Azərbaycan Avropa Məhkəməsinin qərarını icra etmir

Rəsul Cəfərov: “Bir müddət gözləyəndən sonra yenidən məhkəməyə müraciət edəcəyəm”

Source:


Rəsul Cəfərov: “Bir müddət gözləyəndən sonra yenidən məhkəməyə müraciət edəcəyəm”

Avropa İnsan Haqları Məhkəməsinin hüquq müdafiəçisi Rəsul Cəfərov haqqında 1 il öncəki qərarı icra edilmir. Hüquq müdafiəçisi məhkəmənin müəyyənləşdirdiyi 32 min 500 avroluq kompensasiyanı ala bilməyib. Bu haqda Rəsul Cəfərov özü məlumat yayıb.

Bildirib ki, prezidentin əfv sərəncamıyla azadlığa çıxmasıyla Avropa Məhkəməsinin onun həbsiylə bağlı qərarı eyni günə təsadüf edib – 17 mart 2016-cı il.

O, kompensasiyanın verilməməsilə bağlı Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsinə informasiya sorğusu ilə müraciət edib. Cavab ala bilməyib:

“Bir müddət də cavabı gözləyəndən sonra məhkəməyə müraciət edəcəyəm”.

R.Cəfərov özü 11 aydır həbsdən çıxsa da, bank hesabı üzərindəki həbs hələ də qalır. Dediyinə görə, Baş Prokurorluq bu məsələ ilə əlaqədar müraciətlərinə cavab vermədiyindən məhkəməyə üz tutub. Hələlik, məhkəmənin vaxtı bəlli deyil.

Ölkəyə giriş-çıxış zamanı yoxlamaya, bəzən də axtarışa məruz qaldığını deyən hüquq müdafiəçisi buna görə Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsini də məhkəməyə verib.

R.Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı daha bir işi hazırda Ali Məhkəmənin icraatındadır. Çünki Yasamal rayon Məhkəməsi onun bu məsələyə dair müraciətini təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi də o qərarı qüvvədə saxlayıb.

Hüquq müdafiəçisi eyni zamanda, təşkilatının – İnsan Haqları Klubunun Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmaması ilə əlaqədar Avropa Məhkəməsinin qərarını gözləyir.

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs olunub. Mənimsəmə, qanunsuz sahibkarlıq, vergidən yayınma kimi əməllərdə suçlanan hüquq müdafiəçisinə Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il 6 aylıq həbs cəzası kəsib. Hökmdə müəyyən edilən vergini ödədiyinə görə sonradan Bakı Apellyasiya Məhkəməsi bu cəzanı 3 ay azaldıb.

Beynəlxalq təşkilatların “vicdan məhbusu” elan etdiyi Rəsul Cəfərov 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb. Elə həmin gün Avropa Məhkəməsi onun həbsiylə bağlı qərarını açıqlayıb. Hüquq müdafiəçisinin azadlıq hüququnun pozulduğu təsdiqlənib və buna görə 32 min 448 avro kompensasiya müəyyənləşdirilib.

Ötən ilin martında 10-dan çox siyasi məhbus kimi tanınan şəxs azadlığa buraxılsa da, yerli və beynəlxalq hüquq müdafiəçiləri 100-dən artıq məhbusun siyasi motivlərlə cəza çəkdiyini bildirir. Hakimiyyət təmsilçiləri isə bu ittihamları rədd edir, vətəndaşların yalnız konkret cinayətlərə görə həbs olunduğunu deyir.

Ana səhifəXəbərlərAzərbaycan Avropa Məhkəməsinin qərarını icra etmir