Azərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlığa hazır deyil (VİDEO)


Mehman Əliyev: “Azərbaycan tərəfi əməkdaşlığı yubatmaq istəyirdi, çünki bizdə şəxsi maraqlar milli mənafelər kimi təqdim olunur”

Azərbaycan Ermənistandan fərqli olaraq Latviyanın paytaxtında keçirilən Riqa Sammitinə prezident səviyyəsində qatılmadı. Tədbirə qatılan Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədov isə Qərbi sərt tənqidlərlə yadda qaldı. Bugünlərdə Riqadan qayıdan “Turam İA”ın direktoru Mehman Əliyevlə söhbətimizdə sammitin Azərbaycanın xarici də daxili siyasətinə təsir izlərinə toxunduq.


– Mehman bəy, Azərbaycan hakimiyyəti Rusiyanın ekspansiya siyasətinə qarşı Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramından istifadə edirdi. Ancaq prezident İlham Əliyev Riqa Sammitinə qatılmadı, bununla bağlı müxtəlif səbəblər göstərilir, daha çox Rusiyanın təzyiqi qeyd olunur və Təhlükəsizlik Şurasının katibi cənab Patruşevin Bakı səfəri də həmin təzyiqin bir elementi sayılır. Bu barədə siz nə düşünürsünüz?

– Birinci səbəb Avropa Birliyi ilə daha sıx əməkdaşlıq etmək üçün növbəti sazişin hazır olmamasıdır. Bilirdik ki, “Strateji modernləşdirmə haqqında” saziş hazırlanırdı, bu, yeni bir əməkdaşlıq forması idi. Saziş Azərbaycanda iqtisadi, sosial, siyasi, hüquqi və başqa sahələrdə islahatların aparılması və Avropa Birliyi ilə daha sıx əlaqələrin qurulmasını nəzərdə tuturdu. Ötən il Avropa Komissiyasının keçmiş prezidenti Barrozo Bakı səfərində artıq sazişin hazır olduğunu və yaxın bir neçə ayda imzalanacağını bildirmişdi. Söhbət payız aylarından gedirdi, amma, bu, baş vermədi. O zaman Prezident Administrasiyasının rəsmiləri ilə söhbətdə bu barədə sorğu etdim, onlar sazişin yaz aylarına hazır olacağını dedilər. Yəni Riqa Sammitində saziş imzalanmalıydı.


– Bəs niyə imzalanmadı?

– Görünür, tərəflər sənədin imzalanmasına hazır deyildi. Ola bilər ki, Avropa Birliyi də hazır deyildi, amma Bakının hazır olmaması faktdır. Prezident İlham Əliyevin Riqaya səfər etməməsi Azərbaycan tərəfinin sazişin imzalanmasına tam hazır olmadığını göstərir. İkinci Rusiya faktorudur, bu amil həmişə olub, Moskva Qazaxıstana da təsir edir, ondan öncə ən sərt təzyiqləri Gürcüstan və Ukraynaya edib. Sadaladıqlarım Rusiyanın qonşulara təzyiqlərinin davam etdiyini göstərir. Ona görə də Rusiyanın Azərbaycana təzyiqinin olması tam realdır. Səhv etmirəmsə, ötən ayın 22-də Rusiya kanallarında Putinin hakimiyyətə gəlişinin 15 illiyi haqqında film nümayiş olunmuşdu. Filmdə Putin qeyd edir ki, Amerika kəşfiyyatçıları Şimali Qafqazda qeyri-sabitlik yaratmaq üçün Azərbaycan ərazisindən istifadə edirdilər. Azərbaycan tərəfi də bu məsələlərdə ABŞ-a dəstək verirdi. Putinin çıxışından belə çıxırdı ki, problem hələ qalır. Bununla da Putin Bakıya müəyyən mesaj göndərirdi. Elə Azərbaycan tərəfi də bu amili əsas götürüb, Riqa Sammitinə yüksək səviyyədə qatılmadı. Üçüncü amil odur ki, Azərbaycan tərəfi əməkdaşlığı yubatmaq istəyirdi, çünki bizdə şəxsi maraqlar milli mənafelər kimi təqdim olunur. Bu, ondan ibarətdir ki, hakim dairələr iqtisadiyyatda öz maraqlarını gücləndirmək üçün bu tipli danışıqlardan və əməkdaşlıqdan çəkinir. Çünki bu cür danışıqlar daha şəffaf hökumətin və hüquqi dövlətin qurulmasını özündə ehtiva edir. Bunlar hamısı milli elitanın maraqlarına ziddir. 19 may yanğın faciəsi də maraqların harda olduğunu göstərdi. Məsələ ondadır ki, 19 maya qədər oxşar yanğınlar olmuşdu, amma reaksiya istənilən səviyyədə deyildi. Səbəb də həmin binaların üzlənməsində çox böyük pulların mənimsənilməsi idi, söhbət milyonlardan gedir.


