“Azərbaycan bu gedişatda çox çətin seçim qarşısındadır” (VİDEO)

Əli İsa Cabbarov: “Bu günlərdə çəkilən bir filmdən nurlu sözünü çıxardıblar. Səbəb də Fətulla Gülən olayları ilə bağlı olub”

Bu həftə həm də ədəbi-mənəvi diskussiyalarla yadda qaldı. Xüsusən ədəbiyyat, sənət, kino xadimlərinin ictimai-siyasi proseslərdə mövqe ortaya qoyub-qoymaması dilemması mübahisələrə səbəb oldu.

Prodüsser, rejissor Əli İsa Cabbarovla söhbətimizdə Avropanın çoxdan qət etdiyi bu mərhələnin fonunda Azərbaycandakı durumu muzakirə etdik.



Ə


li


İsa bəy, sənət, ədəbiyyat və kino sahəsində sürətlə texniki və mənəvi dəyişikliklər baş verir. Azərbaycan bu axında öz yolunu tapa bilirmi?

–         Mən kino sahəsindəki proseslərdən danışacam, bu gün elə vəziyyətdir ki, hamıya kino çəkmək imkanı yaranır. Yəni telefonla, fotoaparatla.Bunlarla insanlar öz fikirlərini yaxşı ifadə edirlər. Bu cəhətdən texnikanın inkişafı sənətin demokratikləşməsinə səbəb olur. Artıq kino çəkmək elitanın şansı yox, hər bir insanın imkanıdır. Bu cəhətdən Azərbaycan üçün yaxşıdır. Son iki ildə festivallarda çıxış edən Azərbaycan filmləri, məsələn, “Buqələmun”, yaxud prodüsser Teymur Hacıyevin filmi, bunlar çox az büdcə və xüsusən rəqəmsal, peşəkar təsvir verən kameralarla çəkilib. Çəkiliş vasitələrinin rahat əldə olunması istənilən adamı öz fikirlərini ifadə etməyə gətirir. Bu, daha çox həyat həqiqətinin ekrana gəlməsinə səbəb olur.



Bəs peşəkarlıq hansı səviyyədədir?

–         Dünyadakı indiki vəziyyət rəqəmsal texnika ilə bağlıdır. Xüsusən Trierin “Doqma” fenomenindən sonra peşəkarlıq formatları bir az genişlənib. Ötən əsrin 60-90-cı illərində təsvir həllində, montajda qeyri-peşəkarlıq sayıla biləcək məsələlər artıq qeyri-peşəkarlıq hesab olunmur. Bu cəhətdən həvəskar, andeqraunt sənətin texniki formatları bir az özünə yer alıb. Beləliklə, sənət biliciləri üçün əsas texniki peşəkar keyfiyyətdən daha çox mesajın, fikrin və ideyanın vacibliyi götürülür. Bu yaxınlarda Azərbaycanın bir jurnalisti youtube-də metroda dilənən uşaq haqqında qısametrajlı filmini yaydı, çox böyük əks-səda doğurdu və yüksək tamaşaçı reytinqi də oldu. Bəli, peşəkarlıq baxımdan qeyri-peşəkar idi, amma tamaşaçı reaksiyası yaratdı.



Bu, kino sənətinin inkişafıdır, yoxsa başqa bir mərhələyə keçid?

–         Mənə elə gəlir ki, başqa mərhələyə keçiddir. Münasibətlər daha çox akademizmdən, konservativlikdən qurtulur, mahiyyət daha vacib olur, nəinki peşəkar, texniki kanonlar.



Yola verdiyimiz həftə Azərbaycanda sənət, ədəbiyyat və kino adamının siyasiləşməsi, yaxud mövqe bildirməsi ətrafında diskussiya ilə yadda qaldı. Nəzərə alanda ki, katibi olduğunuz Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədridir, yanaşmanız maraqlı olardı. Sənət və siyasət yaxınlaşmasında hansına üstünlük verərdiniz?

–         Sırf vətəndaş olaraq şeirindən zövq aldığım şair, nəsrini bəyəndiyim yazıçı haqqında fikrimi onun siyasi baxışlarına görə dəyişmirəm. Amma bir halda dəyişə bilərəm: işğalçını, cəlladı, işgəncə verəni dəstəkləsə, yəni “qırmızı xətti” keçsə, onun dahiyanə şeirini də dəstəkləyə bilmərəm. Təbii ki, indiki durumda, Azərbaycanda sovet dövründən qalan Qarabağ, seçki, insan haqları, korrupsiya ilə bağlı  problemlər bir qayda olaraq ziyalıların mövqeyini aktuallaşdırır. Bu, bizim keçmiş rus imperiyasının əsarətində qalmağımızla bağlıdır. Hesab etmirəm ki, sənaye cəhətdən inkişaf etmiş və qanunvericilik ənənələri güclü olan Avropa dövlətlərində hər hansı şairin münasibəti aktual olar. Ona görə bir vətəndaş kimi ziyalı təbəqəsindən artıq yaxşı heç nə ummuram.



