Azərbaycan ABŞ-la münasibətlərinə yeni impuls gətirir

Onun fikrincə, Minsk Qrupuna daxil olan Qərb dövlətləri bu prosesdə münaqişənin həlliylə bağlı fəallıq göstərib daha diplomatik təşəbbüslər ortaya qoya bilərlər və bu, münaqişənin xeyrinə ola bilər.


Prezident İlham Əliyevin rəsmi Vaşinqtona isti mesajları nədən xəbər verir?

ABŞ Prezidenti Corc Baydenin “erməni soyqırımını” tanımasına baxmayaraq yeni administrasiyanın Türkiyə və Azərbaycanla münasibətləri yeni inkişaf mərhələsinə keçirmə cəhdləri göz qarşısındadır.

Dövlət katibi Entonu Blinkinin İlham Əliyevlə telefon danışığı, prezident Baydenin 28 May Respublika Günü münasibətilə İlham Əliyevə təbrik məktubu və digər əlaqələr ABŞ-da yeni administrasiyanın Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda mövqelərinin möhkəmləndirmə siyasətini nümayiş etdirir. Görünən odur ki, Azərbaycan da Rusiyanın bölgədə, xüsusilə də Qarabağ münaqişəsinin nizamlanması prosesində hegemonluğunu istəmir və ABŞ-ın bu məsələnin həll prosesinə cəlb edilməsinə cəhdlər göstərir.

“Boeing” şirkəti ilə yeni müqaviləni Azərbaycan tərəfinin münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün atdığı addımlardan biri kimi xüsusi qeyd etmək lazımdır. Eksperlər bu müqavilənin iqtisadidən, daha çox siyasi olduğu qənaətindədirlər.


“Azərbaycan ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyir”

Mayın 21-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı prezident İlham Əliyev ABŞ-la bağlı bir neçə müxtəlif suala cavab verərkən, rəsmi Vaşinqtonla əməkdaşlıq etmək istədiyini, ABŞ-dan müsbət mesajlar gözlədiyini gizlətməyib.

Müzakirələrin ABŞ-dan olan iştirakçılarının suallarını cavablandırarkən, İlham Əliyev hazırki administrasiya ilə əvvəllər isti münasibətlərinin olduğunu qeyd edib.

“ABŞ-ın yeni administrasiyası bizim üçün o qədər də yeni deyil. Biz Obama-Bayden administrasiyası ilə yaxından əməkdaşlıq etmişik. Mən 2016-cı ildə Vaşinqtonda o zaman vitse-prezident vəzifəsində çalışan cənab Baydenlə görüşümüzü, ikitərəfli gündəliyimizə daxil olan mövzuların geniş dairəsi, beynəlxalq məsələlər ilə bağlı çox yaxşı və səmərəli müzakirəmizi xatırlayıram. Yadımdadır ki, Prezident Baydenin o zaman regionun problematikasına dair dolğun məlumatı var idi və o, ABŞ ilə Azərbaycan arasında münasibətlərə böyük dəyər verirdi”.

Daha sonra İlham Əliyev ABŞ-a hərbi sənaye sahəsində əməkdaşlıqla bağlı açıq mesaj da göndərib.

“Biz ABŞ hərbi avadanlığına çıxış əldə etmək istəyirik. Bu günədək təəssüf ki, bizim belə bir imkanımız yoxdur. Bu, yəqin ki, Ermənistanla münaqişə ilə bağlı idi. Ancaq artıq münaqişə öz həllini tapıb və beləliklə, ABŞ-la müdafiə sənayesi sahəsində əməkdaşlıq etməmək üçün səbəb görmürəm”.

İlham Əliyev həmçinin ABŞ-ı Azərbaycanla Ermənistan arasında məsələlərin həlli üçün sülh müqaviləsinin bağlanmasında vasitəçi olmağa da dəvət edib.

