı üzərində düşünüb.
“TAP-a qarşı kampaniya Rusiyanın xeyrinədir”, – SOCAR-ın digər vitse-prezidenti Elşad Naşirov deyib.
2014-cü ildə NATO-nun baş katibi Andres Foq Rasmussen demişdi ki, Rusiya dezinformasiya əməliyyatları ilə dırnağarası QHT-lər və ərtaf mühitin mühafizəsi ilə məşğul olan təşkilatlarla şist qazına qarşı aktiv kampaniya aparır və aydın görünür ki, Avropanın rus idxal qazından asılı qalmasına nail olmaq istəyir. Rasmussen bu haqda əlində fakt olmadığını da bildirib: “Bu, mənim gəldiyim nəticədir”.
Bu arada, İtaliya parlamentinin deputatı Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabata etiraz etməsi müqabilində 2 mln dollar rüşvət aldığına görə istintaqa cəlb olunub. Bunun da boru xətti tikintisinin təsdiqini təhlükə altına salması mümkündür.
Azərbaycan həmçinin, barışmaz italyanları razı salmaq üçün Amerikaya da müraciət edib. İtaliyada səsvermədən dərhal sonra ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun Avropa ofisi, Qərb Yarımkürəsi və Afrika üzrə direktoru Uilyam Silkvors (William Silkworth) Bakıya səfər etmişdi. Energetika Nazirliyinin yaydığı press-relizə görə, nazir Natiq Əliyev Silkvors TAP layihəsi ilə bağlı problemlərin aradan qaldırılması üçün siyasi dəstək istəyib.
Poti deyir ki, beynəlxalq danışıqların bir hissəsi Meleduqnoya da çatmışdı.
“Digər proyektlər və xarici strukturlarla birlikdə bizim TAP-la da müqaviləmiz var” – deyə o bildirib. O, əlavə edib ki, proyekt inkişaf etdikcə, TAP konsorsiumu ilə münasibətlər pisləşməyə başlayıb: “Əvvəlcə biz onlarla razılaşdıq, ancaq onların yanlış taktikalarını görəndə biz bütün münasibətləri kəsdik… Bu proyekt yanlış, strateji əhəmiyyəti olmayan və bu ərazilərlə müqayisə edilməyəcək bir layihədir”.
Etirazların olması layihəyə xitam veriləcəyi anlamına da gəlmir. Yerli fəallar TAP konsorsiumuna təzyiq göstərərək boru kəmərinin yatağının 50 km şimala – kiçik şəhər olan Brindisiyə dəyişdirilməsi ilə bağlı müraciət ediblər, amma onların təklifi qəbul olunmayıb.
“Bu təzyiqlər TAP-ın qabağını almayacaq; ən pis halda layihə ləngiyə bilər”,- deyə Avropanın enerji siyasəti üzrə analitiki Madalina Vikari, “eurasianet.org”a deyib.
Yazı “eurasianet.org” saytında
dərc olunub.