Azər Qasımlı: Parlamentin binasına daxil olmaq yanlış idi

“Belə bir vəziyyətdə müstəqil medianı cəzalandırma çağırışları olduqca yanlışdır”.

Source: Мейдан ТВ


Sülhəddin Əkbər: “Binaya daxil olanların kimliyi barədə xüsusi təhqiqat aparılmalıdır”

Bakıda, iyulun 14-də gecə saatlarında orduya dəstək məqsədi ilə keçirilən yürüş zamanı bir qrup aksiya iştirakçısının parlamentin binasına daxil olması və bunun nəticəsində polislə qarşıdurmanın yaranması sosial şəbəkələrdə və mətbuat orqanlarında birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələr zamanı parlamentin binasına daxil olma faktı bir çoxu tərəfindən təxribat və xoşməramlı aksiyaya kölgə salınması kimi qiymətləndirib.

İyulun 15-də Milli Məclisin Aparatı faktla bağlı məlumat yayaraq bildirib ki, parlamentin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib və parlamentin mülkiyyətinə və inventarına ziyan vurub.

Parlamentin açıqlamasında bildirilib ki, orduya dəstək yürüşünə ehtiram və həssas yanaşdıqlarını ifadə edirlər, amma dövlətin ali qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib. Birgə məlumatda qeyd edilib ki, cinayət işi polisə müqvimət və zor tətbiqi, xidməti avtomobilə ciddi ziyan vurulması ilə bağlı açılıb.

Sosial şəbəkələrdə müzakirələr zamanı səslənən suallardan biri də həmin zaman parlamentin binasının qapılarının niyə açıq olması və aksiya iştirakçılardan bir qrupunun binaya asanlıqla daxil olmasıdır.


“Milli Məclisin mühafizəsi üçün lazımi tədbir görülməmişdi”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər iyulun 14-dən 15-ə keçən gecə Azadlıq Meydanında və Milli Məclisin qarşısında olduğunu bildirib.

O təəssüflənib ki, hadisələri izləyərkən narahatlığını dostlarına söyləsə də, onunla razılaşmayıblar:

Sülhəddin Əkbər
Sülhəddin Əkbər

“Mən Milli Məclisin qarşısından qayıdandan sonra həmin hadisələr yaşanıb. Gedişat bütün müdaxilələrə, xüsusən xarici müdaxilələrə açıq idi. Xarici müdaxilə olmasa belə, gedişatın daxili dinamikası nəticəsində belə hallar baş verə bilər. Hakimiyyət orqanları isə Müdafiə Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin mühafizəsindən fərqli olaraq Milli Məclisdə lazım olan tədbirləri görməmişdilər. Hətta Dövlət Televiziyasının mühafizəsi üçün də müəyyən hazırlıqlar vardı. Amma parlament binasının müdafiəsi üçün tədbir görülməmişdi. Bəlkə düşünüblər ki, deputatlar tətilə çıxdıqları üçün insanlar ora getməz. Amma hakimiyyət orqanları hər bir hala hazır olmalıydı”.

Sülhəddin Əkbər hesab edir ki, hakimiyyətin insanların yürüşə qatılmasına imkan yaratdığı açıq şəkildə görünürdü:

“Müəyyən tədbirlər də görülmüşdü. Amma hakimiyyət nümayəndələri mütləq insanların qarşısına çıxıb son məlumatları onlara çatdırmalıydı. Eyni zamanda, hakimiyyət insanları görməyə çalışdığı tədbirlər haqqında məlumatlandırmalı və qanuna əməl etməyə çağırmalıydılar. Çox təəssüf ki, mən orda olduğum müddətdə bunların şahidi olmadım. Ona görə də xüsusi təhqiqat aparılmalıdır ki, kimlər insanların qəzəbini alovlandırıb, yaxud kimlər polisin maşınını aşırıb, Milli Məclisə kimlər daxil olub? Açıq şəkildə hiss olunurdu ki, hakimiyyət bütün dünyaya Azərbaycan xalqının qəzəbləndiyini və iqtidara problemin hərbi yolla həllinə təzyiq göstərdiyini nümayiş etdirmək istəyir. Eyni zamanda, xalqın ona dəstək verdiyini göstərmək istəyirdi”.


