İl “sınaqlarla” dolu keçib
1. Yanvarın 10-da hökumətin iclasında prezident İlham Əliyev 2015-ci ili “sınaq ili” elan edir.
2. Fevralın 21-də Mərkəzi Bank manatı 34 faiz ucuzlaşdırır.
3. İyunun 12-də Bakıda Birinci Avropa Oyunları açılır.
4. Avqustun 8-də jurnalist Rasim Əliyev döyülmə nəticəsində həlak olur. Ölkə prezidenti işi şəxsi nəzarəti altına götürür.
5. Oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən kənarlaşdırılır, çoxsaylı idarə əməkdaşlarının və bir sıra generalların həbsləri başlayır.
6. Noyabrın 26-da Nardaran qəsəbəsinə xüsusi təyinatlı dəstələr yeridilir, dini fəallar arasında həbslər həyata keçirilir, FH rejimi tətbiq edilir.
7. Dekabrın 5-də dənizdə neftçıxarma platformasında yanğın 31 neftçinin həyatına son qoyur.
8. Dekabrın 17-də ABŞ Konqresinə geniş miqyaslı sanksiyalar nəzərdə tutan “Azərbaycanda Demokratiya Aktı” adlı HR4264 saylı qanun layihəsi təqdim edildiyi bildirilir.
9. Dekabrın 21-də Mərkəzi Bank manatı 48% ucuzlaşdırır.
10. İlin sonuna doğru məhkəmələrin qərarı və amnistiya ilə siyasi məhbuslar azad edilməyə başlayır.
2015-cü ilin yekunu
2015-ci il bir-birinin ardınca gələn ciddi sınaqlar altında keçib. Prezident İlham Əliyev yanvarın 10-da hökumətin iclasında 2015-ci ili “sınaq ili” elan etməklə haqlı çıxıb.
Doğrudur, iqtisadi və hərbi-siyasi böhranlar okeanının əhatəsində Azərbaycanı “sabitlik adacığı” adlandıran prezidentin ritorikası göstərirdi ki, o və onun komandası vəziyyətin ciddiliyini və postsovet və Yaxın Şərq məkanını əhatə edən, coğrafi və siyasi səbəblərdən mərkəzində Azərbaycanın olduğu böhranın dərinliyini tam dərk etmirdi.
Azərbaycan neft hasil edən səkkiz ölkə ilə birlikdə neft qiymətlərinin xeyli düşməsi ilə sınaqlara məruz qalıb. Sonrakı hadisələr göstərdi ki, ölkənin iqtisadi və siyasi sabitliyi, rejimin sabitliyi neft qiymətlərindən asılı idi. Hər üç amil neft sınağından çıxa bilmədi. Fevralda 10 ildir dollara rəqib olan Azərbaycan manatı 30 faizdən çox ucuzlaşdı ki, bu da 2003-cü ildən, İlham Əliyevin hakimiyyətə gəlməsindən sonra sabit olan vəziyyətə etimadın ciddi şəkildə itirilməsinə səbəb oldu. Ölkədən kapıtal axını, həmdə təkcə xarici deyil, yerli kapitalın axını da gücləndi. Xarici siyasi sabitlik xeyli zəiflik göstərdi. Bu, iyunda Birinci Avropa Oyunlarının Avropa ölkələri tərəfindən faktiki boykot edilməsində özünü daha aydın şəkildə büruzə verdi. İmic itkisi, siyasi və iqtisadi itkilər həddindən artıq böyük oldu.
Vəziyyətin növbəti inkişafı göstərirdi ki, ilin əvvəlində başlamış böhran ikinci yarımildə də davam edib. Payız milli təhlükəsizlik sisteminin dayağında – MTN-də ciddi problemlər, habelə iqtisadi sistemin təməli olan SOCAR dövlət neft şirkətinin dəniz platformasında insanların nahah yerə həlak olması ilə yadda qalaraq, dövlətin bütün gövdəsinin etibarsız olduğunu göstərdi.
Xarici amillərin təzyiqi güclənib, bu, neft qiymətlərinin növbəti dəfə düşməsində və konqresmenlərin vasitəsilə rejim üçün məhvedici sanksiyalar tətbiq etməklə hədələyən Birləşmiş Ştatlar tərəfindən təzyiqin güclənməsində özünü göstərib.
Və nəhayət, dekabrda cəmiyyət və dövlət üçün daha böyük itkilərə gətirib çıxaran ikinci devalvasiya dalğası “sınaq ilinin” yekun hökmünü çıxardı – bütün sahələrdə sabitliyin pozulması.
Böhran vəziyyəti hakimiyyəti kursunu düzəltməyə məcbur edir. Vətəndaş fəallarının kütləvi həbsində və azadlıqların boğulmasından cəmi bir il sonra rejim cəmiyyətə basqını tədricən azaltmaq və opponentlərini həbsxanalardan azad etmək məcburiyyətində qaldı. Yeni il öncəsi məlumatlara görə, hökumət, nəhayət ki, 2016-cı ildə start götürməli olan antiböhran tədbirləri proqramını hazırlamağa başlayıb.
Lakin nəzərə almaq lazımdır ki, postsovet-Yaxın Şərq məkanında dramatik hadisələr yöla salınan illə başa çatmayıb və gələn və növbəti illərə keçir. Bu isə o deməkdir ki, 2015-ci ilin əvvəllərində anons edilmiş “sınaqlar” davam edir.