23 saylı Nəsimi-Səbaill Seçki Dairəsindən namizədliyini irəli sürən ReAL İdarə Heyətinin üzvü Azər Qasımlının seçki kampaniyası rəqiblərini narahat etdiyindən ondan DSK-ya şikayət ediblər.
Bu barədə Meydan TV-yə danışan Azər Qasımlı bildirib ki, ona DSK sədri Ağabala Quliyev zəng edərək, narahatlığını ifadə edib: “Mən ona verilən informasiyanın yalan olduğunu və qapı-qapı gəzib seçki kampaniyasının aparılmasının seçki qanunvericiliyinə zidd olmadığını söylədim. DSK sədri mənimlə razılaşsa da, şikayətin hansı rəqibimin etdiyini açıqlamadı. O, məndən kütləvi tədbir keçirəcəyimiz halda müraciət etməyimizi xahiş etdi. Amma hələ kütləvi tədbir keçirmək barədə qərarımız yoxdur”.
Azər Qasımlı ehtimal edir ki, ondan DSK-ya hazırki deputat Ziyad Səmədzadənin adamları şikayət edib: “Çünki onun nümayəndələri dairə ərazisində gəzirlər. Bundan əlavə, Səmədzadənin tərəfdarlarından biri Seçki Qərargahıma zəng edib dedi ki, guya, könüllülər onu təhqir edib. Ancaq belə şey ola bilməz, könüllülər seçki bukletləri paylamaqla məşğuldurlar”.
Azər Qasımlı özünün də təbliğat plakatlarının cırıldığını bildirir: “Hələ araşdırma aparırıq, amma müəyyən etmək çox çətindir. Güman ki, bu barədə DSK-ya şikayət göndərəcəyik”.
A.Qasımlı bildirib ki, 23 saylı dairənin ərazisində böyük binalar yoxdur, yalnız məhəllələrdir və hər məhəllədə 10-15 mənzildir: “Biz məhəlləyə daxil olub adamlarla görüşürük, elə məhəllələr olur 5-10 nəfərlə söhbət edirsən, amma 1-2 nəfər seçicisi olan məhəllə də var. Bu dairənin sakinləri qədər Azərbaycanda narazı olan dairə təxmin etmirəm. Bir qığılcım lazımdır ki, adamlar Azadlıq meydanına çıxsın, insanlar heç kimdən də qorxmurlar. Dairənin Kubinka, Əlövsət Quliyev, Həzi Aslanov küçələrinin əsas problemləri evlərinin köhnə olmasıdır, insanlar çox pis şəraitdə yaşayır, 7 nəfərə 30 kvadrat düşür, vəziyyətləri olduqca ağırdır, o cümlədən, sosial durumları. Müəllimlər, həkimlər açıq şəkildə narazılıqlarını bildirirlər. Məsələ ondadır ki, onlara köçürəcəkləri barədə vəd versələr də, yerinə yetirilmir. Həm də onlara verilən təkliflərdən razı deyillər. Sakinlər paytaxtdan uzaq düşmələrini qəbul edə bilmirlər”.
