Konsepsiyanın qəbulundan ötən üç il ərzində siyasi sahədə vətəndaş cəmiyyəti institutlarına – QHT-lərə, partiyalara, KİV-lərə təzyiq güclənib
Üç il əvvəl, 2012-ci il mayın 5-də Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Azərbaycan 2020: gələcəyə baxış” adlı İnkişaf Konsepsiyasını Yeni Azərbaycan Partiyasının üzvlərinə təqdim etdi. 2012-cü ilin sonlarına doğru konsepsiya prezident İlham Əliyev tərəfindən təsdiq edildi və hakim rejimin yaxın gələcək üçün əsas proqram sənədinə çevrildi.
Konsepsiya respublika yaradıldığı zaman prezident tərəfindən irəli sürülmüş dörd prioritetə əsaslanır:
1)Azərbaycanı hərtərəfli inkişaf etdirmək, 2) onu müasir dövlətə çevirmək, dünyadakı bütün qabaqcıl təcrübələri tətbiq etmək, 3) insanların bütün azadlıqlarını təmin etmək, 4) hüquqi dövlət quruculuğu üçün daha iri addımlar atmaq.
Səkkiz il ərzində Konsepsiya aşağıdakı kompleks tədbirləri həyata keçirməlidir:
– siyasi sahədə: dövlət müstəqilliyimizin daha da gücləndirilməsi, ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması; demokratiya institutlarının daha da inkişaf etdirilməsi, dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi, qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi; qlobal çağırışlara qarşı adekvat və preventiv mexanizmlər sisteminin yaradılması;
– sosial-iqtisadi sahədə: ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması, iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi, aztəminatlı ailələrin etibarlı sosial müdafiəsinin təmin olunması, əhalinin orta təbəqəsi dairəsinin genişləndirilməsi və onun cəmiyyətin həyatında rolunun və əhəmiyyətinin artırılmasına nail olunması;
– humanitar sahədə: təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqətin ayrılması, “qara qızıl” amilinin insan kapitalına çevrilməsi.
Qarşıya qoyulmuş vəzifələrin məzmunundan da göründüyü kimi, onun bir çox müddəaları yerinə yetirilməyib və hakimiyyətin azad iqtisadiyyatdan, vətəndaş cəmiyyətindən imtina etməsi, habelə beynəlxalq öhdəliklərinə məhəl qoymaması şəraitində, demək olar ki, yerinə yetirilə bilməz.
Konsepsiyanın uğursuzluğa düçar olacağını Turan Agentliyi 7 may 2012-ci il tarxli “Şübhəli “Azərbaycan 2020: gələcəyə baxış” konsepsiyası” məqaləsində proqnozlaşdırmışdı.
http://contact.az/docs/2012/Analytics/062200003278en.htm
Agentliyin Analitika Xidməti konsepsiyanı, onun təqdimatını və hazırlandığı şəraiti təhlil edərək, aşağıdakı nəticələrə gəlmişdi:
“Mehdiyevin məruzəsi Konsepsiyanın, onun ardınca isə başqa proqram sənədlərinin yaxın perspektiv
üçün praktik bələdçi olacağına əminlikdən daha çox şübhə yaratdı.
Məsələ burasındadır ki, Azərbaycanın ötən iyirmi ilini qimətləndirərəkən, çoxlu qeyri-dəqiqliklər, faktların qəsdən dəyişdirilməsi, siyasi konyunktur mülahizələrindən tarixin şərh edilməsi aşkar görünür. Bu faktdır ki, saxta tarixi fundament saxta perspektiv yol yaradır. Onlar zamanın və reallıqların tələbi ilə yox, ali rəhbərliyini subyektiv sifarişi ilə qurulur.
Üstəlik, Mehdiyevin məruzəsində indiki siyasətlə bağlı bir dənə də olsun irad, tənqid yox idi. Məruzə bütün istiqamətlərdə siyasətlə bağlı gurultulu təriflərlə dolu idi”.
“Bu cür təməl yanaşma Prezident Administrasiyasının rəhbərinin cızdığı məqsədlərin həyata keçəcəyinə ciddi şübhə yaradır. Gözləmək olar ki, hakimiyyət sözdə başqa şey deyəcək, əməldə isə ötən 19 ildə olduğu kimi, islahatlara və demokratikləşmə prosesinə maksimal əngəl yaratmaq yolunu davam etdirəcək”.
Konsepsiyanın məqsəd və vəzifələrindən siyasi və iqtisadi yayınmalar bu sənədin uğursuzluğa düçar olduğunu və ciddi və təxirəsalınmaz düzəlişlərə ehtiyacı olduğunu göstərir.
Konsepsiyanın qəbulundan ötən üç il ərzində siyasi sahədə vətəndaş cəmiyyəti institutlarına – QHT-lərə, partiyalara, KİV-lərə təzyiq güclənib. Demokratik və hüquqi dövlətə doğru irəliləyiş yerinə cəmiyyət məhdudlaşdırıcı qanunların qəbulunda və vətəndaş fəallarına qarşı repressiyalarda özünü göstərən vətəndaşların mülki və siyasi hüquqlarının pozulmasının şahidi olub.
Azərbaycanın uğurlu inkişafının əsas arqumenti olan iqtisadi sahədə neft gəlirlərinə və inhisarlara əsaslanan iqtisadi modelin tutarsız olduğunu üzə çıxaran ciddi böhran qeydə alınıb. ÜDM-dən təqaüdlərə qədər, bütün göstəricilər üzrə artış və rifah, dollarla ifadə etsək, 35 faiz azalıb. Demək olar ki, söhbət hazırki rejimin idarəetməsinin, baxışlarının və yanaşmalarının çökməsindən və hakimiyyət operativ şəkildə reallıqlara münasibətini yenidən formalaşdırmasa, gələcək uzunmüddətli böhrandan gedir.
Hələlik isə qapalı iqtisadiyyata, oliqarx idareətmə sisteminə əsaslanan keçmişləri ilə vidalaşmaq istəməyən yüksək vəzifəli məmurlar və azad iqtisadiyyata və şəffaf idarəetməyə alternativsiz keçid tələb edən reallıq arasında mübarizənin iztirablarını izləmək olar. Bu daxili mənəvi böhran bütün cəmiyyətdə əksini tapır, gərginlik və qeyri-müəyyənlik doğurur.
Yeganə sağlam düşüncə vəziyyətin yenidən qiymətləndirilməsi və 2015-2020-ci illər üçün yeni realist konsepsiyanın işlənib hazırlanmasıdır. Əvvəlki konsepsiya ölüb və onun ölümünü elan etməyin vaxtıdır: “Konsepsiya öldü, Yaşasın Konsepsiya!”.
Turan Analitika Xidməti