Azərbaycan 2020: Mətbuat nədən yazdı?

Ümumilikdə 622 hərbçi “İgidliyə görə”, 1113 hərbçi “Döyüşdə fərqlənməyə görə”, 5449 hərbçi isə “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Source: google.az


Ötən il bir çox hadisə gündəmi zəbt edib

Arxada qalan 2020-ci ildə Azərbaycan gündəmi çox dəyişkən oldu. Baş verən hadisələr mediada da əks edildi. Meydan TV ötən ilin hansı ayında gündəmi hansı mövzunun zəbt etdiyinin xronikasını çıxarıb.


Yanvar

Gəncədə iki polis polkovnikinin öldürüldüyü aksiyanın təşkilində günahlandırılıb, həbs edilənlərdən Fikrət Mirzəliyev azadlığa buraxılıb. O, 6 il azadlıqdan məhrum edilmiş, sonradan cəzası 1 il 6 aya endirilmişdi.

Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev Daxili işlər orqanlarında xidmətdən xaric edilib. Vüqar Mehdiyev rüşvət almaqda şübhəli bilinirdi.

Korrupsiya ittihamı ilə həbs olunan Ağstafa Rayonunun İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində çalışan oğlu Ramal Quliyev işdən çıxarılıb.

Yanvarın 14-də Azərbaycan-Gürcüstan sərhədində insident baş verib. Hadisə zamanı Gürcüstan vətəndaşı saxlanılıb. O, qanunsuz şəkildə odlu silah əldə etməkdə və saxlamaqda günahlandırılırdı.

Mətbuatın yazdığına görə, həmin şəxs silah və qumbara ilə hədələyərək, Gürcüstan sərhədçilərini sərhədin razılaşdırılmamış hissəsinə doğru getməyə məcbur edib. O, bu zaman bir neçə dəfə atəş açıb. Bildirilir ki, Gürcüstan sərhəd polisi əməkdaşlarının sayəsində insident tamamilə həll olunub.

AŞPA-nın qış sessiyasının gündəliyinə “Azərbaycanda siyasi məhbuslarla bağlı məlumatlar haqqında iş” məsələsi daxil edilib. Yanvarın 27-də Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi, islandiyalı deputat Torhildur Sunna Evarsdottirin tərtib etdiyi qətnamə müzakirə olunub.

Yanvarın 15-də Gəncə hadisələrinə görə həbs olunanların yaxınları əvvəlcə Prezident Administrasiyasının önündə, sonra isə Ali Məhkəmənin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər.

1992-1993-cü illərdə Azərbaycanın Xarici işlər naziri olmuş Tofiq Qasımov yanvarın 26-da İsveçrənin Lüsern şəhərində vəfat edib.

_29903.width-1024.jpg
Avropa Şurası


Fevral

Azərbaycanın Səhiyyə naziri koronavirusla bağlı əmr imzalayıb. Ölkəyə gələn insanların yoxlanması qərarı alınıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Daxili İşlər Naizrliyini (DİN) məhkəməyə verib. Səbəb DİN-in 14 ildir ona xarici pasport verməkdən imtina etməsidir.

9 fevral parlament seçkilərinə namizədliyini verənlər polisə çağırılıb. Onlardan bəziləri çağırış əsasında polisə gedib, bəziləri isə bu çağırışa məhəl qoymayıb.

Fevralın 7-də Bakı şəhəri, Səbail rayonu ərazisində partlayış olub. İçərişəhər, İlyas Əfəndiyev küçəsi 10 ünvanda baş verən partlayış nəticəsində 7 nəfər yanıq xəsarətləri alıb.

Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “heykəl məhbusları”na görə Azərbaycanı 72 min avro cərimələyib.

AİHM qurama ittihamlarla həbs edilmiş, daha sonra azadlığa buraxılmış gənc fəallar Qiyas İbrahimli və Bayram Məmmədovun 6 şikayəti üzrə hökuməti cərimələyib.

Fevralın 18-də səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət Mərkəzində yanğın olub.

Fevralın 24-də Azərbaycan-İran sərhədi koronavirusa görə bağlanıb.

Azərbaycanın sabiq Daxili işlər naziri İsgəndər Həmidov fevralın 26-da vəfat edib.

“Müsəlman Birliyi” Hərəkatının üç üzvü saxlanılıb.

Xətai Rayon Məhkəməsi fevralın 27-də AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim haqda 10 sutka inzibati cəza qərarı çıxarıb. Məmməd İbrahim fevralın 26-da Xocalı abidəsini ziyarətdən sonra saxlanılıb.