“Əminəm ki, ABŞ administrasiyası ilə təmaslarda növbəti irəliləyişin şahidi olacağıq. Biz Ermənistanla sülh sazişi üzərində işləməyə hazırıq. ABŞ öz potensialından istifadə edərək Ermənistanı inandıra bilər ki, bu, irəli getməyin yeganə yoludur və revanş məsələsinin hətta ağıllarına belə gətirilməsi onlar üçün olduqca təhlükəli olacaq. Yəni, çoxlu imkanlar və gözləntilər var, ancaq biz ABŞ administrasiyasının tam olaraq işə başlamasını gözləyir və mesaj almaq istəyirik ki, onlar bizimlə münasibətləri necə qurmaq istəyirlər”.


“Böyük Britaniya faktoru”

ABŞ-la münasibətlər kontekstində Böyük Britaniya faktorunu da yaddan çıxarmaq olmaz. Avropada bir çox siyasi ekspert Böyük Britaniyanı tamamilə Azərbaycanyönümlü siyasət apardığını iddia edirlər və İkinci Qarabağ müharibəsi zamanı bunun daha parlaq büruzə verdiyini vurğulayırlar. Belə iddialar fonunda Britaniyanın Avropada həmçinin ABŞ maraqlarını da dəstəklədiyi imicini nəzərə alsaq, Birləşmiş Ştatlarla münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün Vaşinqton-London-Bakı üçlüyünün formalaşması nəzərə çarpır. Aydındır ki, bu üçlük yalnız yerləşdiyimiz bölgədəki proseslər üçündür. ABŞ-la diplomatik əlaqələrin aktivləşməsi fonunda Böyük Britaniyanın ixracat üzrə nazirinin Bakıya səfərini və rəsmi görüşlər zamanı gələcək əməkdaşlığa yönələn vacib bəyanatları da nəzərə almaq lazımdır. Həmçinin də nəzərə almaq lazımdır ki, belə səfərlər yalnız rəsmi elan edilən gündəlikdən ibarət olmur və pərdəarxası danışıqlar zamanı bir çox məsələ müzakirə edilir. Təbii ki, hazırda Azərbaycan üçün ən maraqlı məsələ Ermənistan ilə münasibətlərin hər hansı bir formasının tapılması, iki dövlət arasında gərginliyin aradan qaldırılması və Qərb dövlətlərinin Rusiyanın münaqişənin həllini inhisara götürməyə imkan verməməsi üçün addımlarıdır.


“İşğaldan azad olunan ərazilərin bərpasına ABŞ şirkətləri də dəvət edilməlidirlər”

Qeyd olunan məsələləri Meydan TV üçün şərh edən Azərbaycan Demokrat Partiyasının sədri, 1992-ci ildə Milli Təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər Bayden hakimiyyətə gəldikdən sonra, xüsusən II Qarabağ savaşı dönəmində təkliflər paketi ilə çıxış etdiyini bildirib. Sülhəddin Əkbərin təkliflərindən bir qismi də regionda yaranan vəziyyətə uyğun olaraq güc mərkəzləri ilə yeni şəraitə əsasən yeni səviyyədə münasibətlərin qurulması idi.

“Birincisi, Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq xartiyası imzalasın, NATO-dan kənar əsas müttəfiq statusunun Azərbaycana verilməsi ilə bağlı rəsmi Bakı danışıqlara başlasın. Eyni zamanda, Azərbaycan Avropa Birliyi ilə indi müzakirə olunan sazişi imzalamalı, həm də Azad Ticarət Zonasının yaradılması barədə sənədin imzalanması müzakirəsinə başlamalıdır. Bundan əlavə, NATO ilə genişləndirilmiş və dərinləşdirilmiş tərəfdaşlıqla bağlı müzakirələrə başlamalıydı”.

