”Hökumət iqtisadiyyata nə qədər çox birbaşa müdaxilə etsə, vəziyyəti bir o qədər bərbadlaşdıracaq”
Azərbaycan 1,6 mln. ədəd tut tinglərinin alınması üçün Çinlə müqavilə imzalayıb. APA yazır ki, bunu oktyabrın 19-da Bakıda keçirilən “Qeyri-neft ixracı: Bu günün çağırışları və yeni imkanlar” mövzusunda konfransda çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Nazir müavinin sözlərinə görə, bununla yanaşı, ölkədə tut bağlarının salınması üçün işlər görülür: “Bu il Azərbaycanda baramaçılığın inkişafında çox ciddi işlər aparılıb. Növbəti ildə isə 4 min qutu baramanın alınması nəzərdə tutulur”.
İqtisadçı Natiq Cəfərli deyir ki, hökumət iqtisadiyyata nə qədər çox birbaşa müdaxilə edib, hər şeyi özü etmək istəsə, hər sahədə dominant olmağa çalışsa, bütün sahələrə nəzarəti öz əlində saxlamaqda israr etsə, bir o qədər vəziyyəti bərbad günə qoyacaq:
“O tut ağacları böyüyəcək, baramalar onun yarpaqlarını yeyəcək, hökumət o baramadan ipək alacaq, o ipəkdən paltar tikəcək, həmin paltarı aparıb Çində (son günlər hökumət deyir ki, biz Çin bazarına mal satmalıyıq) satacaq, həmin pulla camaata təqaüd-maaş verəcək. Hökumət anlamır ki, bizim xalq işləməyi, pul qazanmağı sevən, bacaran xalqdır. Camaat hökumətdən kömək istəmir, yetər ki, bu məmurlar ordusu, bu hökumət mane olmasın… İnsanlara imkan versələr onlar özlərini dolandıracaqlar”.