Fevralın 28-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

889F8996-2C36-4366-8AEE-DF3F0AFF4B7E_w1200_r1_s.jpg
“Müsəlman Birliyi” Hərəkatı


Mart

Martın 2-də Azərbaycanda təhsil müəssisələri koronavirus təhlükəsinə görə bağlanıb.

ABŞ Dövlət Departamenti azərbaycanlı vəkil Şəhla Hümbətovanın “Cəsarətli qadınlar” illik mükafatının 12 qalibindən biri olduğunu bəyan edib.

Mart 8-də Feminist Hərəkatı Bakının Fəvvarələr Meydanında "8 MARŞ – Bizimdir Hürr Küçələr" adlı yürüş keçirib.

Aksiyanın əsas şüarı “Şiddətə susma!” olub.

Martın 12-də Azərbaycanda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb.

Martın 13-də Azərbaycanda toy, yas mərasimlərinin keçirilməsi qadağan edilib.

Martın 14-də Türkiyə-Azərbaycan sərhədi müvəqqəti bağlanıb.

“Palmalı” Şirkətlər Qrupunun sahibi, Türkiyədə yaşayan işadamı Mübariz Mənsimovun martın 15-də saxlanılıb.

Martın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Sərəncamda Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında Prezidentinin Təhlükəsizlik Xidmətinin yaradılması qeyd olunub.

Azərbaycanın Xalq artisti Rafael Dadaşov martın 16-da vəfat edib.

Martın 16-da həmçinin, Azərbaycanla Rusiya sərhədləri bağlanıb.

Martın 22-də Tofiq Yaqublu “Facebook” səhifəsində ciddi təxribatla üzləşdiyi barədə məlumat paylaşıb. O, “8-ci kilometr bazarı” yaxınılığında maşınının qəsdən vurulduğunu və ona hücum etdiklərini deyib. Müxalif fəal saxlanılıb.

Martın 22-də “Müsəlman Birliyi” Hərəkatının koronavirusa qarşı mübarizə məqsədilə Bakıda keçirdiyi aksiyanın iştirakçılarından Samir Babayevə 30 sutka inzibati həbs cəzası verilib. Sabunçu Rayon Məhkəməsinin qərarıyla o, İnzibati Xətalar Məcəlləsinin 535.1 (polis əməkdaşının qanuni tələbinə tabe olmama) maddəsilə təqsirli bilinib.

Martın 23-də Tofiq Yaqublu barəsində həbs-qətimkan tədbiri seçilib.

Martın 24-dən Azərbaycanda karantin rejimi tətbiq edilməyə başlayıb.

Martın 25-də ReAL Partiyasının təşkilat sədri həbs edilib. Ərəstun Baxşəliyev 10 sutka inzibati cəza alıb.

Martın 26-da Azərbaycanda 200 məhkumun vaxtından əvvəl azadlığa buraxılıb.

53825920_2456732504346572_6231508281001508864_o.jpg
“Şiddətə susma!” aksiyası


Aprel

Aprelin 5-dən Azərbaycana gələn yerüstü və hava nəqliyyatı dayandırılıb.

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sənəddə qeyd olunur ki, dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Prezidentə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılıb, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınıb. Sərəncam 176 nəfərə şamil edilib.

ReAl Partiyasının İdarə Heyətinin üzvü, İnsan Hüquqları Klubunun sədri Rəsul Cəfərov barəsində bəraət qərarı verilib.

Aprelin 23-də Ali Məhkəmənin Plenumu yeni açılmış hallarla bağlı Rəsul Cəfərovun barəsində qəbul edilən məhkəmə qərarlarını ləğv edərək, təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla iş üzrə icraata xitam verib. Hüquq müdafiəçisinə mənəvi zərərə görə 57400 manat kompensasiya təyin edilib.

ReAL sədri İlqar Məmmədovun barəsindəki cinayət işinə də bəraətverici əsaslarla xitam verilib. Onun İsmayıllı hadisələrinə görə məhkum edilməsi haqda hökm və bu hökmü qüvvədə saxlayan yuxarı instansiya məhkəmələrinin qərarları ləğv olunub.

İlqar Məmmədov
İlqar Məmmədov


May

Mayın 8-də “Günəşli” hasilat platformasında 2015-ci il dekabrın 4-də baş vermiş yanğın nəticəsində itkin düşmüş neftçilərdən ikisinin cəsədi tapılıb.

