Azərbaycan: 2015-ci ilin vacib iqtisadi hadisələri

2015-ci ildə Azərbaycan iqtisadiyyatı neftin kəskin ucuzlaşması və böhran tendensiyasının dərinləşməsinin təsiri altında inkişaf edib

Source:


2015


-ci ildə Azərbaycan iqtisadiyyatı neftin kəskin ucuzlaşması və böhran tendensiyasının dərinləşməsinin təsiri altında inkişaf edib


1. 10 yanvarda hökumətin iclasında prezident İlham Əliyev 2015-ci ili “sınaq ili” adlandırıb.


2. 13 yanvarda prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi” haqqında fərman imzalayıb.


3. Yanvarın 28-də BTQ-nin Azərbaycan və Gürcüstan sahələrinin qiymətləndirilməsi üçün test qatarı buraxılıb


4.  20 fevralda Mərkəzi Bank manatı 34 faiz ucuzlaşdırıb (1 dollar 1,05 manat, 1 avro 1,95 manat)


5.  5 mayda SOCAR Cənubi Qafqaz qaz kəmərinin (SCP) kommersiya operatoru olub


6. 22 mayda Nazirlər Kabineti dövlət əmlakının “elektron özəlləşdirilməsi”ni elektron dövlət xidmətləri reyestrinə daxil edib


7. 15 iyulda prezident İlham Əliyev Beynəlxalq Bankın sağlamlaşdırılması və özəlləşməyə hazırlanması haqqında fərman imzalayıb


8. 21 oktyabrda prezident İlham Əliyevin fərmanı ilə tranzit yük daşımaları üzrə Koordinasiya Şurası təsis edilib.


9. 31 oktyabrda prezident İlham Əliyev fərmanla daşınmaz əmlakın qeydiyyatını sadələşdirən düzəlişləri təsdiq edib.


10. 21 dekabrda Mərkəzi Bank manatı 47,7% devalvasiya edib.

2015-ci il göstərdi ki, hökumət iqtisadiyyatın özündən və xarici dünyadan gələn siqnalları gec eşidir. O, Rusiyada iqtisadi tənəzzülün əlamətlərini sezmədi. Siyasi səbəblər – Krımın Rusiyaya birləşdirilməsi, Ukraynanın şərqində müharibə,  Avropa və Rusiyanın qarşılıqlı sanksiyaları buna yüngül izahdır.

Rusiya iqtisadçıları bildirir ki, bu iqtisadiyyatda tənəzzül neftin ucuzlaşmasından və sadalanan hadisələrdən əvvəl başlayıb – səbəb RF iqtisadiyyatındakı struktur problemləridir. Söhbət Azərbaycanın ən böyük xarici iqtisadi tərəfdaşından gedir və həmin problemlər bizdə də olub. Hökumət ABŞ-da şist inqilabının dərin xarakterini və dünya neft bazarında kəskin dəyişməni «sezmədi», qiymətlərin artacağını düşündü. Son vaxtlara qədər neftin ucuzlaşmasını isə ABŞ-ın neft hasil edən ölkələrin iqtisadiyyatını dağıtmaq cəhdi kimi qiymətləndirdi.

Azərbaycanın daxilində Bakıda keçirilən I Avropa Olimpiya Oyunları ətrafında ajiotaj iqtisadiyyatda daxili tələbatın azalması mənzərəsini ört-basdır edirdi. Hökumət ölkənin Neft Fondundan büdcəyə iri transfertlər həyata keçirməkdə davam edirdi. Beynəlxalq maliyyə təşkilatları və ölkədə bir çox iqtisadçılar bu yolun perspektivsiz olduğu barədə xəbərdarlıq edirdi. Bəzi sadə həqiqətlər daha da aydın olurdu. Məsələn, iqtisadiyyatın normal institusional inkişafı pul vəsaitlərini tökməkdən daha vacibdir. Uyğun mühit olmadıqda sonuncu qeyri-effektivdir və tez-tez yalnız yeni korrupsiya risklərinin mənbəyinə çevrilir.

