Azərbaycan Amerikaya nota verdi

Səfirlik notaya cavab verdi: ”ABŞ-ın münaqişəyə yanaşmasında mövqeyi dəyişməyib”

Source:


Səfirlik notaya cavab verdi: ”ABŞ-ın münaqişəyə yanaşmasında mövqeyi dəyişməyib”

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta martın 12-də Xarici İşlər Nazirliyinə çağrılıb.

Məlumatı XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev

yayıb

.

Mətbuat xidmətinin rəhbəri bildirib ki, R.Sekuta özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və ABŞ konqresinin inzibati binasında bu rejimi təbliğ edən tədbirin keçirməsi ilə əlaqədar XİN-ə çağırılıb. Nazirliyin Dövlət Departamentinə ünvanlandığı etiraz notası səfirə təqdim edilib:

“Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb. Notada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Bako Saakyanın saxta məlumatlar təqdim edərək, Ermənistan pasportu ilə ABŞ vizası alması və ABŞ ərazisinə daxil olması, ABŞ-ın müvafiq təsisatlarında qondarma separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalını dəstəkləmək üçün ABŞ ərazisində maliyyə toplamaq məqsədi daşıyan tədbirlər keçirməsinə icazə verilməsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə, Azərbaycan və ABŞ arasında imzalanmış ikitərəfli sənədlərə, ABŞ-ın rəsmi mövqeyinə zidd olduğu qeyd olunub. ABŞ-ın bu addımı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət kimi qiymətləndirilib. Həmçinin, Azərbaycanın ABŞ-ın beynəlxalq hüququn norma və prinsipləri əsasında daşıdığı öhdəliklərini vicdanla yerinə yetirməli olduğunu və ABŞ ərazisində Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyətlərin qarşısını almalı olduğu qeyd olunub”.

Hikmət Hacıyev deyib ki, ABŞ ilə Azərbaycan digər sahələrdə tərəfdaşlıq münasibətlərinə malik olduğu halda, ABŞ tərəfindən həyata keçirilən bu təəccüblü addımı ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin dəyişməsi kimi qiymətləndirir və qərəzli hesab edirlər:

“Post-sovet məkanında olan digər separatçı rejimlərə münasibətdə ABŞ tərəfindən xüsusi sanksiyalar tətbiq olunduğu halda, Azərbaycana qarşı hərbi təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin nümayəndələrinin ABŞ ərazisinə daxil olmasına imkan yaradılması ikili standartların təzahürüdür. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi, ABŞ BMT Təhlükəsizlik Şurasının konsensusla qəbul edilmiş müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsinə və bu xüsusda, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına çalışmalıdır. ABŞ-ın bir tərəfdən münaqişənin danışıqlar yolu ilə həllinə çağırış etməsi, digər tərəfdən qondarma rejimin təbliğinə imkan yaratması və Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni əməllərə göz yumması ABŞ-ın qərəzsizliyi və obyektivliyi barədə ciddi suallar yaradır. ABŞ-ın bu addımı danışıqlar prosesinə ciddi şəkildə xələl gətirir, regionda gərginliyin artmasına xidmət edir və davamlı sülh və təhlükəsizliyin təmin olunması istiqamətində olan səylərə ciddi zərər vurur”.

ABŞ-ın Azərbaycandakı səfirliyi Qarabağ separatçılarının lideri Bako Saakyanın Vaşinqtona səfəri ilə əlaqədar Azərbaycan XİN-in bugünkü etiraz notası ilə bağlı Meydan TV-ni  soruğusuna  cavab verib.

Səfirlik bildirib ki, ABŞ-ın münaqişəyə yanaşmasında mövqeyi dəyişməyib:

“ABŞ, digər ölkələr, o cümlədən Ermənistan da daxil olmaqla, de-fakto Dağlıq Qarabağ rejimini tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupu həmsədrlərinin prosesini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktının prinsipləri: gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək”.

Ana səhifəXəbərlərAzərbaycan Amerikaya nota verdi