Azərbaycan MN: “Xəsarət alan olmayıb”
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozduğunu iddia edir.
Qurumun yaydığı məlumatda deyilir ki, sentyabrın 7-də, saat 08:10-dan 12:40-dək Qarakilsə rayonunun Noravan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Laçının Əhmədli yaşayış məntəqəsi müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bildirilir ki, Azərbaycanın təminat yollarının çəkilməsi məqsədilə yol işləri aparan mülki şirkətə məxsus texnika da atəşə məruz qalıb:
“Şirkətin texnikasına zərər dəysə də, xəsarət alan olmayıb”.
“Dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə nazirlik əlavə edib.
Ancaq Ermənistan Müdafiə Nazirliyi məlumatı yalanlayıb:
“Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın mülki ekskavatorunu atəşə tutması barədə bəyanatı dezinformasiyadır”.