Nə üçün?

–         Bəlkə onları yaxından müşahidə etmək imkanım olub. Mən daha çox hamıdan peşəkar münasibət umuram, şairin yaxşı şeir, nasirin yaxşı əsər yazmasını, siyasətçinin də qarşısına qoyduğu məqsədi həyata keçirə bilməsini istəyirəm.



Hansı ziyalılardan peşəkarlıq ummursunuz?

–         Daha çox 60-cı illər ziyalıları, Ziyalılar Forumu bu nəslin ən böyük layihəsi idi, tam qələbəylə nəticələnməsə də, müsbət effekti oldu. Yaxud ReAL ictimai hərəkatı, mən bu qurumu sırf siyasi hesab etmirəm.



Amma ReAL partiyaya çevrildi…

–         Bəli, ancaq mən onları ziyalı manifesti kimi qəbul edirəm. Gerçəkdən də qurumda toplanmış insanları Azərbaycan ziyalıları sayıram. Bir daha deyirəm, hansısa sevdiyim şair YAP-ı dəstəkləyirsə, onun bədiyyatı haqqında baxışım dəyişmir. Bir halda dəyişə bilər, hər hansı sevdiyim şair, nasir, rejissor söyləsə ki, NİDA-çıları doğru edib həbs ediblər, ya da İlqar Məmmədovun, Yadigar Sadıqovun yeri həbsxanadır, bu fikri ifadə edən ziyalı dahiyanə əsər yazsa da, onu dəstəkləyə bilmərəm. Bir məqamı deyim, insanları mənəvi baxımdan şoka salan həbslər oldu, NİDA, Yadigar Sadıqov, Tofiq Yaqublu, İlqar Məmmədli, bu həbsləri dəstəkləyən ziyalı görmədim. Hətta iqtidarın yanında olan ziyalılar da dəstək etmədi.



Amma susanlar oldu…

–         Təbii ki, susanlar oldu. Amma bəzi hallarda susmaq böyük cəsarət tələb edir. Məsələn, mən hərdən 1937-ci ili düşünürəm və özümə sual edirəm: 37-ci ildə olmaq, düzgün addım atmaq nə deməkdir? Tutaq ki, şairsiniz və Müşfiqi, Cavidi həbs edirlər…



Ancaq SSRİ qapalı ölkəydi, bu gün Azərbaycan Avropa Şurasının üzvü kimi öhdəliklər götürüb…

–         Bəli, bunlar da var. Bütün hallarda ortalığa peşəkar iş qoyan insan Şərin yanında deyilsə, amma susursa, mən onun susmaq hüququnu tanıyıram. Soljenıtsının məşhur “Yalanla yaşama” manifesti çox vacibdir. Yalanın yanında olmamaq ona “yox” demək kimidir. Yəni yalanın yanında olub susmaqla yalandan uzaq olub susmağı ayırmaq lazımdır.



Söhbətimizin əvvəlində kino sahəsində mənəvi-texniki dəyişikliklərdən və postsovet məkanındakı durumdan danışdıq. Avropa kino və ədəbiyyat sahəsində ortalığa qoyulan son əsərlər ötən əsrin 30-cu illərində alman filosofu Şpenqlerin “Avropanın qürubu” kitabında dediklərini gerçəkləşdirmirmi? Bu mənada Azərbaycanda bəzilərinin “dediyiniz Avropa budurmu” söyləyənlərlə Putinə haqq qazandıranlara münasibətinizi bilmək istərdim?

–         Baş verənlər postmodern dünyagörüşünün təzahürləridir, ona qədər şaquli idi, aşağıda heyvani səviyyə, yuxarıda isə mələk-peyğəmbər səviyyəsi, yəni ruhani kamilliyə gedən yol. Postmodernizm bunları məhv etdi, şaquli yoxdur, hamısı bərabər hüquqludur. Hətta Skandinaviya ölkələri haqqında belə məlumat yayıldı ki, uşaq dərsliklərində valideynlər ata-ana yox, ümumiyyətlə, valideyn kimi yazılması gündəmə gəlib. Yəni uşaq böyüyəndə cinsi ayrı-seçkilik olmasın. Müasir cəmiyyət elədir ki, gerçəkdən politkorrektlik  anlayışı var, bu, yəqin bir reallığımızdır ki, kamera qarşısında bir fikri deməliyik, amma içimizdə başqa məqsədimiz ola bilər. Dediyimiz fikirlə məqsədimiz arasında konflikt olmamalıdır, sadəcə, fikir bir az politkorrekt olmalıdır. Təbii ki, Rusiya prezidenti Putinin məlum əməlləri var, amma cinsi azlıqlarla bağlı addımları cəmiyyətdə dəstəklənir. Həm də buna görə onun reytinqi 80 faiz civarındadır. Mənə elə gəlir ki, Azərbaycan bu gedişatda çox çətin seçim qarşısındadır.