– Bəs Əliyevin Riqa Sammitində iştirak etməməsində Patruşevin Bakı səfərinin rolu olmuşdumu?

– Məncə, onun gəlişi daha çox Avropa Oyunları zamanı Putinin Bakı səfərində təhlükəsizliyinin təmin olunması ilə bağlıdır. Əlbəttə, səfərdə başqa məsələlər də vardı, elə 9 may tədbirlərində də prezidentlərin müəyyən söhbətləri oldu. Çünki ona qədər çoxdan idi ikitərəfli danışıqlar olmamışdı.


– Siz “milli elita” dediniz, adətən buna “beşinci kolon” da deyilir, bəs milli elita deyədə prezident İlham Əliyev harda dayanır?

– Başında. Prezidentdirsə, harda olmalıdır?


– Belə çıxır ki, bütün korrupsiya piramidasının başında İlham Əliyev dayanır?

– Əlbəttə ki. Başqa necə ola bilər?!


– Ona görə Avropa Parlamentinin prezidenti Martin Şults bildirdi ki, Belarus və Azərbaycanın daxili quruluşları Avropa dəyərlərinə ziddir?

– Əlbəttə ki, ciddi problemlər var və daxili quruluşlar Avropa dəyərlərinə ziddir. Ancaq Belarusla Azərbaycan arasında fərqlər də var. Belarusda avtoritar sistemdir, azadlıqlar Azərbaycandakı kimi boğulur, sadəcə, korrupsiyanın səviyyəsi bizdən xeyli aşağıdır. Belarus sosialyönümlü dövlətdir, orda adi vətəndaşlarla yüksək vəzifəlilər arasında böyük fərqlər, uçurum yoxdur. İqtisadi münasibətləri də daha şəffafdır, həm də Lukaşenkonun və ətrafındakı məmurların korrupsiya sxemlərində iştirakı haqqında ciddi faktlar da yoxdur. Bilirsiniz, tiplər başqadır, Belarus daha çox sosial-kommunist sisteminə bənzəyir, Azərbaycanda isə sırf oliqarxik sistemdir, burda siyasi hakimiyyətlə biznes kapitalının bir əldə cəmləşməsini görürük. Ki, bu da klassik oliqarxik sistemin yaradılmasına rəvac verib. Belarusda isə avtoritar idarəetməyə əsaslanan sistem qurulub. İkincisi, Belarusun Azərbaycandan fərqli olaraq durumu daha təhlükəli və ciddidir. Orda ruslaşma ciddi şəkildə gedib, Rusiya ilə sərhəddirlər, ruslar da çoxdur, bu mənada Moskva orda Ukraynadan da şiddətli vəziyyət yarada bilər. Hətta Lukaşenko dəfələrlə bununla bağlı mesajlar verməyə məcbur olub.


– Riqa Sammiti ərəfəsində ABŞ dövlət katibinin insan haqları üzrə köməkçisi Tomas Malinovskinin Bakıya səfəri də ləğv olundu, sizin agentlik səfərin baş tutmamasını Azərbaycanın istədiyini yazmışdı. Bu amil də hakimiyyətin artıq Rusiyaya yaxınlaşma siyasətinin olduğunu göstərmirmi?

– Məsələ ondadır ki, ABŞ tərəfi indiki mərhələdə hər hansı danışığın aparılmasını istəməməsi haqqında düzəliş verdi. Çünki qarşı tərəf götürdüyü öhdəliklərin yerinə yetirilməsi haqqında danışıqların aparılmasına hazır deyil.


– Belə olduqda Azərbaycan tərəfinin iri addımlarla Rusiyaya doğru irəlilədiyini demək olarmı?

– Mən irəliləmək deməzdim, çünki bizdə bu məcburidir. Yəni Rusiyanın təzyiqləri nəticəsində bu irəliləmə olur. Ötən ilin iki ölkə arasındakı ticari münasibətlərini götürdükdə 1 milyard manat azalma var, biz Rusiyadan daha az mal almışdıq. Bu fakt Rusiya hakimiyyətində narazılığa səbəb olmuşdu. Riqa Sammitində enerji sahəsində çox ciddi əməkdaşlıq qeyd olundu və Azərbaycanla böyük perspektivlərin olduğu bildirildi. Prinsipcə, Qərb bu sahədə əməkdaşlığa da razıdır.