Onun fikrincə, bu müzakirələri Rusiyanın Azərbaycanda və regionda artan nüfuzunun balanslaşdırılması yönündə atılan addımlar kimi dəyərləndirmək olar. Sülhəddin Əkbər həm dövlət başçısının məlum çıxışını, həm də köməkçisinin NATO-ya səfərini, Avropa Birliyi ölkələrinin səfirləri ilə görüşünü bu istiqamətdə atılan addımlar kimi dəyərləndirdiyini bildirib:

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

“Bura ABŞ Milli Təhlükəsizlik Şurasının katibi Sallivanla Əliyev arasında telefon danışığını da əlavə etmək olar. Bu baxımdan gedişatı müsbət qiymətləndirirəm. Azərbaycan bu addımları atmalıdır, indiki ritorika səviyyəsində qalmamalı, daha ciddi qərarlara ehtiyac var. Əks halda Ermənistan və erməni lobbisi vəziyyətdən istifadə edəcək. Xüsusən də nəzərə alın ki, Minsk Qrupunun üzvü olan iki böyük dövlət bu prosesdən kənarda qoyulub və onlar yaranmış vəziyyətdən ciddi narahatdırlar, narazıdırlar”.


“Rusiyanı regionda balanslaşdıra biləcək yeganə qüvvə ABŞ-dır”

Sülhəddin Əkbər hesab edir ki, əlaqələrin dərinləşməsi üçün işğaldan azad olunan ərazilərin bərpasına ABŞ şirkətləri də dəvət edilməlidirlər.

Bundan başqa, o hesab edir ki, Ermənistanda parlament seçkilərindən sonra Nikol Paşinyan hakimiyyətdə qalsa, Qərblə əvvəlki siyasətini davam etdirsə, həm də Rusiyadan tam asılılıqdan qurtulmağa cəhd göstərərsə, ABŞ üçün Azərbaycanla Ermənistan arasında münasibətləri normallaşdırmaq asan olar.

“Vaşinqton ABŞ-dakı erməni lobbisinin mövqeyindən istifadə edərək bu prosesə girişə bilər. Əslində, gedişat həm də Azərbaycanın maraqlarına uyğundur ki, proses tək Rusiyanın monopoliyasında olmasın. O zaman Azərbaycan-Rusiya münasibətlərində də rəsmi Bakının əli güclənə bilər”.

Bununla belə, Sülhəddin Əkbər qeyd edib ki, Rusiya neçə ildir Azərbaycanın həm Avrasiya İqtisadi Birliyinə, həm də KTMT-na inteqrasiya olunmasının tərəfdarı olduğunu gizlətmir.

“Sadəcə, Rusiyanın məqsədi odur ki, sərhədlərin demarkasiyası və delimitasiyası da onun maraqları çərçivəsində getsin. Yəni iki respublikanın münasibətləri məhz Moskvanın inhisarçılığı ilə həll edilsin. Belə də artıq prosesin Rusiyanın inhisarında olması möhkəmlənəcək”.

Bu baxımdan o, hesab edir ki, hazırki zamanda Rusiyanı regionda balanslaşdıra biləcək yeganə qüvvə ABŞ-dır.

“Bir çox məsələ iyunda, Böyük Britaniyada keçiriləcək “Böyük yeddilər”in və ardınca NATO samitindən asılıdır. Eyni tarixi dövrdə Putin və Bayden görüşü nəzərdə tutulur. Unutmayaq ki, NATO sammitində Ərdoğan-Bayden görüşü də mümkündür. Bütün bunlardan və qəbul olunacaq qərarlardan çox şey asılıdır. Əgər kollektiv Qərb Rusiya ilə vahid mövqeyə gələcəksə, xarici siyasətlərinin koordinasiyasında birgə qərar qəbul edəcəksə, o zaman Azərbaycanın işi də nisbətən asanlaşacaq. Çünki Türkiyə bütövlükdə Cənubi Qafqazda, xüsusən də Azərbaycanda həm də kollektiv Qərbin siyasətinin ötürücüsü missiyasını da yerinə yetirəcək. Belə olduqda Türkiyənin əli danışıqlarda güclü olacaq”.


“ABŞ-nin son dövrdə fəallaşmasını təbii ki, arzulamaq olar”

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli Meydan TV ilə söhbətində münaqişənin həllinin tam olaraq Rusiyanın əlində olması fikri ilə razılaşmadığını qeyd edib:

“Ən azından bağlı qapılar arxasında müəyyən dövrdə Ermənistana təzyiqlər olsa da, açıq şəkildə biz bu təzyiqlərin şahidi olmadıq. Əlbəttə, Rusiyanın Ermənistana təzyiq imkanları var, amma Qərb dövlətlərinin də təzyiqləri olub. Bu baxımdan ABŞ-nin son dövrdə fəallaşmasını təbii ki, arzulamaq olar”.

