”Azəravtoyol”: Bakı küçələrinin cəmi 16 faizində yağış-kanalizasiya sistemi var

”Ötən əsrin 70-80 illərində qurulan kanalizasiya sistemi tələbata cavab vermir”

Source:
foto APA
foto APA


”Ötən əsrin 70-80 illərində qurulan kanalizasiya sistemi tələbata cavab vermir”

“Normadan artıq yağıntı olduqda Bakı şəhərində müəyyən bölgələrdə problemlər olur”, – bunu APA-ya “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli deyib.

A. Nəcəfli vurğulayıb ki, problem yaranan ərazilərdə də yağış-kanalizasiya sistemi, kollektorlar var: “Sadəcə kollektorların gücü çatmır və nəticədə su yenidən yola çıxır. Əksər ərazilərdə problemin səbəbi budur. Ziya Bünyadov prospektində, Xətai, Neftçilər prospektində, Biləcərinin mərkəzi yolunda və Binəqədi şosesində olan problem ondan ibarətdir ki, su nasosları suyu ərazidən uzaqlaşdıra bilmir”.

Yollarda suyun çəkilməsi ilə bağlı işlərə “Azərsu” ASC və Fövqəladə Hallar Nazirliyinin (FHN) nəzarət etdiyini bildirən qurum sözçüsü əlavə edib ki, “Azəravtoyol” ASC-nin əməkdaşları da onlara yardım göstərirlər:

“Bizə aid olan yağış barmaqlıqlarıdır, onlarda heç bir problem müşahidə olunmur. Bakı küçələrinin cəmi 16-17 faizində yağış-kanalizasiya sistemi var. Ancaq mövcud problemin yaranmasında yağış-kanalizasiya sisteminin olub-olmaması rol oynamır. “Azəravtoyol” ASC-nin balansında olan küçə və prospektlərdə mövcud olan yağış-kanalizasiya sistemində heç bir problem yoxdur”.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, mövcud kanalizasiya sistemi 1970-1980-ci illərdə yaradılıb və həmin dövrün tələbatı üçün hesablanıb: “Son illər Bakı kifayət qədər böyüyüb, binaların sayı çoxalıb. Bakının kanalizasiya şəbəkəsi isə ötən əsrin 70-80 illərində qurulub və həmin dövrün tələbatı üçün hesablanmışdı. Bu gün bu sistem tələbatı ödəmir. Bu gün yağış sularının hamısı “Azərsu”nun kollektorlarına yönəlir. Belə olan halda isə intensiv yağıntılar zamanı kollektorlar tam yüklənir və bütün suyu daşıya bilmir”.

Qurum rəsmisi əlavə edib ki, vəziyyətdən çıxışı yolu kimi “Azərsu” tərəfindən Master Planı hazırlanıb: “”Azərsu” tərəfindən araşdırma aparılıb və belə bir qənaətə gəlinib ki, yağış suları ümumiyyətlə təmizlənməyə yönəldilməməlidir. Yağış suları birbaşa olaraq Abşeron ərazisindəki göllərə və yaxud Xəzər dənizinə təmizlənmədən ötürülməlidir. Digər fəsad isə odur ki, bu gün “Azərsu” yağış sularını Hövsan qəsəbəsində təmizləmək məcburiyyətində qalır. Buna səbəb başqa şəbəkənin olmamasıdır. Çünki Bakının bütün şəbəkəsi kanalizasiyaya birləşib. Bunun üçün də ayrıca yağış xətləri olmalıdır, bu yağış xətləri və kollektorları yağış sularının kənarlaşdırılmasından sonra, nə yağış suları toplanacaq, nə də kanalizasiyada problem yaşanacaq”.

Iqtisadçı Natiq Cəfərli Anar Cəbrayıllının söylədiklərini Meydan TV-yə şərh edərkən bildirib ki, onun dediklərinin bir qismi düzdür. Doğrudan da tikinti bumu zamanı özüllər qazılarkən  yağış suları üçün nəzərdə tutulan boru xətlərinin bir çoxu sıradan çıxarıldı. Sovet dövründə kanalizasiya və yağış xətləri üçün ayrı-ayrılıqda sistem qurulmuşdu. Tikinti bumu zamanında isə çox yerlərdə yağış borularını ləğv etdilər, yaxud da kanalizasiya xətlərinə birləşdirdilər. Nəticədə yağış yağarkən kanalizasiya xətlərində ciddi yüklənmə olur. İkinci səbəb də doğrudur, paytaxtın ötən əsrin 80-ci illərində qəbul olunmuş Baş Planına görə infrastruktur maksimal olaraq 2 milyon insan üçün nəzərdə tutulmuşdu, amma bugün şəhərdə ən azı 3 milyon insan yaşayır. Təəssüf ki, hökumət neft bumu zamanı regionlarda normal iş yerləri və infrastruktur yarada bilmədi. Beləliklə, əhalinin paytaxta axınıyla güclü yüklənmə oldu.

Natiq Cəfərli foto Meydan TV

Natiq Cəfərli hesab edir ki,  Master Planla bağlı deyilənlər həqiqətəuyğun deyil. Paytaxtı elə bir vəziyyətə salıblar ki, yenidən kanalizasiya xətlərinin salınması mümkün deyil və buna cəhd etmək şəhəri altını üstünə çevrilməsi demək olardı. Bunun üçün çoxlu sayda söküntülər və binaların sıradan çıxarılması lazımdır, həm də çox balahı layihə olardı, söhbət milyardlarla dollar vəsaitdən gedir. Ki, Azərbaycanın da hazırda bu imkanı yoxdur.

Ana səhifəXəbərlər”Azəravtoyol”: Bakı küçələrinin cəmi 16 faizində yağış-kanalizasiya sistemi var