– Bəs insan haqları və demokratiya məsələsində?

– Yox, demokratiya məsələsinin problem olduğunu bilirik. Mən demək istəyirəm ki, Azərbaycanın iqtisadi münasibətləri daha çox Qərbə yönəlib, nəinki Rusiyaya. Ruslar da bunu gördüyündən müəyyən dərəcədə narazıdır. Onlar Azərbaycanda mövcud olan leqal və qeyri-leqal kapitalın Rusiya iqtisadiyyatına yatırılmasına maraqldırlar.


– Riqa Sammiti gedən zaman Azərbaycan rəsmiləri Qərb diplomatlarını riyakarlıqda ittiham edirdilər, daha çox Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovun çıxışlarında bunları görürdük. O, sammitin yekun bəyanatında Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün tanındığını, Azərbaycanın isə adının çəkilmədiyini demişdi. Azərbaycana bu cür münasibəti necə dəyərləndirirsiniz?

– Azərbaycan hakimiyyəti Ermənistanı işğalçı kimi tanımamağı, Rusiyanı isə tanımağı, yaxud insan haqlarına gələndə, 1 milyon məcburi köçkünün taleyindən danışmamağı, amma siyasi məhbuslar məsələsinin qabardılmasını ikili standart kimi qələmə verir. Hakimiyyət bu məsələləri götürdüyü öhdəliklərlə bağlı iradları rədd etmək üçün qabardır. Məqsəd Azərbaycanda şəffaf, hüquqi və demokratik dövlətin qurulmasını ləngitməkdir. Söhbət ondan getmir ki, kimsə bizdən nəsə tələb edir, biz özümüz bunları etməliyik. Sağlam dövlət qurmalıyıq ki, hər bir vətəndaş bu prosesdə iştirak etsin və onun nəticələrindən bəhrələnsin. Azərbaycan hakimiyyəti bunu başa düşə bilmir. Ölkəmizin potensialı o qədər yüksəkdir ki, çox uğurlara nail ola bilərdik. Məsələn, pensiyalar və maaşlar iki-üç dəfə yüksək ola bilərdi. Yaxud mənzillərin, avtomobilərin, başqa malların qiyməti kifayət qədər aşağı ola bilərdi.


– O zaman binaları penoplastla üzləmək imkanı da olmayacaqdı…

– Ona heç ehtiyac da olmazdı. Biz tamam başqa bir səviyyədə yaşayardıq. Kimsə irad bildirə bilər və sən də narazı qalarsan. Amma sən onu səbəb kimi götürüb öz millətini yoxsul vəziyyətə salmalısan? Buna bəraət qazandırmaq olarmı ki, kimsə sənə ikili standartlarla yanaşırsa, bunun əvəzini millətdən çıxırsan? Bu, nə deməkdir?!


– Mehman bəy, bir sıra analitiklər Riqa Sammitinin yekun bəyanatının 1996-cı il Lissabon Sammitinin yekun bəyanatıyla oxşar xarakterdə olduğunu qeyd edib unudulacağını söyləyirlər. Səbəb də yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyünün tanınmamasıdır, bu barədə nə deyə bilərsiniz?

– Birincisi, Azərbaycanın ərazi bütövlüyü həmişə tanınıb və sammitin sənədlərində qeyd olunub. Biz Azərbaycan tərəfinin Riqa Sammitində iştirak etməməsinin səbəblərini göstərdik. Ancaq iyul-avqust aylarında Bakı sazişin imzalanmasına doğru addım atacaq. Mən, ümumiyyətlə, hakimiyyətin islahatlara başlayacağını gözləyirəm. Çünki, bu, artıq zamanın tələbidir, vəziyyət hər gün pisləşdiyindən islahatların başlanması gündəmə gəlib. Məlumatlara görə, bu istiqamətdə sənədlər də hazırlanıb. O cümlədən, modernləşmə haqqında sazişin tərkib hissəsi olan real layihələr. Bu paketin ortaya çıxacağını gözləyirəm, başqa çıxış yolu da yoxdur. Əgər olmasa, vəziyyət daha da pisləşəcək və hamı üçün durum çox çətin olacaq.

Ana səhifəVideoAzərbaycan Avropa Birliyi ilə sıx əməkdaşlığa hazır deyil (VİDEO)