”Əgər özlərinə belə güvənirlərsə, elə birinci özləri Qarabağın müstəqilliyini tanısınlar”
Baş nazir seçildikdən sonra N.Paşinyan Azərbaycanın işğal olunmuş ərazisindəki “Dağlıq Qarabağ Respublikası” rəhbərliyinin Azərbaycan-Ermənistan danışıqlarında iştirak etməsinin vacibliyini bəyan
edib
.
“Biz Azərbaycan lideri ilə danışıqlara hazırıq. Amma deməliyəm ki, “Qarabağ” rəhbərliyi olmadan danışıqlar effektiv sayıla bilməz”.
Məsələyə münasibət bildirən ReAL Partiyanın Məclis üzvü Azər Qasımlı deyir ki, “Dağlıq Qarabağ Respublikası” danışıqların tərəfi olmalıdır:
“Paşinyan bir də onu əlavə etdi ki, bu məsələ Minsk Qrupunun sənədlərində öz əksini tapıb.
Paşinyan hər halda Bişkək protokolunu nəzərdə tutur, hansı ki, bu hakimiyyətin gördüyü ən mənfi işlərdən biridir. Yoxsa bizim bilmədiyimiz hansısa məqamlar var? Minsk Qrupunun hansı sənədlərində belə bir müddəa ola bilər? Məsələ ilə bağlı Xarici İşlər Nazirliyimizin açıqlamasını gözləyirik.
Paşinyan isə bilməlidir ki, Qarabağı tanıyan olmayacaq. Əgər özlərinə belə güvənirlərsə, elə birinci özləri Qarabağın müstəqilliyini tanısınlar. Boş bəyanatlar verməklə Azərbaycanı qorxuda bilməyəcəklər. Paşinyan onu da bilməlidir ki, onların bugünkü inqilabı 2016-cı ilin aprel döyüşlərinin nəticəsidir. Məhz 2016-nın aprelində ermənilərin Rusiyaya olan güvəni sarsıldı. Daha əvvəl dediyim bir fikri bir daha təkrarlamaq istəyirəm, Ermənistan Rusiyanın nəzarətindən çıxaraq Qarabağla birgə Qərbə inteqrasiya edə bilməyəcək. Hər bir halda Azərbaycanla anlaşmaq zorundadırlar”.
Azərbaycan Xarici İşlər Nazirliyi N.Paşinyanın fikri ilə bağlı hər hansı açıqlama verməyib.