“Formalaşacaq parlament Azərbaycan xalqının iradəsini əks etdirmir”
Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək. Siyasi qüvvələrin əksəriyyəti -AXCP və Müsavat seçkiləri boykot etsə də, ReAL Hərəkatı prosesə qatılıb. Baxmayaraq ki, ReAL bir neçə gün əvvəl seçkinin saxtalaşdırılacağını və nəticələrin tanımayacağını bəyan etmişdi. Meydan TV bu məsələlərlə bağlı suallarını ReAL İdarə Heyətinin üzvü, 23 saylı Nəsimi-Səbail dairəsindən namizədliyini irəli sürmüş Azər Qasımlıya ünvanladı.
– Azər bəy, üzv olduğunuz ReAL Hərəkatı 1 noyabr seçkilərinin saxtalaşdırılacağından nəticələri tanımayacağını bəyan etsə də, siz də daxil olmaqla prosesə qatılanlar var. Bu parodoksu necə izah edərdiniz?
– Bu məsələdə heç bir problem yoxdur. ReAL öz bəyanatında açıq şəkildə bəyan edib ki, keçiriləcək parlament seçkilərinin təbliğat və təşviqat mərhələsi şəffaf və ədalətli olmayıb. Demokratik seçkilərin keçirilməsi üçün təbliğat kampaniyasından əvvəl də, sonra da azad seçki mühiti olmayıb. Bunun nəticəsində formalaşacaq parlament Azərbaycan xalqının iradəsini əks etdirməyəcək. Amma onu da qeyd edirik ki, total saxtalaşdırılacaq seçkilərdə belə iştirak etmək lazımdır. Çünki seçki prosesdir və bundan kənarda qalan təşkilat, partiya, fərd gedişatdan uduşlu çıxa bilməz. Bir daha təkrar edirəm, seçkilərə qatılıb vətəndaşları prosesdə fəal olmağa çağırmaq lazımdır. Baxın, vətəndaş seçkidə iştirak etmirsə, evdə otub heç bir etiraz etmir və seçkiyə gəlib səs də vermirsə, sonuc etibarı ilə heç kəsə inanmırsa, Azərbaycan ictimaiyyəti və vətəndaşları bundan udacaqmı? Yox! Mən seçki kampaniyası dövründə mindən çox seçici ilə görüşdüm.
– ReAL seçkilərin nəticələrini tanımayacağını bəyan edir, sual yaranır, Azər Qasımlı mandat qazansa, hərəkatınız sizi qalib kimi tanımayacaq?
– Əvvəla seçilməmişik və parlamentdə də oturmamışıq. Bu fakt baş verəcəyi təqdirdə danışmaq olar. Mən gələcəyə doğru nə danışa bilərəm? Hələ ortada bir şey yoxdur.
– O zaman ReAL niyə gələcəklə bağlı bəyanat verir? Bəlkə demokratik seçki keçiriləcək…
– Yox, “gələcəklə bağlı” deyəndə, bu gün gedən bir proses var. Proses onu göstərir ki, seçkilər saxtalaşdırılacaq, çünki 100-dən çox siyasi məhbus var, rəqabət şəraiti yoxdur və demokratik mühit də olmayıb. Amma onu da anlayırıq ki, seçkilərə qatılmasaq, insanları fəal olmağa çağırmasaq, proseslər daha da pisləşəcək. Müəyyən siyasi qüvvələr guya boykot edib, bir tərəfdən seçki olmadığından boykot etdiklərini deyirlər, başqa tərəfdən də heç bir fəallıq göstərmirlər. Adama deyərlər ki, seçki yoxdursa, niyə boykot edirsən? Boykot edirsənsə, bunu aktiv şəkildə etməlisən. Aktiv boykota bizim gücümüz çatmırsa, seçkilərdə iştirak edib, insanlarla ünsiyyətdə olub, onları dinləməli və fəal olmağa çağırmalıyıq.
– İttiham etdiyiniz siyasi qüvvələr də deyə bilər ki, ReAL seçkilərin saxtalaşdırılacağını bəyan edir, amma saxta prosesə də qatılır, bu, necə izah edilə bilər?