Anar Məmmədli
Anar Məmmədli

Onun fikrincə, Minsk Qrupuna daxil olan Qərb dövlətləri bu prosesdə münaqişənin həlliylə bağlı fəallıq göstərib daha diplomatik təşəbbüslər ortaya qoya bilərlər və bu, münaqişənin xeyrinə ola bilər.

Azərbaycanın ABŞ-la hərbi sənaye sahəsində əməkdaşlıq perspektivlərini şərh edən Anar Məmmədli 907-ci düzəlişin qüvvədə olmasını qeyd edib və bildirib ki, bu sənəd qaldıqca, elə bir ciddi əməkdaşlığın yaranacağına inanmaq olmur:

“Amma Azərbaycanın milli maraqlarının, xüsusilə sərhədlərinin qorunması yönündə Vaşinqtonun dəstəyi olub, zaman-zaman müəyyən texniki avadanlıqların alınması ilə bağlı məlumatlar yayılıb. Bu istiqamətdə bəlkə yenidən nəsə ola bilər. Söhbət milli ordunun, hərbi-sənaye obyektlərinin gücləndirilməsindən deyil. Ola bilsin ABŞ-nin dəstəyi daha çox sərhədlərin təhlükəsizliyi ilə bağlı məsələlərdə, xüsusən Xəzər dənizi, İranla sərhədlərin müdafiəsində mümkündür”.


“Rəsmi Bakı münaqişənin uzanmaması üçün hər vəchlə çalışmalıdır”

Bununla belə, Anar Məmmədli ABŞ-Azərbaycan münasibətlərinin güclənməsinin Qarabağ münaqişəsinin həllinə təsirinin olub-olmamasını gələcəyin göstərəcəyi fikrindədir.

“ABŞ-Azərbaycan münasibətlərinin güclənməsi, inkişafı təbii ki, regionda bir super dövlətin daha da fəallaşmasına səbəb ola bilər. Azərbaycan nəinki ABŞ-la digər Qərb dövlətləri ilə intensiv əməkdaşlığa üstünlük verməlidir. Çünki bölgədə Rusiyanın sülhməramlı hərbi kontingenti yerləşdikdən sonra Qərb dövlətləri bu məsələyə daha da həssas yanaşmalıdırlar. Əlbəttə, bu, birbaşa Azərbaycanın təşəbbüslərindən asılı məsələdir”.

Onun fikrincə, rəsmi Bakı münaqişənin uzanmaması üçün hər vəchlə çalışmalıdır. Bununla da rus sülhməramlılarının kontingentinin mandatının gələcəkdə uzanması perspektivi yaranmasın. O qeyd edib ki, bunun üçün çoxşaxəli əməkdaşlığa üstünlük vermək lazımdır.

“Yalnız ABŞ yox, həm də Avropa dövlətləri ilə əməkdaşlığı gücləndirmək lazımdır. Onların bölgədə münaqişənin həllində hərbi güc kimi iştirakından söhbət getmir. Ümumiyyətlə, maliyyə donoru kimi bir çox layihənin icrasında əsas iştirakını təmin etmək lazımdır. Düşünmürəm ki, Rusiya bölgədə hərbi kontingenti olduğu halda, münaqişənin həllinə aparacaq iri sosial-iqtisadi, infrastruktur layihələrinin maliyyələşməsində maraqlı olsun. Daha çox maddi imkanları olan ABŞ və Avropa ölkələridir. Ona görə Azərbaycanın siyasi rəhbərliyi çalışmalıdır ki, bu prosesdə onların həm maliyyə və texniki, həm də siyasi dəstəyindən istifadə etsin. Bu, münaqişənin həllində Azərbaycanın gücünə güc qata bilər, həm də Ermənistanı revanşist addımlardan çəkindirə bilər”.

Ana səhifəSiyasətAzərbaycan ABŞ-la münasibətlərinə yeni impuls gətirir