Fərhad Məmmədov: “ABŞ elə fon yaradıb ki, sülh sazişi də Rusiyaya qarşı addım kimi qiymətləndirilir”
Avqustun 7-də Ermənistan Xarici İşlər Nazirliyi regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı barədə bəyanatı Yerevan-Bakı danışıqlarında yeni situasiyanın yarandığını deməyə əsas verir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ani Badalyanın bu açıqlamasından bir neçə gün əvvəl də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov da oxşar bəyanat vermişdi.
O bildirmişdi ki, qarşılıqlı razılığa əsasən, bu bəndi (kommunikasiyaların blokdan çıxarılması) sülh sazişindən çıxarmaq və müzakirəni sonrakı mərhələyə keçirmək qərarına gəliblər.
Mövcud vəziyyəti Meydan TV-yə şərh edən politoloq Fərhad Məmmədov “”Zəngəzur dəhlizi” məsələsi niyə layihədən çıxarıldı?” sualının qoyuluşunu doğru saymır:
“Çünki bu, ümumi kommunikasiyaların açılmasının tərkib hissəsidir. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya mövzusu müqavilədən çıxarılıb”.
Fərhad Məmmədov hesab edir ki, “Zəngəzur dəhlizi” marşrutu və nəqliyyat növləri Ermənistan tərəfindən qəbul edilib:
“Çünki biz Ermənistan dövlətinin “sülh qovşağı” layihəsinə baxsaq, orada Ordubaddan Zəngilana həm dəmiryolu, həm də avtomobil yolu var. Yəni Ermənistan tərəfi avtomobil və dəmiryolunu qəbul edib. Əsas ziddiyyət bu yolun fəaliyyət rejimidir ki, tərəflər ortaq məxrəcə gələ bilmirlər. Azərbaycan Prezdenti İlham Əliyev deyirdi ki, “Zəngəzur dəhlizi” olmadan digər kommunikasiyalar açılmayacaq. Yəni tərəflər arasındakı ziddiyyətli məsələlər kommunikasiyaların açılmasını mümkünsüz hala gətirir. Ona görə də nəqliyyat-kommunikasiyaların açılması məsələsi tam olaraq müqavilədən çıxarılıb. Bunu hər iki tərəf təsdiqlədi”.
Siyasətçi Azər Qasımlı isə bu məsələnin Ermənistan üçün çox həssas olduğunu deyib.
O əlavə edib ki, 2020-ci il savaşının sonucu olaraq Putin, Əliyev və Paşinyan arasında imzalanan bəyanata görə “Zəngəzur dəhlizi”ndə Rusiya hərbçiləri təhlükəsizliyə cavabdeh olmalı idi:
“Bu, Ermənistanın maraqlarına cavab vermədiyindən, onlar üçün “qırmızı xətt” olduğu üçün sülh layihəsində irəliləyiş yox idi. Çünki Yerevan hesab edirdi ki, sülh sazişində “Zəngəzur dəhlizi” olsa, Azərbaycan və Rusiya 2020-ci il 10 noyabr bəyanatına istinad edəcəklər. Həmin bəyanat tarixə qovuşsun deyə Ermənistan israrında davam edirdi və nail oldu”.
Həmin maddənin layihədən çıxarılmasının sülh sazişinin sürətlənməsinə təsiri barədə suala gəlincə, Fərhad Məmmədov deyir ki, məsələyə sənəd imzalanandan sonra qayıdılacaq:
“Tərəflər belə razılaşıb ki, həmin məsələni sazişdən çıxarsınlar, sənəd imzalanandan sonra yenidən qayıdarlar. Mən ziddiyyətin fəaliyyət rejimi ilə bağlı olduğunu vurğuladım. Fəaliyyət rejimi ilə bağlı iki sənəd var: birincisi 10 noyabr üçtərəfli bəyanatıdır. Orada göstərilir ki, Yerevan ərazisindən keçən nəqliyyat-kommunikasiya xəttinə təhlükəsizlik qarantiyası verir, amma nəzarəti Rusiya sərhədçilərinə verir. 10 yanvar 2021-ci ildə imzalanan ikinci bəyanat var ki, onu çox vaxt yaddan çıxarırlar. Bu sənədin əsas məğzi ondan ibarətdir ki, nəqliyyat-kommunikasiyalarla bağlı üçtərəfli komissiyalar formalaşır. Yəni Rusiya Ermənistan ərazisində Yerevan tərəfindən bu funksiyanı öhdəlik kimi qəbul elətdirib. Eyni zamanda, Rusiya üçtərəfli komissiyanın üzvüdür, iştirakçısıdır”.