Azərbaycanlı idmançı Kamil Zeynallı karantin qaydalarını pozduğuna görə həbs edilib. O, pandemiya dövründə imkansız ailələrə kömək edirdi.

Azərbaycanda daha 2 bankın – “AGBank” və “NBC Bank”ın lisenziyası ləğv edilib.

Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarında yanğın olub.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq mayın 13-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində əməliyyat aparıb. Əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısının alındığı və bir neçə nəfərin həbs edildiyi açıqlanıb.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) mayın 26-da Azərbaycanla bağlı növbəti qərarını elan edib. “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” işi üzrə qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlıdır. AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadağan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl ediblər.

Azərbaycan ərizəçilərə 15,143,33 funt sterlinq təzminat ödəməlidir.

Mayın 25-də D18 Hərəkatının sədri Ruslan İzzətli hərbi xidmətə aparılıb.

d08da257-8681-4c6d-9a1c-5510d6ebfaa8_w650_r1_s.jpg
Ruslan İzzzətli


İyun

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) vəzifəli şəxslərinə cinayət işi açılıb. Həmin şəxslərin qanunsuzluqlara yol verdiyi bildirilir.

Xəzər dənizində iyunun 24-də iki nəfərin cəsədi tapılıb.

SOCAR-ın yayığı məlumata görə, bunlar 2015-ci ildə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdir.

Azərbaycanda LGBTİQ+ fərdləri onlayn qürur yürüşü keçirib. Onlar “Google Maps”də açıq xəritə yaradıb, olduqları yeri qeyd ediblər. Yürüşə 250-dən çox insan qatılıb. Onlar xəritə üzərində olduqları yeri işarələyib və oraya LGBTİQ+ bayrağını qoyublar.

İyunun 1-də bir qrup universitet tələbəsi Təhsil Nazirliyinin qarşısına toplanıb. Səbəb Çində yaranıb dünyaya yayılan COVİD-19 virusu dövründə onlardan təhsil haqqı tələb edilməsidir. Tələbələr bildiriblər ki, virus ərəfəsində çoxunun valideyni işləyə bilməyib. Odur ki, təhsil haqqını bu qısa müddətdə ödəmələri mümkün deyil. Universitetlər isə tələbələrdən təhsil haqqını ödəmələrini tələb edirdi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi açılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) cinayət işi başlanıb.

60390964.png
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq sədri Vüqar Səfərli


İyul

İyulun 4-də axşam saatlarında Bakının Binəqədi rayonunda yerləşən "Sobsan" boya fabrikində yanğın başlayıb.

İyulun 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Ermənistan tərəf isə baş verən döyüşlərə görə Azərbacanı günahlandırırdı.

“Tovuz döyüşləri”ndə Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirib. Dörd hərbçisinin yaralanması ilə bağlı məlumat yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi xəbərini açıqlayıb.

Dövlət çevrilişinə cəhd və vətənə xəyanət ittihamıyla 14 il həbs həyatı yaşayan Səid Dadaşbəyli iyulun 15-də azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 16-da Leyla və Arif Yunusların şikayətləri üzrə qərarını elan edib. Qərarda iddia olunan pozuntuların əksəriyyətinin tanındığı qeyd olunub. Məhkəmə hesab edib ki, Yunuslara münasibətdə Avropa Konvensiyasının 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat) 13-cü (səmərəli hüquq vasitələri hüququ), 18-ci, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ), 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələri pozulub.

İyulun 14-ü Bakı şəhərində orduya dəstək yürüşü və Milli Məclisin qarşısında toplantı keçirilib.

Gecə saatlarında bir qrup şəxs Milli Məclisə daxil olub. Polis əməkdaşları parlamentə girən şəxsləri oradan çıxardaraq əraziyə toplananları uzaqlaşdırıb. Bu zaman polis suvuran maşınlardan və gözyaşardıcı qazdan istifadə edib.

Yürüşə çıxan 36 nəfər həbs edilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusifli həbs olunub. İyulun 18-də Nəsimi Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb. Hakim Babək Pənahovun verdiyi qərarla A.Yusifli barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının iyulun 23-də saxlanılıb.

Bir neçə gün əvvəl saxlanılan cəbhəçilərdən daha ikisi iyulun 23-də Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılıb. Bunlar Elnur Həsənov və Rəşid Turabovdur. Onların hər ikisi iki gün əvvəl saxlanmışdı.

