"Tarixdə ən böyük dini azadlıq hadisəsi" adlanan üçgünlük nazirlər toplantısı

Mənbə: Foto: Turan İA

Başlıq: "Tarixdə ən böyük dini azadlıq hadisəsi" adlanan üçgünlük nazirlər toplantısı

Azərbaycan din, etiqad və ifadə azadlığını müdafiə edən bəyanatı imzalamaqdan imtina edib

Rəsmi Bakı 9 bəyanatdan 4-nü dəstəkləyib

İyulun 18-də Azərbaycan ABŞ-ın dəstəklədiyi düşüncə, vicdan, din, etiqad və ifadə azadlığını müdafiə edən əsas bəyanatı imzalamaqdan imtina edən yeganə Cənubi Qafqaz ölkəsi olub.

Məlumatı “Turan”-ın Vaşinqton müxbiri verib.

Bildirilir ki, ABŞ Dövlət Departamentində keçirilən "Tarixdə ən böyük dini azadlıq hadisəsi" adlanan üçgünlük nazirlər toplantısının sonuncu günündə ABŞ vitse-prezidenti Maykl Pens və dövlət katibi Mayk Pompeo 106 ölkədən yüzlərlə nazir, dini lider və fəalın qarşısında çıxış edib.

Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təmsil edib. Ermənistan nümayəndə heyətinə isə XİN rəhbəri Zöhrab Mnatsakanyan rəhbərlik edib.

ABŞ hökuməti yığıncağa müxtəlif bölgələrdə dini azadlıqla bağlı narahatlığa dair 9 bəyanat təqdim edib.

Bunların arasında terrorizmə qarşı mübarizə; Birma-Myanmadakı vəziyyət; Çində dini azlıqların vəziyyəti və s. bəyanatlar olub. İştirakçı ölkələrə əsas məsələlər üzrə ümumi narahatlığı nümayiş etdirmək üçün bəyanatlara qoşulmaq imkanları verilib.

Azərbaycan 9 bəyanatdan 4-nü, o cümlədən terrorçu və ekstremist qruplar tərəfindən dini azadlığın sistematik, davamlı və görünməmiş şəkildə pozulmasını pisləyən bəyanatı dəstəkləyib.

Eyni zamanda Azərbaycan nümayəndə heyəti küfr və mürtədlik haqqında qanunlara dair bəyanatları dəstəkləməyib. Digər Cənubi Qafqaz ölkələri- Gürcüstan və Ermənistan bütün bəyanatları dəstəkləyiblər.

"Beynəlxalq birliyin nümayəndələri olaraq biz birlikdə düşüncə, vicdan, din və ya əqidə və ifadə azadlıqlarını dəstəkləyirik", - əsas bəyanatda deyilir.

Eyni zamanda sənəddə qeyd olunur ki, küfr və mürtədlik haqqında qanunlardan tez-tez kütlə tərəfindən din adına zorakılığa bəraət qazandırmaq və ya şəxsi incikliklə bağlı təqiblər üçün bəhanə kimi istifadə olunur.

"Biz görürük ki, hökumətlər belə qanunlardan qanunsuz həbslər, dini baxışları və əqidəsi rəsmi və ya əhalinin əksəriyyətinin fikirlərindən fərqlənən şəxsləri cəzalandırmaq üçün istifadə edirlər. Biz bu qanunlardan istifadə edən hökumətləri belə əsaslarla həbs olunmuş insanları azad etməyə, həmçinin beynəlxalq hüquqa uyğun olaraq ifadə, din və ya əqidə azadlığının həyata keçirilməsinə mane olan küfr, mürtədlik və digər qanunları ləğv etməyə çağırırıq.

Biz əvvəlkitək tərəfdaşlarımız ilə dini dözümsüzlüyə əsaslanan sektaçılıq, diskriminasiya və zorakılıq kimi problemlərə qarşı mübarizədə fəaliyyət göstərməyə hazırıq ki, fikir, elm, din, əqidə və fikrin ifadə olunması azadlığı daxil olmaqla, əsas azadlıqlara hörmətlə yanaşılsın", - sənəddə deyilir.

Azərbaycanın imzalamaqdan imtina etdiyi digər sənəd "Terrorizmə qarşı mübarizə dini azadlığın sıxışdırılması üçün bəhanə kimi" adlanır.

Bununla belə, Azərbaycan da daxil olmaqla, 30-a yaxın iştirakçı ölkə bütün konfessiyaların dini icmalarının sülh işinə töhfə verə bilməsinin tanınmasına dair daha bir bəyanat imzalayıblar.

"Biz bütün hökumətləri insanların istənilən dini ənənəyə inanıb-inanmamaq, etiqad edib-etməmək hüququna hörmətlə yanaşmağa çağırırıq", - sənəddə vurğulanır.

Həmçinin Bakı qeyri-dövlət subyektlərinin din xadimləri tərəfindən sui-istifadəsi, eləcə də ibadət yerlərinin qorunması haqqında bəyanatlara qoşulub.

"Dini təqiblər bütün dünya birliyi üçün problemdir", - vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo iştirakçılara bildiriblər.

Pompeo yekun çıxışında deyib ki, "öz əqidələrmizi hərəkətə çevirməyin vaxtı çatıb" və iki təşəbbüs haqda danışıb. Birinci təşəbbüs budur ki, Dövlət Departamenti Beynəlxalq Dini Etiqad Azadlığı Fondu təsis edib. Çoxlu donorun iştirakı ilə təsis edilən bu fond bütün dünyada təqib qurbanlarına çevik yardım göstərir. "O, xeyir əmələ xidmət edir və onun məqsədi bütün dünyada yayılır", - Pompeo deyib.

Digər təşəbbüs Beynəlxalq Din Azadlığı İttifaqının yaradılmasıdır. "Ümid edirik ki, bu yeni mexanizm - dünyada bu konkret mövzuya həsr olunan ilk beynəlxalq orqan - indiyədək göstərilmiş səylərə əsaslanacaq və beynəlxalq dini azadlığa qarşı çağırışlar əleyhinə mübarizədə həmfikirləri birləşdirəcək", - sənəddə vurğulanır.

Yaxın gələcəkdə Albaniya, Kolumbiya, Mərakeş və Vatikanda regional konfranslar keçiriləcək.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wr0cj1

Ən çox baxılan