“Ermənistanın dəmiryolları Rusiyaya məxsus olduğundan şimal dövlətini nəqliyyat sahəsində inkar etmək mümkün deyil. Əgər kommunikasiya yollarını açırsınızsa, Azərbaycandan Türkiyəyə dəmiryolundan yüklər gedəcəksə, bu, “Zəngəzur dəhlizi”ndən Naxçıvana, oradan da yenə Ermənistan vasitəsilə yenə Rusiyaya məxsus dəmiryolları ilə 200 kilometr gedib Türkiyəyə çatmalıdır. Ona görə Rusiyanı inkar etmək olmaz deyəndə bu məqamı nəzərdə tuturdum. Bu mənada Ermənistan Rusiyayla fəaliyyət rejimində ortaq məxrəcə gələ bilmirsə, Azərbaycan bu məsələni sazişdən çıxarıb, sonra ikitərəfli, yoxsa başqa formatda həllinə çalışacaq”, – deyə o qeyd edib.
O, Türkiyə-Ermənistan münasibətlərinin siyasi, sərhəd və nəqliyyat-kommunikasiya müstəvisində olduğunu bildirib:
“Əgər Bakı-Yerevan diplomatik, siyasi münasibətləri qurulursa, sinxron olaraq Türkiyə də eyni addımı ata bilər. Həmçinin biz sərhəd məsələsini həll ediriksə, Türkiyə də Ermənistanla sərhəd məsələsini həll edə bilər. Nəhayət, biz nəqliyyat-kommunikasiyanı açırıqsa, Ankara da açar. Biz bu sinxronu saxlamalıyıq ki, Ermənistan üzərində təzyiq hiss etsin ki, mövqeyini konstruktivləşdirsin. Məncə, Bakı və Ankaranın bu məsələdə mövqeyi üst-üstə düşür”.
Azər Qasımlı isə “Zəngəzur dəhlizi” ifadəsinin layihədən çıxarılmasının sülh sazişini sürətləndirə biləcəyini düşünür:
“Ancaq yaxın zamanda sənədin imzalanmasına şübhəylə yanaşıram. Çünki Rusiya sülh sazişinin imzalanmasını istəmir, Azərbaycan da buna görə hər hansı sazişə imza atmayacaq. Bəlkə, çərçivə sənədi imzalana bilər, lakin bu da bölgəyə sülh gələcəyinə dəlalət etmir. Ümumiyyətlə, hər hansı sənədin imzalanması sülhün olması demək deyil. Çünki böyük dövlətlər bölgəyə sülhün gəlməsini istəmir, ilk növbədə Rusiya”.
Amma Azər Qasımlı Türkiyənin bölgə siyasətini müəyyən mənada dəyişdiyini deyir:
“Səbəb isə Türkiyə daxilindəki proseslərlə bağlıdır, iqtisadi böhran dərinləşir, Qərbdən maliyyə ehtiyacları var. Ümumiyyətlə, Ermənistanla Türkiyənin sərhədlərinin açılması və münasibətlərinin yaxşılaşdırılması ilk növbədə Ankaraya sərf edir. Elə Azərbaycanın da. Çünki Türkiyə Ermənistana nə qədər çox təsir edəcəksə, Rusiyanın təsiri az olacaq, balans yaranacaq ki, bu da Azərbaycanın marağına cavab verir. Hazırda Ermənistanla sərhədlərin açılması Türkiyənin xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilməkdədir. Amma Rusiya əksinə, Yerevanın onun forpostu kimi qalmasında israrlıdır və Azərbaycanla da münasibətlərinin yaxşı olmamasında maraqlıdır. Hətta sülh olsa belə, istəyir ki, Moskvanın nəzarəti altında baş versin, yəni Rusiya əsgərləri hər iki ölkəyə daxil olsun, SSRİ zamanındakı kimi. Çünki Rusiyanın nəzarətində olmayan sülh artıq regiona demokratiya, azad seçkilərin gəlməsi deməkdir, bununla da bölgə Qərbə, sivil dünyaya inteqrasiya olunur. Sergey Şoyqu da elə bunu nəzərdə tutaraq həmin açıqlamanı verib. Əslində, Şoyqu həmin fikri Ermənistanla bağlı demişdi”.