İlk dəfə olaraq Venesiya Film Festivalının əsas müsabiqəsində Azərbaycan filmi də yer alıb.

Bu, rejissor Hilal Bayramovun çəkdiyi “Səpələnmiş ölümlər arasında” filmidir.

Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində əməliyyat aparması barədə məlumat yayıb. Məlumata əsasən, istintaq-əməliyyat tədbirləri nazirliyin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı daxil olan məlumatlar əsasında keçirilib. Əməliyyatdan sonra saxlananlar olub.

Orduya-destek.jpg
14 iyul aksiyası


Avqust

SOCAR-ın “Azərkimya” İB-nın Sumqayıtda yerləşən Etilen-Polietilen zavodunda avqustun 7-də yanğın baş verib. Hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbs olunub.

ReAL Partiyasının Siyasi Komitəsi avqustun 18-də ilk iclasını keçirilib. Siyasi Komitə İlqar Məmmədovun namizədliyini partiyanın sədrliyinə irəli sürüb və yekdiklikdə onu səs verib.

Yazıçı Kəramət Böyükçöl avqustun 18-də günün ikinci yarısında saxlanılıb. Polislər onun yaşadığı evə gələrək qonşuların şikayət etdiyini deyiblər.

AXCP fəalı Fuad Əhmədlinin avqustun 18-də həbs müddəti bitib və o azadlığa çıxıb. Fuad Əhmədli 4 il azadlıqdan məhrum edilmişdi.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov barəsində həbs qərarı verilib. Avqustun 20-də Binəqədi Rayon Məhkəməsində hakim Vüqar Məmmədov bu barədə qərar çıxarıb.

Azərbaycanlı rejissor Rüfәt Hәsәnov (Ru Hasanov) Sarayevo Film Festivalında “ən yaxşı rejissor” nominasiyası üzrə qalib olub.

Rüfət Həsənov film festivalına "Daxildәki ada" filmi ilə qatılmışdı.

Sentyabrın 20-dən etibarən, fiziki şəxslərin hər ay xaricdən özləri ilə gətirəcəkləri məhsulların məbləği 1500 dollardan 800 dollara, onlayn sifarişlərin məbləği isə 1000 dollardan 300 dollara qədər azaldılıb.

Karantin dövründə Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev nəvəsinə toy edib. Toy cəmiyyətdə qınaqla qarşılanıb. Evlənən gənclərin – Fidan Əliyeva və Səid Mustafayevin hər ikisinin atası məhkəmə qarşısına çıxarılıb. Onların hər biri 15 sutka həbs edilib.

FotoJet.jpg
Ramiz Mehdiyevin nəvəsinin toyu


Sentyabr

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. Bu barədə o, sentyabrın 2-də Nizami Rayon Məhkəməsində son sözünü deyərkən məlumat verib.

Sentyabrın 1-də Respublikaçı Alternativ Partiyası (ReAL) və Azərbaycan Milli Cəbhə Partiyası (AMCP) dövlət qeydiyyatına alınıb.

Sentyabrın 4-də Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident Administrasiyasının (PA) Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə növbəti dəfə görüşüb.

ReAL Partiyasının yaydığı məlumatda Ə.Vəliyevin partiyanın qeydiyyatı münasibəti ilə Prezident İlham Əliyevin təbrikini İlqar Məmmədova çatdırıldığı bildirilib. Məsələ sosial şəbəkələrin müzakirə mövzularından olub.

Sentyabrın 7-də Müsavat Partiyasının qərargahında 4 nəfər Tofiq Yaqubluya dəstək məqsədilə aclıq aksiyasına başlayıb.

Sentyabrın 9-da “Azad Sol İttifaq”ının (ASİ) çağırışıyla Konstitusiya Məhkəməsinin qarşısında Tofiq Yaqublunun həbsinə etiraz aksiyasına cəhd olub. Polis tədbirdən əvvəl 10-dan çox gənci saxlayıb.

Tofiq Yaqublu 17 günlük aclıq aksiyasından sonra ev dustaqlığına buraxılıb. Qərarı sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsi verib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb.

Müdafiə Nazirliyi açıqlama verərək Murov zirvəsinin azad olunduğunu deyib.