Bütün bu fonun üzərinə digər, daha geniş proseslər yüklənirdi. Qloballaşma, görünür, öz müsbət potensialını sərf edib. Getdikcə regional bazarların inkişafına meyl daha da nəzərə çarpırdı – kartlar bütün il üçün paylaşdırılmışdı.

Çin iqtisadiyyatının zəifləməsi yeni zamanın daha bir işarəsi idi. Çin getdikcə daha çox həcmlərdə karbohidrogen istifadəçisi olmaqla “dünya fabriki” olmağa son qoymaqdadır: o, daxili tələbatın artmasına istiqamətlənir.

Bu proseslərin fonunda manatın fevral devalvasiyası (34 faiz) faktiki olaraq qaçılmazdır. Ətraf mühitdə problemlər getdikcə artır, iqtisadi rifah adası olaraq qalmaq imkanı isə (hətta ölkənin yaxşı valyuta ehtiyatları olduqda) qeyri-real olur. Onu da xatırlatmaq lazımdır ki, bu ilin büdcəsində neftin qiyməti ilə bağlı proqnoz 90 dollar idi və bu artıq devalvasiyanı qaçılmaz edirdi. Məsələ yalnız onun hansı səviyyədə olacağında idi. Birinci devalvasiya, əlbəttə ki, hökumətin bəzi problemlərini həll etdi. O, büdcəni balanslaşdırmağa imkan verdi, ölkənin valyuta ehtiyatlarının azalmasını ləngitdi. Ancaq bir sıra “texniki” problem yaratdı ki, iqtisadi hakimiyyət onlara hazır deyildi. O cümlədən pul-kredit sisteminin nəzərə çarpan dərəcədə pozulmasından danışmaq olar. Bank sisteminin dollarlaşması o qədər miqyaslı oldu ki, onun nəticələrinin öhdəsindən hətta ikinci devalvasiyanın olduğu bu ilki dekabra qədər  gəlmək olmadı. Belə problemlır situasiyanı gərginləşdirir.

Amma qəribə də olsa, birinci devalvasiyanı əhali o qədər hiss etmədi. İnflyasiya artımının qarşısını almaq üçün inhisarlar üzərində inzibati nəzarət kifayət etdi. İqtisadiyyatda heç bir layihə dayandırılmadı. Ölkədən kapital axını hələ təşviş doğuracaq  xarakteri daşımırdı. Devalvasiyanın bütün mənfiliklərinə baxmayaraq, hökumət qeyri-adi addımlar atdı. Belə ki, devalvasiyanın ardınca gömrük rəhbərliyi ilk dəfə sahibkarlarla görüşdü. Hətta deyilənə görə, bir sıra biznesmenlər idxalda yumşalma əldə etdilər: ilin bəzi aylarında idxal artımı bununla izah edilir. Bir sıra nöqsanlar da aşkarlandı: ABB rəhbərinin istefası onunla bağlıdır ki, devalvasiya bu bankda real vəziyyəti aşkara çıxardı. Məlum oldu ki, bankın girovsuz verilmiş, qaytarılması mümkün olmayan nəhəng borcları var. Hakimiyyət Beynəlxalq Bankın sağlamlaşdırılması və özəlləşməyə hazırlanması ilə məşğul olmağa başladı. Təəccüblü bu idi ki, sistemyaradıcı dövlət bankında risklər kommersiya banklarından yüksək imiş. Yerli istehsalçı üçün devalvasiyanın müsbət effekti də mübahisəlidir. Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracatı bir qədər artıb, amma bu, bizim istehsalçının rəqabət qabiliyyəti ilə yox, Avropadan kənd təsərrüfatı məhsullarının ixracatının azalması ilə bağlıdır.

