Azər Qasımlı: Rusiya istədiyinə nail oldu, qoşunları bölgədədir

Agentlik daha sonra yazır ki, erməni tərəfinin imtinası və inadkarlığı İlham Əliyevi hərbi infrastruktura investisiya qoymağa məcbur edib və bu, qarşıya qoyulmuş məqsədə – işğal olunmuş ərazilərin azad edilməsinə gətirib çıxarıb, eyni zamanda Ermənistan üçün faciəvi nəticələrə səbəb olub.

Source: Reuters


“Ermənistan Dağlıq Qarabağ məsələsində oyundankənar vəziyyətdədir"

Dekabrın 7-də Ermənistanın "@baqramyan26" teleqram kanalının bu ölkənin üçüncü prezidenti Serj Sarkisyanla Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun Dağlıq Qarabağ haqda söhbətindən qeydlər müzakirə predmetinə çevrilib.

Danışıqlarda Aleksandr Lukaşenko erməni həmkarına deyir ki, Azərbaycan prezidenti İlham Əliyev Qarabağın 7 rayonuna görə 5 milyard dollar təklif edib: “Rayonları (Qarabağ) ver ona, o (Əliyev) ödəyəcək, sənə ilkin mərhələdə 5 milyard təklif edib”.

Ancaq Ermənistan dövlət başçısı razılaşmır: “Mən ona 6 milyard verirəm. Qoy, 7 rayondan imtina etsin”.

İki dövlət başçısının danışığının Ermənistan müxalifətinin Baş nazir Nikol Paşinyana qarşı aksiyasından bir gün əvvəl ictimailəşməsi suallar doğurur.

Prezidentlərin danışığının yayılmasını Nikol Paşinyana təzyiq vasitəsi kimi qiymətləndirənlər olsa da, lakin bunu qəbul etməyənlər də var.

İddianı qəbul etməyənlərin arqumenti odur ki, "@baqramyan26" teleqram kanalının sahibi parlamentini sədrinin müavini Alen Simonyan Nikol Paşinyana yaxın adam sayılır.

Sabiq dövlət başçısı Serj Sarkisyanın ofisi iki liderin danışığı haqda bəyanat da yayıb.

Bəyanatda deyilir ki, 14 oktyabr 2016-cı il tarixində Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyası zamanı keçirilmiş məhdud tərkibdə görüşdə prezidentlərin qeyri-ictimai söhbətinin İnternetə necə düşdüyü aydın deyil: “Ermənistanın üçüncü prezidentinin ofisi audioyazını fakt kimi qəbul edir və qapalı formatda keçirilən iclasların şərh edilməməsini (indiyə qədər də edilməyib) nəzərə alaraq şərh verməkdən çəkinir".

Aleksandr Lukaşenko və Serj Sarkisyan
A.Lukaşenko və S.Sarkisyan

Belarusun Ermənistandakı səfirliyi Ermənistan mətbuatının bu barədə suallarını şərh etməyib: “Münaqişəni nizamlamağa çalışan iki ölkə arasında tamamilə aydın söhbət olub. Odur ki, şərh üçün erməni həmkarlara müraciət edin", – Belarusun Ermənistandakı səfirliyindən bildiriblər.

Siyasi icmalçı Əhməd Əlili Ermənistan mediasının dövlət başçıslarının söhbətinin yayılmasının Köçəryan-Sarkisyan qvardiyası üçün uğurlu vasitə adlandırdığını xatırladaraq bildirib ki, hazırda Baş nazir Paşinyanı torpaqları satmaqda ittiham edirlər:

“Bununla bağlı müxtlif şərhlər yazırlar, Məsələn, Azərbaycan ordusunun uğuru o qədər gözlənilməz olub ki, ermənilər bunun mümkün variant olduğuna inanmırlar. Ona görə də Paşinyanı satqınlıqda ittiham edirlər. Düzdür, "@baqramyan26" teleqram kanalını Paşinyana satılmaqda ittiham edirlər. Bu mənada "@baqramyan26" teleqram kanalı söhbəti yaymaqla özünün neytrallığını göstərməyə çalışır. Yəni kanal göstərir ki, əlində informasiya varsa, yaya bilər. İkinci məsələ odur ki, söhbətin yayılmasına jurnalist marağı da təsir edə bilər. Biz söhbətin yayılmasının üçüncü tərəfin də düşünməliyik, @baqramyan26 teleqram kanalı göstərmək istəyir ki, vaxtilə sabiq prezident Sarkisyana pul təklif olunub, amma sonradan danışıqlar necə yekunlaşıb, bilinmir. Bütün hallarda suallar yaranır ki, Azərbaycan tərəfi ardıcıl olaraq pul təklif edib, bəs görüş necə başa çatıb, məlum deyil”.