Sentyabrın 27-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

İclasda Müdafi naziri Zakir Həsənov dövlət başçısına cəbhədə yaranmış vəziyyətlə bağlı məruzə edərək bir neçə istiqamətdə ermənilərin müdafiəsini yardıqlarını açıqlayıb. Nazir 7 kəndin azad edildiyini bildirib:

"Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayılın Nüzgar və Böyük Mərcanlı kəndləri azad olunub. Əməliyyat şəraitini nəzərə alaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirir. Digər istiqamətlərdə Azərbaycan Ordusu uğurlu hücum əməliyyatları həyata keçirir, düşmən o qədər də güclü görünmür və tam şəkildə geri çəkilir".

Milli Məclisin növbədənkənar iclasında Azərbaycan Respublikasında hərbi vəziyyət rejimi elan olunması haqqında Prezident İlham Əliyevin Fərmanının təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra parlament Fərmanın təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.

Fərmana əsasən, 28 sentyabr 2020-ci il tarixindən, saat 00.00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

Müdafiə Nazirliyi ermənilərin 3 silah anbarının vurulduğunu, tabor komandirlərinin öldürüldüyünü açıqlayıb.

Sentyabrın 29-da Ermənistan müharibənin dayandırılması ilə əlaqədar Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə ərizə verib. Sentyabrın 30-da Avropa Məhkəməsi həmin ərizə əsasında qərarını açıqlayıb. Məhkəmə bəyan edib ki, Konvensiyanın ciddi şəkildə pozulması riskini nəzərə alaraq, təcili tədbirləri nəzərdə tutan 39-cu Qaydanın tətbiqini zəruri hesab edir.

Ərizəni Ermənistan versə də, Avropa Məhkəməsi hər iki tərəfə çağırış edib. Qərara əsasən, həm Azərbaycan, həm də Ermənistan tərəfindən mülki əhalinin yaşamaq, pis rəftara məruz qalmamaq hüququnun pozulmaması üçün tərəflər mülki əhalini hədəf alan hərbi tədbirlərdən çəkinməyə çağrılıb. Hər iki ölkəyə Avropa Konvensiyasına əməl etmək öhdəliyi, o cümlədən Konvensiyanın 2 (yaşamaq hüququ) və 3-cü (işgəncənin, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın olunması) maddələrilə təminat verilən hüquqlar xatırladılıb.

Sentyabrın 29-da İranın Ərdəbil şəhərində yaşayan azərbaycanlılar Azərbaycan Ordusunun işğal olunmuş ərazilərdə azadolma əməliyyatı keçirməsinə dəstək məqsədilə aksiya keçiriblər.

Qarabağ müharibəsi
Füzuli şəhəri


Oktyabr

Oktyabrın 4-də Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad edilib.

Müdafiə Nazirliyi Ağdərədəki Madagiz yüksəkliyinin də işğaldan azad edildiyini açıqlayıb.

Oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri Gəncəni ağır artilleriyadan atəşə tutub. Yaralananlar içərisində 10 aylıq körpə də var.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Azərbaycana gəlib. Mövlud Çavuşoğlu Azərbaycan xalqına dəstəyini göstərmək üçün gəldiyini deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı oktyabrın 7-də vəfat edib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan arasındakı gərginlikdən danışıb. Deyib ki, Rusiya Ermənistana hücum olmayana qədər neytral qalacaq.

“Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında gedən münaqişədə güzəştlərə getməyə hazırdır, əgər Bakıda da buna hazırdırlarsa”.

Bunu oktyabrın 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan “France-Press” agentliyinə müsahibəsinə deyib.

Oktyabrın 8-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Goranboy, Tərtər, Ağdam, Bərdə və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutub.

Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verərək Dağlıq Qarabağın heç vaxt Azərbaycanın olmadığını və bundan sonra da olmayacağını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Azərbaycan Ordusunun Hadrud qəsəbəsini və bir neçə kəndi işğaldan azad etdiyini açıqlayıb.

İlham Əliyev oktyabrın 15-də daha 6 kəndin azad olunması haqqında “Twitter” səhifəsində məlumat paylaşıb:

“Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib”.

Oktyabrın 17-də Azərbaycanın Füzuli şəhəri işğaldan azad edib.

Azərbaycan və Ermənistan 18 oktyabr, yerli vaxtla saat 00.00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq verib. Ancaq tərəflər atəşkəs rejiminə əməl etməyib.

Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad edilib. Prezident İlham Əliyev bu barədə açıqlama verib.

Prezident daha 21 kəndin işğaldan azad edildiyini açıqlayıb. Bunlar Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli, Zəngilan rayonunun Mincivan qəsəbəsini, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləridir.

