Azər Qasımlı: Ştaynmayerin fikri heç nəyi dəyişməyəcək

”Müharibə olsa, Rusiyanın Azərbaycana təsir imkanları artacaq”

Source:
Frank-Valter Ştaynmayer
Frank-Valter Ştaynmayer


”Müharibə olsa, Rusiyanın Azərbaycana təsir imkanları artacaq”

“Aprelin əvvəlində Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşdikdən sonra ATƏT üçün aydın oldu ki, regionda status-kvonu uzun müddət saxlamaq mümkün deyil. Uzandıqca, vəziyyətin yenidən gərginləşməsi təhlükəsi artır”.

“Report” xəbər verir ki, bunu iyunun 29-da Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer İrəvanda keçirilən mətbuat konfransında bildirib.

Ştaynmayer qeyd edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilən görüşü Qarabağ münaqişəsi zonasındakı vəziyyətin sakitləşməsi ilə nəticələnib.

“Güman edirəm ki, biz düzgün yoldayıq, bizim vəzifəmiz hazırda yaranan vəziyyəti saxlamaq və irəliyə getməkdən ibarətdir. Bunun üçün ATƏT-in Minsk qrupunun səyləri və tərəflərin güzəştə getməyə hazır olmaları lazımdır”, — deyə o əlavə edib.

Nazirin sözlərinə görə, ATƏT Qarabağ münaqişəsinin uzunmüddətli həlli yolunu tapmaq üçün səy göstərir.

Siyasi şərhçi Azər Qasımlı Meydan TV-yə bildirib ki, Frank-Valter Ştaynmayerin “regionda status-kvonu uzun müddət saxlamaq mümkün deyil” fikri yeni deyil: “Sadəcə, atəşkəs pozulanda bu cür fikirlər səslənir. Söhbət Minski Qrupunun üzvlərindən, həmsədr dövlətlərdən gedir. Ona görə bu cür açıqlamalara ciddi yanaşmağa ehtiyac yoxdur, çünki problem Minsk Qrupu çərçivəsində həll olunmalıydı. Amma atəşkəs pozulanda Minsk Qrupu fəallaşır, son dövrlərdə isə iflic vəziyyətindədir. Səbəb də Rusiyanın təsiri və gücüdür. Vyana görüşündən sonra Sankt-Peterburq təması danışıqların Minsk Qrupu formatından çıxıb Rusiya-Ermənistan-Azərbaycan formatına gəlib, Moskvanın liderliyi sezilir və hər iki tərəf də bunu qəbul edir. Bu mənada ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerin həmin fikri heç nəyi dəyişməyəcək”.

Azər Qasımlı
Azər Qasımlı

Azər Qasımlının sözlərinə görə, Rusiya, Ermənistan və Qərb status-kvonun qalmasında maraqlıdır: “Qərb anlayır ki, status-kvonun dəyişməsi müharibə yoluyla ola bilər və Azərbaycan hərbi cəhətdən Ermənistandan güclüdür. Amma müharibə olsa, Rusiyanın Azərbaycana təsir imkanları artacaq. 2008-ci ilin avqustunda Gürcüstan olayları eyni şəkildə Bakı-Moskva konfliktinə gətirə bilər ki, bu isə bölgə üçün müsbət heç bir dəyişiklik vəd etmir. Yəni Rusiya amili Qərbi status-kvoda maraqlı olmağa vadar edir. Qərb Rusiyanın bölgədə zəifləməsini gözləyir, ondan sonra Qarabağ və digər problemlərin həlli mümkündür. Məsələ ondadır ki, status-kvonun qalması Moskvaya sərf edir, bununla şimal ölkə hər iki tərəfə təzyiq imkanlarını saxlayır. Ermənistana status-kvo ona görə sərf edir ki, torpaqlarımızı işğal ediblər, zamanın keçməsi onların xeyrinədir”.

Ana səhifəXəbərlərAzər Qasımlı: Ştaynmayerin fikri heç nəyi dəyişməyəcək