118645451_620172385184536_7703387997886241163_n.jpg
Əhməd Əlili

Əhməd Əlilinin sözlərinə görə, Ermənistanda hazırkı vəziyyəti şəxslər yox, proseslər müəyyən edir:

“Nə qədər paradoksal olsa da, indiyə qədər Ermənistanın dövlət başçıları arasında islahata meylli şəxs və korrupsiyaya bulaşmayan yeganə adam Nikol Paşinyandır. Amma bəziləri düşünür ki, onun getməsi ölkənin xeyrinədir. Amma səs yazısının yayılmasının onun gedişinə həlledici təsir edəcəyinə də inanmıram, sadəcə, prosesləri sürətləndirə bilər”.

Onun həmkarı İlqar Vəlizadə səs yazısının yayılmasında xarici yox, daxili faktorların rol oynadığı qənaətindədir:

“Məsələ ondadır ki, hazırda Paşinyan hakimiyyəti münaqişənin həlli istiqamətində keçmiş hakimiyyəti günahlandırır. Köhnə qvardiya isə müharibə məğlubiyyətində Baş naziri suçlayır. Ancaq Belarus və Ermənistan prezidentlərinin söhbətindən belə anlaşılır ki, güzəşt qərarını sabiq dövlət başçısı Sarkisyan qəbul etməliydi. Hələ 2016-cı ildə Sarkisyana deyirdilər ki, hansısa gözlənilməz vəziyyət yaransa, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı işğalçılıq siyasətinə dəstək verməyəcək. Təzadlı məqam odur ki, Baş nazir Paşinyan da təşkilatın Ermənistana dəstək verməyəcəyini bildiyi halda, müraciətlərini dayandırmırdı. "Nə üçün?" – sualı isə açıq qalır. Çox güman ki, səs yazısının yayılması müharibənin məğlubiyyəti əsasında verilən qərarları sabiq dövlət başçısı Sarkisyan verməliydi. Vaxtında o güzəştə getsəydi, hadisələr indiki şəkil almazdı, hər iki tərəfdən itkilər olmazdı, hətta Ermənistan 5 milyard dollar qazanardı”.

İlqar Vəlizadə
İlqar Vəlizadə

Politoloq Azər Qasımlı hesab edir ki, səs yazısının indi yayılmasının münaqişənin həlli baxımından heç bir təsiri yoxdur, çünki Rusiya 30 ildə istədiyinə nail oldu, qoşunları bölgədədir:

“Ermənistan Dağlıq Qarabağ məsələsində oyundankənar vəziyyətdədir, Dağlıq Qarabağdakı ermənilər isə Moskvanın nəzarətinə keçib. Səs yazısının yayılmasında yeganə məqsəd xalqa Dağlıq Qarabağ klanının xalqın marağını düşündüyünü təqdim etməkdir. Çünki hazırda Baş nazir Paşinyanın hakimiyyətdə qalmaq ehtimalı çox aşağıdır. Belə olan təqdirdə, Ermənistanda hakimiyyət uğrunda başlayacaq mübarizədə bir neçə qrup var ki, əllərində maddi-siyasi resurslar var, onlardan ən əsası Qarabağ klanıdır. Azərbaycandan fərqli olaraq Ermənistan müxalifətinin resursları var, parlamentdə fraksiya şəklində oturublar, maliyyə imkanları pis deyil. Ona görə hakimiyyət uğrunda mübarizə daha şiddətli olacaq”.

Azər Qasımlı səs yazısının gerçək olub-olmaması sualının açıq qaldığını düşünür:

“Əlbəttə, sabiq dövlət başçısı Sarkisyanın ofisinin səs yazısı barədə ikibaşlı açıqlama yayması da, sualları artırır. Amma səs yazısının fake olub-olmaması artıq müzakirə mövzusu deyil. Çünki səsyazısı ictimailəşib və diskussiya doğurub. İndi məsələ odur ki, kimliyindən asılı olmayaraq, dövlət başçısı demokratik yolla, yaxud avtoritar vasitələrlə hakimiyyətə gəlsin, işğal altındakı əraziləri qanla azad edəndə vətən olur, pulla belə şeylər olmur, biz ərazilərimizi itirəndə də qanımız tökülüb, pafoslu səslənsə də, gerçəklik belədir. Alyaska deyil ki, pul verib geri alasan”.

Azər-Qasımlı1-e1578473633700.jpg
Azər Qasımlı

“Turan” İA olayla bağlı təhlilində Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağda döyüşlərin qızğın çağında Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsinə diqqət yönəldib və çıxışdan sitat gətirib:

“Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq şəraitində yaşayırlar. Bilirsiniz, orada tam işsizlikdir, yoxsulluqdur, infrastruktur dağıdılıb. Biz investisiya qoymağa hazır idik”.

Agentlik daha sonra yazır ki, erməni tərəfinin imtinası və inadkarlığı İlham Əliyevi hərbi infrastruktura investisiya qoymağa məcbur edib və bu, qarşıya qoyulmuş məqsədə – işğal olunmuş ərazilərin azad edilməsinə gətirib çıxarıb, eyni zamanda Ermənistan üçün faciəvi nəticələrə səbəb olub.

Ana səhifəSiyasətAzər Qasımlı: Rusiya istədiyinə nail oldu, qoşunları bölgədədir