"Qarabağ məsələsinin indiki mərhələdə diplomatik həlli yoxdur”. Bu haqda oktyabrın 21-də Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib.

Oktyabrın 22-də Ermənistan Silahlı Qüvvələri Qəbələ şəhərinə raket zərbələri endirib.

Oktyabrın 23-də Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad edib.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün “Twitter” hesabında məlumat paylaşıb.

Prezident eyni zamanda, Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının da bəzi kəndlərinin işğaldan azad edildiyini bildirib. Həmin kəndlər Xocavəndin Dolanar, Bünyadlı, Cəbrayılın Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Veysəlli, Zəngilanın Vənədli və Mirzəhəsənli kəndləridir.

Oktyabrın 25-də Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad edib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twıitter” hesabında yazıb.

Onun sözlərinə görə, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının bəzi kəndləri də geri alınıb.

Ermənistan tərəf 1009 hərbçisini itirdiyini açıqlayıb.

Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili, Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndlərini və Ağbənd qəsəbəsini işğaldan azad edib.

Ermənistan Silahlı Qüvvələrinin Bərdəyə atdığı raket hücumu nəticəsində 3 mülki şəxs ölüb, 10 nəfər yaralanıb.

Oktyabrın 28-də Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad edib.

“Amnesty İmternational” təşkilatı Ermənistanın Bərdəyə kasetli bomba atdığını təsdiqləyib.

download.jpg
“Amnesty İmternational”


Noyabr

Dağlıq Qarabağ separatçılarının rəhbəri Araik Arutyunyan açıqlama verərək Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu bildirib.

“Human Rights Watch” Bərdəyə kasetli döyüş sursatı atıldığını təsdiqləyib.

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Cenevrədə görüşüb. Görüş ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə keçirilib.

Ermənistanın Baş naziri Rusiya sülhməramlılarını Dağlıq Qarabağdakı münaqişəni dayandırmağa çağırıb.

Nikol Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində Moskvanın rəhbərliyi altındakı sülhməramlıların Azərbaycanla müharibəyə son qoymağın yeganə vasitəçisi ola biləcəyini bildirib.

Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad edib.

Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib.

İlham Əliyev “Ermənistanın Baş naziri öhdəlik götürsə, müharibəni dayandırmağa hazırıq”, – açıqlaması verib.

Qırmızı Xaç Komitəsi açıqlama verərək Qarabağda əsirlikdə olan Dilgəm Əsgərov və Şahbaz Quliyevin Ermənistana köçürüldüyünü bildirib.

Bərdəyə mərmi düşüb. Mərmi 16 yaşlı gəncin həyatına son qoyub.

Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad edib. Preziden İlham Əliyev məlumat verib.

Noyabrın 8-də Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edib. Bu barədə məlumatı Prezident İlham Əliyev xalqa müraciəti zamanı açıqlayıb.

Noyabrın 10-da Azərbaycan-Ermənistan müharibəsinə son qoyulur. Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin birgə bəyanatında belə deyilir. Bəyanatı video-konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin imzalayıb. Sonradan isə Ermənistanın Baş naziri Nikol Paşinyan da bəyanatı imzalayır.

Noyabrın 16-da iyulun 14-dən 15-nə keçən gecə Bakıda “Qarabağa azadlıq!” şüarıyla keçirilən yürüşdən sonra həbs olunan 36 nəfərdən 21-i ev dustaqlığına buraxılıb. Səbail Rayon Məhkəməsi prokurorluğun vəsatəti əsasında onların barəsindəki həbs-qətimkan tədbirini dəyişib.

Azərbaycanın 1992-1993-cü illərdə Rusiyada səfiri olmuş Hikmət Hacızadə noyabrın 20-də vəfat edib.

Azərbaycan ordusu Ağdam rayonuna daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Noyabrın 23-də Korpus komandirinin müavini, polkovnik Babək Səmidli Suqovuşan kəndi yaxınlığında döyüşlərdə ölənlərin cəsədlərini axtararkən baş vermiş mina partlayışı nəticəsində həlak olub.

Azərbaycan ordusunun bölmələri noyabrın 25-nə keçən gecə Kəlbəcər rayonuna daxil olub.

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağın müstəqilliyini tanımağın zəruriliyi ilə bağlı qətnamə qəbul edib. 1 nəfər əleyhinə, 30 nəfər bitərəf olmaqla 305 deputat qətnamənin lehinə səs verib.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də azad edilmiş ərazilərdə – Ağdam, Füzuli və Xankəndidə yerləşən hava limanları da daxil olacaq.