– Əvvəla, biz yalnız demirik ki, seçkilər saxtalaşdırılacaq, bundan əvvəl Azərbaycanda normal seçkilərin keçirilməsi üçün demokratik şəraitin olmadığını bildirirdik. Çünki bu mühitdə yaşadığımızdan vəziyyəti görürük. İkincisi də seçkidə iştirak edib prosesi görəndən sonra belə bəyanat vermək olardı. Biz də seçkidə iştirak edəndən sonra vəziyyətin acınacaqlı olduğunu gördük. İnsanlar seçkilərə getmək istəmir, seçki institutuna, parlamentarizmə, ümumiyyətlə, heç kəsə inanmır. Yeri gəlmişkən, köhnə müxalifətə də, iqtidara da inanmırlar. Biz kənarda dayanıb bəyanat verməmişik, prosesin içində olaraq mövqeyimizi bildirmişik.
– Saxtakarlıq prosesinin içində olub bəyanat verirsiniz?
– Yox, seçki prosesinin. Biz indidən 1 noyabr seçkilərinin saxtalaşdırılmasına hazırlığın getdiyini görürük. İlk növbədə də insanlarla görüşməklə xalqın vəziyyətini görürük. Vətəndaşlarla heç bir təmasın olmadığı halda nə bəyanat verə bilərsiz?
–
Amma siz prosesin özünün də saxtakarlıqla keçirildiyini bildirir və həm də prosesin içində olduğunu deyirsiniz. Deməli, həm də saxtalaşdırılan prosesə şəriksiniz?
– Xeyr, niyə şərik olaq və hansı prosesə? Məgər seçkiləri biz saxtalaşdırırıq, biz saxtakarlıqda iştirak edirik? Sadəcə, bu, insanlarla görüşmək, ölkənin yaxın gələcəyi haqda məlumat vermək və özümüzü tanıtmaq üçün fürsət pəncərəsidir. İnsanlara deyrik ki, gələn il ölkəni böyük bəlalar gözləyir, neftimiz bitir, hasilat azalır, qiymət enir, 200 mindən çox işsizlər ordusu yaranacaq. Ən əsası bildirdik ki, ölkədə köhnə müxalifət və iqtidardan başqa yeni insanlar var. Bizi telekanallara buraxmasalar da, medianı susdursalar da, biz varıq.
– Ancaq AXCP və Müsavatdan fərqli olaraq sizin daha çox virtual aləmdə fəal olduğunuz deyilir…
– Bilirsiniz, mən seçki kampaniyası zamanı bir-bir qapıları döymüşəm. Kubinka, Qış parkı, İçərişəhər-bu ərazilərdə elə məhəllə olmadı ki, ora girməyim, səhər saat 12-dən axşam 9-a qədər insanlarla görüşürdüm. Hər gün 100-dən çox insanla görüşdüm. Bu, virtualdırmı? Bu görüşlərin şəkillərini Facebook səhifəmdə paylaşmışam.
–
Bütün hallarda əvvəlki suallım açıq qalır, əgər siz və başqa biriniz seçilsəniz, ReAL yeni parlamenti, yaxud sizi deputat kimi tanımayacaq?
– ReAL hesab edir ki, formalaşacaq parlament Azərbaycan xalqının iradəsini əks etdirməyəcək. Tutaq ki, Azər Qasımlı 23 saylı Nəsimi-Səbail dairəsindən qalib gəldi və hakimiyyət də onun qalibiyyətini tanıdı. Həqiqətən də mən seçicilərin səsini alıb qalib gələ bilərəm, çünki hakimiyyətin adamı olmadığımdan saxtakarlıq edib mandat verəsi deyillər. Əslində, 23 saylı Nəsimi-Səbail dairəsində qalib mənəm, çünki rəqibimin heç bir şansı yoxdur. Onu qalib etmək üçün hakimiyyət gərək total saxtakarlıq etsin. Yəni xalq gəlib səs versə və mən qalib gəlsəm, bu, formalaşacaq parlamentin xalqın iradəsini əks etdirməsi anlamına gəlmir. Ola bilər konkret bir neçə dairədə seçicilərin iradəsini əks etdirsin, bunu da bilmək olmaz. Amma ümumən götürdükdə, 1 noyabr seçkiləri nəticəsində formalaşacaq parlament xalqın iradəsini əks etdirməyəcək.
– Və bu parlamentdə yalnız Azər Qasımlı demokratik seçki nəticəsində qalib gəlmiş deputat sayılacaq?
– Yox, təkcə mən olmayacam. Ola bilər ki, hansısa dostumuz başqa bir dairədə qalib gəlsin. Mən sadəcə öz adımı çəkdim, Natiq Cəfərli, Hafiz Babalı və başqası da ola bilər. Parlamentin xalqın iradəsini əks etdirməsi üçün mühit demokratik, rəqabətli və şəffaf olmalıdır.