“Bu, təxribat da ola bilərdi, insanların səhvi də”

Siyasi icmalçı Azər Qasımlı dünənki hadisələri ötən əsrin 90-cı illəriylə müayisə etdi. O, Azadlıq Meydanı və Milli Məclisin qarşısında keçirilən yürüşdə güc strukturlarının nümayəndələrinin olduğuna şübhə emir:

“Hakimiyyət də gözəl başa düşürdü ki, bütün gedişat, narazılıq Qarabağ problemi, Tovuzda atəşkəsin pozulması nəticəsində şəhid olan zabitlərimizlə bağlıdır. Üstəgəl insanlar aylardır karantin rejimində olduğundan çox aqressivdirlər və məsələ də çox həssasdır. Ona görə əvvəlcədən izdihama müdaxilə olunmadı”.

Azer-Qasimli.jpg
Azər Qasımlı

O qeyd edib ki, insanlar meydana bir-bir yox, kütləvi şəkildə qoşulurdu və nəticə etibarıyla böyük izdiham yarandığından vəziyyəti idarə etmək çox riskliydi.

“Sonradan polis maşınının aşırılması və parlament binasına daxil olmaq təxribat da, insanların səhvi də ola bilər. Hər bir halda yanlış idi”.

Azər Qasımlı hesab edir ki, hazırda hakimiyyətə cəmiyyətlə barış lazımdır və media da bunun üçün bir vasitədir:

“Belə bir vəziyyətdə müstəqil medianı cəzalandırma çağırışları olduqca yanlışdır. İqtidar bu cür çağırışlara şərait yaratmaqla özü üçün yaxşı heç nə etmir, bumeranq effekti verəcək. Əslində, dünən küçələrə çıxanlar Azərbaycan xalqı idi və xalq istənilən an ayaqda ola biləcəyini göstərdi. Ona görə hakimiyyət təmkinli və məsuliyyətli olmalıdır. Ona görə də alternativ medianı günahlandırmağın nəticələri ağır ola bilər”.


“Karantin dövründə təcrid olunan insanların içində gərginlik toplanıb”

Siyasi icmalçı Xaqani Cəfərli hadisəni son günlər insanların daxilində toplanan etirazların təzahürü hesab edir:

XX-12.jpg
Xaqani Cəfərli

“İnsanların içindəki gərginlik yalnız Tovuzda atəşkəsin pozulması ilə bağlı deyildi. Yəni bir hadisəyə verilən reaksiya deyildi. Aylardır sərt karantin rejimi nəticəsində insanların içində toplanan gərginlik çıxmalıydı. Tovuz hadisələri sadəcə vəziyyəti daha da alovlandırdı. Fikir verin, aksiyalar yalnız Bakıda deyil, başqa bölgələrdə də olurdu və hətta siyasi aksiyalara çıxmayan insanlar da etiraz edirdi. Hazırda dünyanınm bir çox ölkələrində pandemiya nəticəsində oxşar etirazlar olur və bunları meydana çıxaracaq bir səbəb olur. Çünki karantin dövründə insanlar təcrid vəziyyətinə düşür və daxillərində enerji formalaşır. Başqa vaxtlarda insanlar onu müxtəlif formalarda narazılığı paylaşa və bölüşə bilir. Qarabağ məsələsi isə Azərbaycan xalqının ən həssas yeridir. Ermənistanın Tovuzda hərbi təxribatı indiki anda olması ölkənin müxtəlif yerlərində etirazlara səbəb oldu”.

Ana səhifəSiyasətAzər Qasımlı: Parlamentin binasına daxil olmaq yanlış idi