UEFA “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb və “Qarabağ” klubunu 100 min avro miqdarında cərimə edib.

Səbəb Ermənistan silahlı birləşmələri Bərdə şəhərini raket atəşinə tutduqdan sonra Nurlan İbrahimov şəxsi “Facebook” səhifəsində bu hadisədən təsirləndiyini və qarşı tərəf haqqında nifrət nitqi səsləndirməsidir.

Noyabrın 28-də, saat 3 radələrində Füzulinin Aşağı Seyidəhmədli kəndində 4 nəfər mülki şəxs minaya düşüb. Olduqları avtomobilin tank əleyhinə minaya düşdüyü ehtimal edilən Şakir Hacıyev, Firudin Hacıyev, Zülfüqar Hüseynov və Zibeydə Adilzadə həlak olub.

Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə qarşı sui-qəsdə görə həbs olunanlardan Müşfiq Qurbanov noyabrın 30-da gecə saatlarında təcridxanada vəfat edib.

COVİD-19-la mübarizədə modul tipli klinikada könüllü çalışan Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri avtomobil qəzası keçirib. Nəticədə ATU-nun 3 tələbəsi – Tuncay Məmmədov, Sahil Mustafazadə və Yeganə Məmmədova həlak olub.

image_from_ios (8).jpg
Şuşa


Dekabr

Azərbaycan, Rusiya prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Bu ilin iyulunda Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin kütləvi həbsi zamanı saxlanılan və koronavirus yaymaqda ittiham olunan Məhəmməd İmanlının məhkəməsi yekunlaşıb. Dekabrın 1-də Sabunçu Rayon Məhkəməsində hakim Mirheydər Zeynalovun çıxardığı hökmə əsasən, cəbhəçi gənc 1 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsilə təqsirli bilinib. İddia olunur ki, M.İmanlı COVİD-19 daşıyıcısı olduğu halda, küçəyə çıxaraq, başqalarının həyatına təhlükə yaradıb. Onu Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının küçədə gedərkən saxladığı yazılsa da. həm özü, həm də ailə üzvləri bunu təkzib edir.

Dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev ölkədə Zəfər və Anım Günlərinin təsis edilməsi haqqında sərəncam imzalayıb. Hər il sentyabrın 27-si Anım Günü, noyabrın 8-i Zəfər Günü kimi qeyd ediləcək.

Dekabrın 1-də Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bəzi öhdəlikləri olan hərbçilərin tərxis olunmasına başlanır.

Vəkil Adil İsmayılovun dekabrın 3-də COVİD-19 infeksiyasından vəfat edib.

Avropa Məhkəməsi Ermənistanın Türkiyəyə qarşı şikayətini ləğv edib.

Müharibədə şəhid olanların istehlak kreditləri tamamilə silinəcək. “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin yaydığı bəyanatda belə deyilir.

Avropa İnsan Hüquqları Məhkəməsi 13 il 6 ay həbsdə saxlanmış Səid Dadaşbəylinin şikayəti üzrə qərar çıxarıb. Dekabrın 3-də elan olunan qərara əsasən, bu işdə Avropa Konvensiyasının ədalətli mühakimə hüququna təminat verilən 6-cı maddəsinin 1-ci bəndinin pozulduğu təsdiqlənib. Avropa Məhkəməsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Səid Dadaşbəyli və digərlərinin işinə baxılarkən məhkəmənin açıqlığı prinsiöinin pozulduğu qənaətinə gəlib. Bu pozuntuya görə mənəvi ziyanın əvəzi kimi, Səid Dadaşbəyliyə 3600 avro kompensasiya ödənilməsinə qərar verilib.

Dekabrın 7-də “Orduya dəstək” yürüşünə görə həbs olunanların hamısı ev dustaqlığına buraxılıb.

Dekabrın 7-də Azərbaycanda sentyabrın 28-dən qüvvədə olan hərbi vəziyyət rejimi ləğv edilib.

Dekabrın 8-də Müdafiə Nazirliyi müharibədə həlak olan 2723 hərbi qulluqçunun ad və fotosunu yaydı.

Prezident İlham Əliyev dekabrın 8-də Namiq Zeynalovun Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dekabrın 9-dan Rusiya Azərbaycandan alma və pomidorun idxalını dayandırıb.

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 9-da Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dekabrın 10-da Bakının Azadlıq meydanında İkinci Qarabağ Müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.

