Həmin şəxslərin “Avo” futbol klubunun üzvləri olduğu bildirilir
Bugünlərdə sosial şəbəkələrdə Xocavənd rayonunda erməni futbolçuların Azərbaycan bayrağını təhqir etməsilə bağlı görüntülər yayılıb. Sözügedən görüntülərlə əlaqədar Azərbaycanın Baş prokuroru Cinayət Məcəlləsinin 283.2.3 (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) və 324-cü (Azərbaycanın Dövlət bayrağı və ya Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlayıb.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir ki, cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
İstintaq dövründə başqa ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumlarına da bu iş üzrə hüquqi yardım haqqında vəsatətlər göndəriləcək:
“Cinayət törətmiş şəxslərin müəyyən edilərək, məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görüləcək”.
Qapının ağzında yerə sərilmiş Azərbaycan bayrağının üstündən keçərək, onu təhqir etməkdə şübhəli bilinən şəxslərin “Avo” futbol klubunun üzvləri olduğu bildirilir.