Azərbaycan daha bir hesabatda region sonuncusudur

Azərbaycan uşaqların sosial müdafiəsi baxımından region sonuncusudur. Bu barədə Beynəlxalq Əmək Təşkilatının Qlobal Sosial Müdafiəyə dair hesabatında deyilir. Azadlıq Radiosu yazır ki, hesabatda müxtəlif ölkələrdə uşaqların sosial müdafiəsinin səmərəlilik dərəcəsi müqayisə edilir. Beynəlxalq Əmək Təşkilatı pandemiya dönəmində dünyadakı sosial müdafiə tədbirlərini yetərsiz sayır. Təşkilat bildirir ki, Azərbaycanda səhiyyə xidməti xaric hökumətin, ən azı, bir sosial müdafiə tədbirindən, vətəndaşların cəmi 39 faizi yararlanıb. Region ölkələri ilə müqayisədə Azərbaycanın bu indikator üzrə ən sondadır. Ermənistanda bu göstərici 54, Gürcüstanda 97, Türkiyədə 80, Qazaxıstanda isə 100 faizdir. Hesabata görə, Azərbaycandakı uşaqların cəmi 16.9 faizi sosial müdafiə tədbiriylə əhatə olunub. Eyni göstərici Qazaxıstanda 57 faiz, Gürcüstanda 48 faiz, Ermənistanda 30 faizdir. Bu istiqamətdə dünya ortalaması 26.4 faizdir. Bu o deməkdir ki, Azərbaycan sosial müdafiə tədbirləriylə əhatə edilən uşaqların sayına görə dünya ortalamasından da geridə qalıb. Avropa ölkələrinin əksəriyyətində bu göstərici 100 faizdir. Uşaqlarla yanaşı, analarla bağlı göstəricilər də ürəkaçan deyil. Azərbaycan burda da dünya ortalamasından geridədir. Azərbaycanda yeni övlad dünyaya gətirmiş anaların cəmi 16 faizi hökumətin sosial müdafiə proqramıyla əhatə olunub.

Ana səhifəSosialAzərbaycan daha bir hesabatda region sonuncusudur