“Azərbaycan Avropa Birliyi ilə viza prosedurunu sadələşdirməkdə maraqlı deyil”

Təbii ki, siyasət olaraq Avropa Birliyi ilə məsafəni necə müəyyənləşdirməkdən asılı olmayaraq viza sadələşdirilməsinə getmək vacibdir.

Foto: Meydan TV


Fazil Mustafa: “Azərbaycan da əvvəl-axır Avropa məkanına inteqrasiyasını gücləndirməlidir”

Belarus prezidenti

Aleksandr Lukaşenko

Avropa Birliyi ölkələri ilə viza rejiminin sadələşdirilməsi barədə qərara gəlib.

Beləliklə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının üzvləri arasında (Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Belarus) bu addımı atmayan təkcə Azərbaycan qalır. Avropa Birliyi bu addımlara cavab olaraq Ukrayna, Gürcüstan, Moldova vətəndaşları üçün viza rejimini ləğv edib.


“Hələlik bizim hökumət özünü təcrid yolunu tutub”

Meydan TV-nin Azərbaycana bu addımı atmağa nə mane olur və ümumiyyətlə bunu nə vaxt edə bilər sualına cavab verən siyasi icmalçı Hikmət Hacızadə viza sadələşdirilməsi məsələsinin gecikməsini rəsmi Bakının Brüsselin bir sıra şərtlərini yerinə yetirməməsi ilə izah edir:

“Söhbət məhkəmə islahatları, insan hüquqları və iqtisadi şərtlərdən gedir. Azərbaycan Gürcüstan yolunu tutsa, dəyişiklik ola bilər. Hələlik bizim hökumət özünü təcrid yolunu tutub. Nə Ümumdünya Ticarət Təşkilatına üzv olur, nə də başqa iqtisadi-siyasi qurumlarla inteqrasiyanı dərinləşdirir. Ona görə də indiki pis mənzərə yaranıb”.

Hikmət Hacızadə
Hikmət Hacızadə


“Bu məsələdə Özbəkistan da Azərbaycandan irəli gedib”

Avropa Birliyi Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun İdarə Heyətinin üzvü Zaur Əkbər bu məsələdə nəinki Şərq Tərəfdaşlığı Proqramında olan ölkələrin, hətta Avropaya aid olmayan Özbəkistanın da Azərbaycandan irəli getdiyini deyib.

“Özbəkistan bir il əvvəl Avropa Birliyi ilə viza sadələşdirilməsi haqda sənəd imzalayıb. Yəni birtərəfli qaydada Avropa Birliyi vətəndaşlarının bu ölkəyə gəlməsi təmin edilib. Amma Azərbaycan inteqrasiya prosesinin sürətləndirilməsində gecikən ölkədir”.

Onun sözlərinə görə, Tərəfdaşlıq Sazişinin gecikdirilməsində məsuliyyət Bakının üzərindədir və bu məsələdə ölkə başçısı İlham Əliyev səviyyəsində maraqlı deyil:

“Ötən il Avropa Birliyi ölkələrini təmsil edən bir neçə QHT nümayəndəsi Azərbaycana gəlmək istəsə də, viza ala bilmədi. Onları səfirliyə çağırıb sorğu-sual ediblər ki, nə üçün gedirsən, məqsədin nədir. Bu adamlarda da Şimali Koreya təəsüratı yaradıblar. Əslində gülünc arqumentlərlə bu insanlara viza verməyiblər.

Hökumət Azərbaycana jurnalistlərin, vətəndaş cəmiyyətinin nümayəndələrinin gəlməsində maraqlı deyil”.

Z.Əkbər təəssüflə qeyd edib ki, Azərbaycan bütün mənalarda gecikir, bu məsələdə ölkə olaraq itiririk.

“Gürcüstanla müqayisədə turistlərin cəlb olunmasında gecikirik. Azərbaycana gələn turistlərin əksəriyyəti ərəb ölkələrindəndir, onlar üçün viza problemi yoxdur. Avropa Birliyi ölkələri üçün də bu məsələ həllini tapmalıdır. Brüssel bununla bağlı Bakıya bir neçə dəfə təkliflər versə də, hələ qənaətbəxş bir şey yoxdur. Məsələnin gecikməsi siyasi maraqlardan doğur. Bu problem aradan qalxsa, təyyarə və hotel qiymətlərinin bahalı olmasına baxmayaraq avropalıların Azərbaycana axını güclənə bilər”.

Zaur Əkbər
Zaur Əkbər

Zaur Əkbərin sözlərinə görə, Azərbaycan istədiyi vaxt bu istiqamətdə müsbət addım ata bilər. Brüssel iki il əvvəl vizanın sadələşdirilməsi ilə bağlı jest də edib, ikitərəfli saziş də imzalanıb, amma Bakı hələ də addım atmayıb.


“Viza sadələşdirilməsinə getmək vacibdir”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa hesab edir ki, Azərbaycan da əvvəl-axır ölkənin maraqlarını nəzərə alaraq Avropa məkanına inteqrasiyasını, çıxışını gücləndirməlidir.

fazil_mustafa_(1).jpg
Fazil Mustafa

“Söhbət iqtisadi-siyasi mənafelərdən gedir. Məsələ ondadır ki, sadələşdirilmiş viza rejimi Azərbaycan vətəndaşlarının vəziyyətini yaxşılaşdırır, maddi durumuna xeyli təsir göstərər, iqtisadi-ticarət əlaqələrinin Avropa ilə genişlənməsinə xeyli şərait yaradar. Burada yalnız Belarusun yox, Gürcüstanın da təcrübəsini öyrənmək lazımdır. Təbii ki, siyasət olaraq Avropa Birliyi ilə məsafəni necə müəyyənləşdirməkdən asılı olmayaraq viza sadələşdirilməsinə getmək vacibdir”.

Ana səhifəSiyasət“Azərbaycan Avropa Birliyi ilə viza prosedurunu sadələşdirməkdə maraqlı deyil”