İlin ortasında belə görünə bilərdi ki, şok keçir və hər şey tədricən öz məcrasına daxil olur. Bir çox nazirliklər Avropa Oyunlarına hazırlıq və onun keçirilməsinə cəlb edilmişdi. Oyunlar baş tutdu, hətta ÜDM artımına kömək etdi. Amma bu yaxınlarda İdman Nazirliyi etiraf etdi ki, bu bayram ölkəyə heç bir maliyyə dividendi gətirməyib.

Hökumətin atmalı olduğu bir sıra təxirəsalınmaz addımlar Avropa Oyunlarının kölgəsində qaldı. Hökumətin iqtisadiyyatda qabaqlayıcı və dərin islahatlara gedəcəyi barədə gözləntilər özünü doğrultmadı. 2013-cü ildə başlayan və Sənayenin İnkişafı Dövlət Proqramının qəbulu ilə təsdiq edilən yenidən sənayeləşmə  qeyri-neft ixracının artımı və büdcənin dolmasını təmin etmək üçün sürət götürə bilmədi. 2014 – 2015-ci illərdə azad iqtisadi zonalar, texnoloji park və məhəllələrdən danışıldı, yeni iri sənaye müəssisələrinin tikintisi layihələri müzakirə edildi. Amma tələsmədən, ötəri. Bu vergisiz zonalarda hələ bir dənə də yeni müəssisə yaradılmayıb və gələcək rezidentlərin sırasında orta biznes görünümr. Hətta tikilən müəasir müəssisələr də işləmir. Məsələn, Metanol zavodu praktik olaraq dayanıb. Əgər obyektiv və ya subyektiv səbəblərdən iri ixrac istehsalı dayanıbsa, bu, iqtisadiyyat üçün israfçılıqdır. Metallurgiyada rəqabət mühiti yaratmaq cəhdləri də uğursuz oldu.

I və II devlavasiya arasındakı 11 ayda bank sistemində tarazlığı bərpa etmək mümkün olmadı. İqtisadiyyatın dollarlaşması və bunu müşayiət edən bank aktivlərinin keyfiyyətinin kəskin pisləşməsi, problemli borcların artması bank sistemini böyük sınaq qarşısında qoydu. Fond bazarını inkişaf etdirmək, bankların birləşməsini başa çatdırmaq, kreditləri artırmaq mümkün olmadı. AMB-nin faiz dərəcəsini 3,5%-dən 3%-ə endirməsi iqtisadiyyata təsir etmədi.

Noyabrda hökumətin narahatlığı artmağa başladı. Aydın oldu ki, neft bahalanmayacaq. 3 rübdə cari əməliyyatlar hesabının profisiti $240,5 mln oldu. Bu, ötən ilin eyni dövründəkindən ($9 mlrd 65,4 mln) 37,7 dəfə azdır. Ölkədən ixracat iki dəfə azalıb. İqtisadiyyatda göstəricilərin çoxu pisləşib. Qəribə də olsa, böhranın kəskin təsirindən bir neçə sektor qaça bildi – neft-qaz sektoru, kənd təsərrüfatı və sığorta. Büdcənin qəbul edilməsinin ardınca Vergi Məcəlləsinə dəyişiklik edildi. Bu, 2016-cı ildə 316 mln manat artım təmin etməlidir. Prezident sahibkarların yoxlanmasına 2 illik moratorium qoyub. Sahibkarlığın lisenziyalaşdırılan növlərinin sayı Yeni ildən 40% azalır.