Dekabrın 13-də Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti silahlı dəstələrin Hadrut istiqamətində terror-təxribat törətdiyi ilə bağlı məlumat açıqlayıb.

Müharibədə mülki əhaliyə dəyən zərər qarşılanacaq. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Müharibə cinayətlərinə görə Azərbaycanın 4 hərbi qulluqçusu həbs edilib.

Dekabrın 14-dən Azərbaycanda yenidən sərtləşdirilmiş karantin rejiminə keçilib. Yalnız xüsusi hallarda, SMS icazə ilə çölə çıxmaq mümkündür.

Sosial şəbəkələrdə Hadrut meşələrində “Azercell”-in 3 işçisinin öldürüldüyü haqda məlumat yayılıb. Məsələni dəqiqləşdirdiyini yazan ictimai fəal Haldun Novruzzadə bildirib ki, Azərbaycan vətəndaşlarını öldürənlər onların “Pikap” avtomobilinə minərək ərazidən uzaqlaşıblar. Rəsmi qurumlar isə açıqlamalarında belə hadisənin olmadığını bildiriblər.

Ağdamda bir hərbi, iki mülki şəxs minaya düşüb.

Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülən daha 11 hərbçi Azərbaycana qaytarılıb. Qaytarılanlar arasında 6 il Ermənistanda əsir saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyev də var.

Azərbaycan Mədəniyyət Nazirliyi Kəlbəcər rayonununda yerləşən Xudavəng monastır kompleksinin talan edilməsi barədə bəyanat yayıb.

II Qarabağ Müharibəsində iştirak edən hərbi qulluqçular mükafatlandırılıb. Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də II Qarabağ Müharibəsində iştirak edən hərbi qulluqçuları “Azərbaycan Bayrağı”, “Rəşadət” və “Vətən uğrunda” ordenləri ilə təltif edib.

“Nərimanfilm” kinostudiyasının istehaslı olan “Fəridə” tammetrajlı bədii filmi XXVI Beynəlxalq “Stalker” İnsan Hüquqları Film Festivalında iştirak edərək iki nominasiya üzrə mükafat alıb.

Şuşada Rusiya sülhməramlılarının zabiti minaya düşərək həlak olub.

Prezident İlham Əliyev dekabrın 18-də II Qarabağ Müharibəsində iştirak edən bir qrup hərbçini müxtəlif medallarla təltif edib. Sərəncama əsasən, minlərlə hərbçi “İgidliyə görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medallarıyla mükafatlandırılıblar.

Ümumilikdə 622 hərbçi “İgidliyə görə”, 1113 hərbçi “Döyüşdə fərqlənməyə görə”, 5449 hərbçi isə “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bildirilir ki, ölümündən sonra 168 hərbçi “Döyüşdə fərqlənməyə görə”, 120 hərbçi “İgidliyə görə”, 264 hərbçi isə “Cəsur döyüşçü” medallarıyla təltif edilib.

İşğaldan azad olunan ərazilərə büdcədən 2.2 milyard ayrılıb.

Dekabrın 21-dək Azərbaycanda II Qarabağ Müharibəsində həlak 2802 hərbçi dəfn olunub. Müdafiə Nazirliyi II Qarabağ döyüşündə həyatını itirənlərin yeni statistikasını açıqlayıb.

Dövlət başçısı İlham Əliyev dekabrın 25-də könüllülərin təxris olunması haqda sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 28 sentyabr tarixində hərbi xidmətə çağırılmış hərbi qulluqçular dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməlidir.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 27-də Xocavənd rayonu ərazisində insident baş verməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

Nəticədə Azərbaycan tərəfinin bir nəfər hərbi qulluqçusu – əsgər Elmir Rayil oğlu Qənbərov həlak olub.

Dekabrın 28-dək Azərbaycanda 2823 hərbçi dəfn olunub.

Azərbaycan Müdafiə Nazirliyi onların foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatı saytında yerləşdirib.

Amerikada yaşayan azərbaycanlı rejissor Elmar Bayramovun “Let me run” (“İzn ver, qaçım”) qısametrajlı filmi Londonda keçirilən “Fighting Spirit Film” beynəlxalq kino festivalında “Ən yaxşı xarici film” mükafatına layiq görülüb.

131018284_3318175614978035_1491894453985343450_n.jpg
Zəfər paradı
Ana səhifəSiyasətAzərbaycan 2020: Mətbuat nədən yazdı?