”Bu barədə sıradan bir icmalçı danışıb”
”Martın 6-da Xocalı soyqırımının tanınması ilə bağlı Rusiya parlamentinə petisiya təşəbbüsü irəli sürmüşəm”.
APA-nın məlumatına görə, bu sözləri rusiyalı politoloq Oleq Kuznetsov deyib.
“Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda Bakıda keçirilən konfransda iştirak edən O. Kuznetsov bildirib ki, petisiyanın ünvanı Dövlət Dumasının deputatları və Federasiya Şurasıdır.
Politoloq hesab edir ki, Xocalı faciəsi soyqırım kimi tanınmalı, Suriyada, İraqda və başqa ölkələrdə törədilən bu cür cinayələrin qarşısını almaq üçün səylər edilməlidir.
“Artıq bu petisiyanın qəbul edilməsi mənim səlahiyyətimdə deyil. Lakin düşünürəm ki, bu məsələni qaldırmaq lazım idi. İyirminci əsrin sonunda bu cür vəhşi cinayətlə bağlı bu petisiyanın qaldırılması vacibdir. Xocalıda törədilmiş cinayətlər bu gün Suriya və İraqda da törədilir. Ona görə də ən birinci səbəb aradan qaldırılmayana, yəni Xocalı soyqırımı tanınmayana qədər bu cür cinayətlərin qarşısını almaq mümkün olmayacaq. Məhz buna görə də mən təkcə azərbaycanlıları yox, bütün bəşəriyyəti bu petisiyanı dəstəkləməyə çağırıram. Terrorizmin məhv edilməsini dəstəkləyən bütün insanlar bu petisiyaya dəstək verməlidirlər”- politoloq fikrini yekunlaşdırıb.
ReAL sədrinin müavini, siyasi icmalçı Azər Qasımlı düşünür ki, Oleq Kuznetsovun bu təşəbbüsü təşəbbüs kimi də qalacaq:
“Düzdür, politoloqun dedikləri doğrudur. Ancaq bu məsələdə iki önəmli ehtimal var: birinci, bu təşəbbüsü, Duma üzvü, siyasi rəhbərliyin rəsmisi, yaxud Xarici İşlər Nazirliyinin hansısa diplomatı qaldırmayıb. Sıradan bir siyasi icmalçı bu barədə danışıb. İkinci, avtoritar rejim olan Rusiyada bu tipli təşəbbüslər Kremlin izni olmadan səslənmir. Yəqin ki, Kremldən təşəbbüsün səslənməsinə icazə veriblər, amma gerçəkləşməsi inandırıcı deyil. Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti Rusiya da daxil olmaqla Qərb ölkələrində lobbi qruplarıyla iş qurub. Güman ki, Oleq Kuznetsovun rəsmi Bakıyla müəyyən əlaqələri var”.
A.Qasımlı O.Kuznetsovun adını birinci dəfə eşitdiyini deyir:
“Bütün hallarda birinci varianta üstünlük verirəm, yəqin ki, Moskva İrəvana hansısa mesaj verir. Sadəcə təşəbbüs Kreml, yaxud Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində “bişməyib”, güman ki, Oleq Kuznetsova təşəbbüsü səsləndirmək icazəsi veriblər, vəssalam. Ona görə bu təşəbbüs təşəbbüsdən o tərəfə keçməyəcək”.