Bu vaxt ikici devalvasiya gəldi. 21 dekabrda ABŞ dollarının rəsmi məzənnəsi 1,550 manat oldu. Bu, dekabrın 18-dəkindən 47,63 faiz çoxdur. Avronun məzənnəsi 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata çatıb. Niyə devlavasiya üçün Yeni il öncəsi seçilib – müəmma olaraq qalır. Axı bu günlərdə onsuz da valyuta bazarında ajiotaj olur. Görünür, hökumət təkcə neftin qiymətinin düşməsindən yox, həm də FES-in qərarı, İrana sanksiyaların qaldırılması və rublun məzənnəsinin düşməsindən çox narahat olub. İkinci devalvasiya birincidən köklü fərqlənir. Qiymətlər üzərində inzibati nəzarət mümkün olmur və hətta internet provayderlər qiymət artımından danışır. Bir həftə keçdi, amma  devalvasiya gözləntiləri güclənir. AMB artıq valyutadəyişmə məntəqələrində ajiotajın qarşısını almaq üçün banklararası valyuta bazarına 100 mln dollar çıxarıb. Vəziyyət pisləşsə, bizdə  də Rusiyada olduğu kimi valyuta mübadiləsi zamanı qeydiyyat, daha pis, Türkmənistanda olduğu kimi, valyuta alınması talonu tətbiq edilə bilər.

İqtisadiyyatda böhran təzahürlərini minimuma endirmək üçün gələn il nə etmək olar? Bu, çətin məsələdir, nəzərə alaq ki, neft-qaz sektorunun ÜDM-də payı 43,4 faiz, ixracatda 93,4 faizdir və büdcə gəlirlərinin 53,5 faizi təmin edir. İqtisadiyyatda struktur islahatlarının başlanması ümumi təklif sayıla bilər. Bu söz iqtisadçıların leksikasında fərqli mənalar verir. Daha ümumi şəkildə söhbət üç əsas şərtin təmin edilməsindən gedir – siyasi rəqabət, iqtisadi rəqabət və müstəqil məhkəmələr. İndiki Azərbaycan şəraitində bu baza şərtləri qeyri-real görünür. Ancaq onlara islahatların keyfiyyətinə nail olaraq yaxınlaşmaq lazımdır. Köhnə parlament furqonla iri buynuzlu heyvanların daşınmasına qadağaya nail olmaq istəyirdi, yeni parlament təklif olunan sanksiyalara cavab olaraq ABŞ-a qarşı sansiya tətbiqi kimi gülməli təşəbbüslə başlayır. Bundan böyük ağılsızlıq düşünüb tapmaq olmaz – Qərb kreditlərinə çıxış imkanı bizim bankların həmin Rusiya qarşısında təbii üstünlüyüdür, eynilə Qərb investsiyalarını cəlb etmək imkanı kimi.  Və Rəqabət Məcəlləsi, Büdcə Məcəlləsi və ya xarici investisiyaların cəlb edilməsinə və ya gömrükdə vəziyyətin dəyişməsinə təsir edəcək digər qanunları müzakirə etmək əvəzinə deputatlar dövlət rəhbərliyinin ovqatını öyrənməyə cəhd edirlər. Biznes camiəsində gömrükdə dəyişikliklər edilməsi gözləntiləri çox yüksəkdir. Hər cür korrupsiya əngəllərinin aradan qaldırılması idxal inflyasiyasının səviyyəsinə ciddi təsir edə və iqtisadiyyatda investisiya iqlimin kəskin yaxşılaşdıra bilər.

İqtisadiyyat xərcləri azaldır. SOCAR artıq buna hazırdır. Həmçinin məlum olub ki, 3 ali hərbi məktəb birləşir, xarici missiyalarda qənaət barədə danışılır. Hökumət, görünür, çətinlik yaransa, özəlləşmə vasitəsilə gəlirləri artırmaq istəyir. Məmurlar artıq bu ideyadan danışır. Ölkənin tranzit imkanlarına maraq artıb. Bundan sonra struktur islahatları və büdcə gəlirlərinin artırılması cəhdlərini sinxronlaşdırmaq lazım gələcək. İqtisadiyyat daha vaxt itirə bilməz.

Ana səhifəXəbərlərAzərbaycan: 2015-ci ilin vacib iqtisadi hadisələri