Elə ona görə sual yaranır, qloballaşan dünyada Azərbaycan öz yolunu tapa biləcəkmi?

–         Məncə, Yaponiya modeli ən yaxşı modeldir.



Hakimiyyət təmsilçiləri ona görə milli-mənəvi dəyərləri qabardır?

–         O elə Yaponiya modelidir. Ancaq “yeni azərbaycanlılar” bu məsələni dərin fəlsəfi və detallı işləməyiblər, səthi yanaşıblar. Amma Yaponiya modeli Şərq xalqları üçün unikal sayılır. Başqa bir tezis də var: rus dilində belə səslənir-modernizasiya bez vesternizasiya, yəni qərbləşmədən modernləşmək. Nikita  Mixalkov “Oskar” mükafatı alanda demişdi ki, mədəniyyət kökü ilə torpağa bağlı olmalı, budağı ilə dünyanı əhatə etməlidir.



Bütün hallarda Hüseyn Cavidin də “mədəniyyət-sonu vəhşət” fikri gerçəkləşmirmi?

–         Bu, sırf siyasi-maliyyə məsələsidir, nəinki əxlaq. Hesab edirəm ki, cinsi azlıqlarla bağlı tələblərin, fikirlərin arxasında böyük korporosiyalar dayanır. Onların da konkret siyasi-maliyyə maraqları var. Təbii ki, mənim etik dəyərlərim konservativ və ənənəvidir. Amma sabah beynəlxalq festivalda iştirak etsəm, konservativ dəyərləri kifayət qədər cəsarətlə səsləndirməyəcəm. Çünki çox böyük aqressiyaya səbəb ola bilər. Bu cəhətdən bir az biclik işlətməliyik. Bizim kimi azsaylı Şərq xalqları Putinsayağı variant seçməməlidir. Yəni biz Avropanın diktə etdiyi dəyərləri iqnor edə bilmərik, onlarla razılaşmalı, amma öz dəyərlərimizi də yox etməməliyik.



Bu mənada azərbaycanlılar Trierin “Nimfomanka”sına, yoxsa “Adelin həyatı”na baxmalıdır?

–         Mənə elə gəlir ki, hər ikisinə də baxmalıdır, amma “Bizim Cəbiş müəllim” filmini də xoşlamalıdır. Hamısına baxmalı və diskussiyalar açmalıdır, ancaq xüsusən uşaq tərbiyəsində klassik dəyərlərə üstünlük verməlidir. Düşünürəm ki, insan fiziki cəhətdən kamillik yaşına çatana qədər heç bir ideoloji təzyiqə məruz qalmamlıdır.



Əli İsa bəy, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi çəkiləcək filmlərdə bataqlığın göstərilməsinin, intiharın əleyhinədirsə, bu gedişatla kino sahəsində hansı nailiyyətlər əldə edə bilərik?

–         Doğrudan da, çox absurd durumdur. Bu, sovet dövrünün ilk illərində konfliktsizlik nəzəriyyəsini xatırladır, yəni sovet dövlətində konflikt ola bilməz, konflikt  yalnız yaxşı ilə lap yaxşı arasında mümkündür. Hətta bu günlərdə çəkilən bir filmdən nurlu sözünü çıxardıblar. Səbəb də Fətulla Gülən olayları ilə bağlı olub. Yaxud ssenaridə axsaq it, qara bulud olub, onları da ixtisara salıblar. Putin kifayət qədər avtoritar adam olsa da, Rusiyada Ren TV kimi kanala yer var. Putin kifayət qədər avtoritar adam olsa da, “Exo Moskvı” kimi radio fəaliyyət göstərir. Yaxud rejissor Zvyaqintsev dövlətin hesabına hakimiyyətin siyasətini tənqid edən film çəkir və Kann festivalından da ölkəsinə mükafat gətirir. Hətta İran kinosu da ölkə sərhədlərini aşdı, düzdür, bu prosesdə sabiq prezidentlər Rəfcaninin və Hatəminin siyasətinin təsiri oldu. Onlar İran kinosunu xaricə çıxartmağın bu yolla mümkünlüyünü anlayırdılar. Sovet dövründə rəssam Rasim Babayevin əsərləri sosialist realizminə uyğun gəlmirdi, o, Abşeron sürrelaizmi stilində çəkirdi. Amma ona toxunmurdular, bunun səbəbini soruşanda cavab vermişdi ki, xaricilər gələndə onu önə verib “görürsünüz, bizdə də dəyərli sənət nümunələri var” deyə təqdim edirdilər. Heç olmasa, bu bicliklə tənqidi mövzulara imkan vermək lazımdır.

Ana səhifəVideo“Azərbaycan bu gedişatda çox çətin seçim qarşısındadır” (VİDEO)