Politoloqların bu məsələdə fikirləri haçalanır
Son bir neçə gündə mətbuatın diqqət mərkəzinə gətirdiyi məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin özünün “Twitter” səhifəsində Azərbaycan-Ermənistan münaqişəsi barədə yazdıqlarıdır. Cənab Uorlik danışıqlarda Qarabağın erməni icmasının iştirakına eyham vurub, ondan əvvəl isə Sumqayıt hadisələrini xatırladığı haqda qeyd yazıb. Xocalı faciəsinin ildönümündə isə susub.
Bu yanaşma Azərbaycan hakimiyyətinin rəsmilərinin etirazı ilə qarşılanıb. XİN müavini Araz Əzimov APA-nin sorğusuna cavab verib ki, açıqlamalar Bakının diqqətindən kənarda qalmayıb: “Başqa mənbələrdən, o cümlədən Vaşinqtondan da aldığımız informasiyalara görə, amerikalı həmsədr ABŞ-ın erməni diasporunun nümayəndələri ilə sıx əlaqələrə malikdir, hansı ki, onlar münaqişənin həllində barışmaz mövqedən çıxış edirlər. Sosial şəbəkələrdəki qeydlərə hətta gözucu baxmaq kifayətdir ki, amerikalı həmsədrin ABŞ-dakı erməni diasporu ilə təmaslara daha çox üstünlük verdiyini görəsən. Bununla yanaşı, Uorlik nəyə görəsə erməni kütləvi informasiya vasitələrinə müsahibələrinin istinadlarını həvəslə bölüşür, Azərbaycan jurnalistləri ilə təmasları barədə isə susur. Cənab Uorlik vasitəçilərin fəaliyyəti üçün dəqiq çərçivələr və mandat müəyyən edən və eyni zamanda həll prosesinin təməlində dayanan beynəlxalq hüququn norma və prinsiplərini özü bildiyi kimi şərh edir. Bəzi mülahizələri isə ümumiyyətlə, provokasiya xarakterlidir”.
XİN rəsmisi Azərbaycan tərəfinin cənab Uorlikin Minsk Qrupunun etimadı azaldan, həmsədrlərin mandatına zidd olan və ümumilikdə danışıqlar prosesinin gedişinə zərər vuran bu addımlarına göz yummayacağını deyib: “Onun həmsədrlikdən geri çağırılması məqsədilə ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət etmək üçün Azərbaycan tərəfinə hər cür əsas verir. Çünki o, bizə başqa seçim imkanı qoymayıb. Bizə isə özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ölkəni təmsil edən həmsədrin gerçək məqsədləri barədə düşünmək qalır”.
Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov olaya bir qədər ironik yanaşıb: “Hərdən elə təəssürat yaranır ki, cənab Uorlik Dağlıq Qarabağ münaqişəsini ”Twitter”də həll etmək istəyir”.
Bütün bunlardan o nəticə yaranır ki, rəsmi Bakı ATƏT və Vaşinqton qarşısında həmsədrin dəyişməsi məsələsini qaldırmaq niyyətindədir.
Konfliktoloq Elxan Mehdiyev Meydan TV-yə bildirdi ki, bu, yeganə məsələdir ki, Azərbaycan hakimiyyəti ilə fikirləri üst-üstə düşür.
Elxan Mehdiyev Araz Əzimovun bu barədə açıqlamasının həqiqət olduğunu deyib: “Mən cənab Uorlikin həmsədr təyin olunandan fəaliyyətini izləyirəm. Yumşaq formada desək, amerikalı diplomat diletant kimi hərəkət edir, yazdıqları və çıxışları da tamamilə qəbuledilməzdir, o cümlədən, həmsədrlik funksiyasına uyğun deyil. Məncə, o, Mətyu Brayzanın başqa formasıdır. Mən onun Ermənistan televiziyasına və Azadlıq Radiosunun erməni bölməsinə müsahibələrinə baxmışam, o cümlədən, erməni diaporunun lideri Ken Xaçikiyanla görüşündə Dağlıq Qarabağ barədə söhbətini izləmişəm. Halbuki, Ken Xaçikyan daşnakların faşist təmayüllü təmsilçisidir, belə olanda, bu adamın hansı konstruktiv fikirləri ola bilər?!”
Konfliktoloq hesab edir ki, Azərbaycan birbaşa Dövlət Departamenti ilə danışıqlara keçib məsələni qaldırmalıdır: “Biz ABŞ-nin həmsədrliyindən yox, Uorlikin həmsədrliyindən imtina edirik. Bu mənada Azərbaycan bu addımı atsa, çox sevinərdim. Düşünürəm ki, ATƏT-lə yox, birbaşa ABŞ-la danışmaq daha yaxşı olar. Bu məsələni ATƏT yox, Vaşinqton həll edir, çünki sonucda həmsədr ABŞ prezidentinin imzası ilə fəaliyyətə başlayır. Bakı bu yöndə addım atarsa, faydalı olmaqla bərabər başqa həmsədrlərə də dərs olar”.
Politoloq Leyla Əliyeva Meydan TV-yə açıqlamasında məsələyə fərqli yanaşdığını dedi. O, hesab edir ki, Azərbaycan indiki vəziyyətdə Amerikadan daha çox Rusiyanın aqressiv hərəkətlərini ATƏT qarşısında qaldırmalıdır: “Mən Moskvanın Ukrayna hadisələrində sərgilədiyini aqressiyanı beynəlxalq səviyyədə qaldırılmasının tərəfdarıyam, bizə yaxşı fürsət düşüb. Çünki Rusiya həmişə Ermənistana dəstək verib, amma Ukrayna hadisələri zamanı Kremlə yaxın şəxslərin açıqlamaları bu məsələni qaldırmağa şans yaradıb. Bu mənada Uorlik məsələsinin bu cür qaldırılmasında məntiq görmürəm”.