Beynəlxalq təşkilatların il ərzində Azərbaycan haqqında dedikləri
2019-cu ildə beynəlxalq təşkilatların yaydığı hesabatlarda Azərbaycanın yeri harada oldu? Ölkədə medianın, dinin, demokratiyanın, korrupsiyanın durumu necə oldu?
Beynəlxalq təşkilatların yaydığı hesabatlara görə yaşadığımız ilin yekunları aşağıdakı kimi olub:
“Freedom House” təşkilatının son hesabatına görə Azərbaycan qismən azad ölkələr kateqoriyasından azad olmayan ölkələr kateqoriyasına düşüb.
2018-ci ilin hesabatında Azərbaycan qismən azad ölkələr kateqoriyasında olsa da, azad olmayan ölkələrlə “həmsərhəd” idi.
İnterneti Azadlığı indeksində – sərbəstliyin daraldığı ölkə
2019-ci il İnternet Azadlığı (Freedom of the Net) hesabatında isə Azərbaycanın adı virtual aləmdə sərbəstliyin daraldığı ölkələrin sırasındadır.
100 ballıq qiymətləndirmə şkalasında Azərbaycan 39-cu yerdədir. Ermənistan (76) və Gürcüstan (75) azad ölkələr kateqoriyasındadır. Bu iki ölkə ötən il də bu kateqoriyada idi.
Korrupsiya indeksində 30 pillə geriləyən Azərbaycan
Azərbaycan 2019-cu ildə korrupsiya indeksində də 30 pillə geriləyib.
“Transparency International”
beynəlxalq şəffaflıq təşkilatının 2019-cu ildə açıqladığı Korrupsiyanı Qavrama İndeksində (KQİ) belə deyilir.
Təşkilat qiymətləndirməni 180 ölkədə aparır. Yüksək səviyyədə korrupsiyalaşmış ölkələrə sıfır, ən təmizlərə isə 100 bal verir.
Beləliklə, Azərbaycan 180 ölkə içində 152-ci yeri tutub. Bu, ötənilikdən 30 pillə geriləmə deməkdir.
Ötən il Azərbaycan 31 balla 122-ci yerdə idi, hətta bir il öncəkindən bir pillə irəliləmişdi.
Qonşulardan Ermənistan 105, Gürcüstan 41, Rusiya və İran 138-ci pillədədirlər.
Azərbaycan pasportunun dünyada yeri
2019-cu ildə açıqlanan “Henley” Pasport İndeksinə görə, Azərbaycan pasportu 199 pasport arasında 78-cidir. Onunla 66 ölkəyə öncə viza almadan getmək mümkündür.
İndeks müxtəlif ölkələrin pasportlarını viza əldə etmədən mümkün səyahət məkanlarının sayına görə sıralayır.
Qonşulardan Rusiya 51 (116 ölkə), Gürcüstan 52 (113), Ermənistan 84 (60), İran 101-ci (39) yerdədir.
“Dünya Mətbuat Azadlığı” indeksində Azərbaycan 4 pillə geriləyib
Sərhədsiz Reportyorların 2019-cu ildə açıqladığı “Dünya Mətbuat Azadlığı” indeksində də Azərbaycan 4 pillə geriləyib. Sənəddə 180 ölkədə mətbuat azadlığı araşdırılıb. Azərbaycan bu il 166-cı pilləyə düşüb.
Azərbaycan yenə ‘‘avtoritar’’ ölkə sayıldı
‘
‘Economist Intelligence Unit’’
(EIU) açıqladığı demokratiya İndeksində Azərbaycan 149-cu pillədə qərarlaşıb, “avtroritar” ölkə sayılıb. Onunla bu sırada Belarus, Əfqanıstan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan, Tacikistan və Türkmənistan var.
Ukrayna (84), Gürcüstan (89), Ermənistan (103) hibrid rejimli ölkələr sırasındadırlar.
2019 cu il: Azərbaycandakı qadınlar haradadır?
Dünya Bankı
“Qadınlar, Biznes və Hüquq 2019: İslahatların 10 ili” adlı hesabat açıqlayıb. Hesabat çərçivəsində hazırlanan indeks qadının işə başlayandan pensiya alanadək iş həyatını, onun həyatının hər bir dönəmində təmin olunduğu hüquqi qorumaları öyrənib. İndeks 187 ölkə üzrə 10 illik bir müddət səkkiz indikatoru əhatələyir.
Son 10 ildə indeksin ölçüldüyü sahələr üzrə ciddi irəliləyişin əldə olunduğu vurğulanır. Bu müddət ərzində qlobal orta göstərici 70-dən 75-ə qalıb. 131 ölkədə qanunlara qadınların iqtisadi iştirakını yaxşılaşdırmağı hədəfləyən 274 islahat aparılıb. 35 ölkədə iş yerində cinsi qısnamaya qarşı hüquqi qaydalar tətbiq olunub və bu, 10 il öncəyə baxanda 2 milyarddan artıq qadının qorunması deməkdir.
22 ölkə qadınların işləməsinə qadağanı qaldırıb. 13 ölkədə isə eyni dəyərli işə görə bərabər maaş təyin edən qanun qəbul olunub.
Azərbaycanın göstəricisi 78,75-dir. Qonşulardan Gürcüstanın indeksi 79,38, Ermənistanın 83,13, Rusiyanın 73,13, İranınkı 31,25-dir.