Fərhad Məmmədov isə düşünmür ki, Sergey Şoyqu “Qərb Qafqaza, sülh prosesinə müdaxilə edir” deyəndə bunları nəzərdə tuturdu:
“Baxın, Qərb O’Braynın dili ilə açıq şəkildə dedi ki, ABŞ-nin Ermənistana olan münasibəti və verilən dəstək Yerevanı Rusiyadan ayırmaqdır. Gələk, vasitəçilərə. Rusiya susur, sülh sazişi ilə bağlı əməli addım atmır, sadəcə, deyir gəlib Moskvada görüşə bilərsiniz. Avropa Birliyi Qranada bəyanatından sonra müəyyən səviyyədə fəallıq göstərir, amma qeyri-rəsmi şəkildə. Şarl Mişel Londonda Əliyevə, Paşinyana yaxınlaşıb söhbət etsə də, funksional olaraq vasitəçiliyi itiriblər. Vaşinqton isə hər vəchlə sülh sazişi məsələsinə müdaxilə etmək istəyir. Sergey Şoyqu ilə bu mənada razılaşmaq olar, yəni həmin sitatı ABŞ-nin müdaxiləsini nəzərdə tutaraq deyib. Çünki ABŞ öz fəaliyyəti və erməni mərkəzli yanaşması ilə elə fon yaradıb ki, artıq sülh sazişi də Rusiyaya qarşı addım kimi qiymətləndirilir. Bu isə prosesə neqativ təsir göstərir”.
İyulun 25-də Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan yerli mediaya bildirmişdi ki, ölkəsinin sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir:
“Ermənistan artıq səsləndirilən və təqdim olunan fundamental müddəalara uyğun olaraq, sazişi mümkün qədər tez imzalamağa hazırdır”.
Ermənistan iyun ayında Azərbaycandan sülh müqaviləsi layihəsi ilə bağlı 10-cu təkliflər paketini alıb.
Ondan əvvəl, iyulun 20-də Azərbaycanın Prezidenti İlham Əliyev bildirmişdi ki, sülh sazişinin mətninin 80-90 faizi razılaşdırılıb:
“Ermənistan həmin o müddəanı və terminologiyanı (Qarabağla bağlı – red.) oradan götürməyə razı oldu və beləliklə, normallaşma prosesində irəliləyiş baş verir”.
Amma İ.Əliyev iki məsələnin hələ açıq qaldığını əlavə etmişdi:
“Onlardan biri odur ki, Ermənistan bizim təkliflərə müsbət cavab verməlidir. İkincisi, həm Ermənistan, həm Azərbaycan birgə ATƏT-ə müraciət etsin ki, Minsk Qrupu ləğv edilsin. Çünki bu qrup artıq uzun müddətdir fəaliyyətsizdir”.
2020-ci ildə Qarabağda aparılan 44 günlük müharibə nəticəsində Azərbaycan işğal olunmuş ərazilərinin böyük hissəsində nəzarəti bərpa edib. 2023-cü ildə isə apardığı hərbi əməliyyatlarla ərazini tam nəzarətə götürüb.
Ondan sonra Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqları fonunda bəzi ərazilərdə sərhədlərin delimitasiyası prosesi həyata keçirilib.
Hazırda bu sahədə danışıqlar davam edir.
Bu danışıqlarda isə həm ABŞ, Avropa İttifaqı, həm də Rusiya vasitəçilik edir. Ancaq tərəflər arasında hələ də sülh müqaviləsi imzalanmayıb.