190 ölkə arasında 25-ci Azərbaycan
“Biznesin aparılmasının asanlaşdırılması” qlobal reytinqində Azərbaycan 9 pillə geriləyib. “Doing business 2020” hesabatını hər il Dünya Bankı hazırlayır. Azərbaycan bu il həmin hesabatın 34-cü pilləsində qərarlaşıb. Ötən il 25-ci olmuşdu. Bu da 9 pillə geriləmə deməkdir.
Builki reytinq cədvəlində Gürcüstan 7, Litva 11, Estoniya 18, Latviya 19, Qazaxıstan 25, Rusiya 28, Türkiyə isə 33-cü yerdədir. Siyahıda ötən il 41-ci yerdə olan Ermənistan hazırda 47-ci yerdə qərarlaşıb.
''Qlobal Aclıq İndeksi''ndə Azərbaycanın durumu yaxşılaşıb
2019-cu ildə açıqlanan “Qlobal Aclıq İndeksi”ndə Azərbaycan 7,4 balla 29-cu yerdə qərarlaşıb.
Hesabat 117 ölkəni əhatə edir. Bu, sayca açıqlanan 14-cü hesabatdır.
Sənədə görə, Azərbaycanın durumu yaxşılaşıb. 2000-ci ildə 27,5, 2005-ci ildə 17,3, 2010-cu ildə isə 12,1 bal yığıb.
Hesabatdan görünür ki, hazırda Albaniya, Azərbaycan, Monqolustan, Panama və Peru kimi ölkələrdə aclıq həddi aşağıdır. Ancaq 2000-ci ildə ciddi səviyyədə olub.
“Azərbaycan hökuməti sosial mediadan dezinformasiya yayır”
Oksford Universiteti “2019-cu ildə Qlobal Dezinformasiya Düzəni. Mütəşəkkil Sosial Media Manipulyasiyasının Qlobal İnventarı” adlı hesabatını açıqlayıb. Hesabatda Azərbaycan hökumətinin sosial mediadan dezinformasiya yaydığı, siyasi manipulyasiya üçün real olmayan sosial şəbəkə profillərindən (troll) istifadə etdiyi bildirilir.
Ümumilikdə 70 ölkənin bu vasitədən istifadə etdiyi vurğulanır. 2018-ci ildə onların sayı 48, 2017-ci ildə isə 28 olub.
Hesabatda Azərbaycanın təbliğat üçün istifadə etdiyi platformalar sırasında “Facebook”, “Twitter”, “YouTube” sosial şəbəkələri göstərilir:
“Azərbaycan, İsrail, Rusiya, Tacikistan, Özbəkistan kimi ölkələrdə hökumət agentlikləri rəqəmsal təbliğatdan ötrü tələbələri, gəncləri işə götürürlər”.
Azərbaycan səyahət etməli ölkələr arasında 71-ci yerdədir
Azərbaycan “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda 140 ölkə içində 71-ci olub.
Dünya İqtisadi Forumu
“Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nı açıqlayıb.
Hesabat hər iki ildənbir dərc olunur. Hesabatda 140 ölkədə sözügedən sahələrin durumu dəyərləndirilir.
Siyahıda Rusiya 39, Ermənistan 79, Gürcüstan 68, İran 89-cu yerdədir.
Azərbaycanda mülkiyyət hüquqlarının durumu
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycandakı mülkiyyət hüququ ilə bağlı 37 şəxs barəsində 14 fərqli qərar çıxarıb.
Bu barədə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) araşdırma qrupunun hesabatında qeyd edilib.
Sənəddə deyilir ki, 33 şəxslə bağlı qərarların 8-i yalnızca kompensasiyalar barədədir. Kompensasiyalar barəsində çıxarılan 33 şəxslə bağlı qərarlar tam şəkildə icra olunub. Ümumilikdə 33 şəxs barəsində Avropa Məhkəməsi tərəfindən çıxarılan qərarlarda kompensasiyaların miqdarı 354 229,06 avro olub.
Azərbaycanda hər 100.000 nəfərə 235 məhkum düşür
Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən məhbus sayına görə ilk üçlükdədir. Bu barədə Avropa Şurasının yaydığı məhkumların sayı ilə bağlı illik statistik hesabatda belə deyilir.
2018-ci ilə dair hesabata görə, Azərbaycanda hər 100.000 nəfərə 235 məhkum düşür. İlk 2 yeri isə Rusiya (418.3) və Gürcüstan (252.2) tutur. Analoji rəqəm Ermənistanda 118.9-dur, bu isə 2016-cı illə müqayisədə 8.7 faiz azalma deməkdir. Adambaşına düşən ən az məhkum sayı San-Marino (17.9), Lixtenşteyn (31.5) və İslandiyada (46.8) qeydə alınıb.
“2018-ci ildə bir çox hökumət məhdudlaşdırıcı qanunlar tətbiq etməklə, bürokratik əngəllər və həbs təhlükəsi yaratmaqla QHT-lərə hücumları artırıb”.
Bu barədə “Amnesty International” beynəlxalq hüquq- müdafiə təşkilatının "Susmağa məcbur etmək üçün hazırlanan qanunlar" adlı yeni hesabatında bildirilir.
Azərbaycan 2017-ci ildə dopinq pozuntusuna görə 14-cü olub
Ümumdünya Antidopinq Agentliyi (WADA) bugünlərdə 2017-ci ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.
Hesabatda Azərbaycan idmançılarının “yuxarı” pillələrdə olduğu qeyd olunub.
İl ərzində 32 qayda pozuntusuna yol verən Azərbaycan təmsilçiləri siyahıda 14-dür.