Rauf Mirqədirov: "Moskva prosesləri ya sürətləndirməli, ya da dondurmalıdır"
“11 yanvar Moskva görüşünün 4 saat davam etməsi danışıqların gərgin olması ehtimalını gücləndirir. Hətta görüşdən əvvəl Azərbaycan və Ermənistan başçılarının əhvallarından gərginlik olacağı bəlliydi. Görünən budur ki, hər iki tərəf danışıqların nəticəsindən məmnun deyil”.
Bunu Meydan TV-yə politoloq Azər Qasımlı Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin yanvarın 11-də Moskvada keçirdiyi görüşü şərh edərkən bildirib.
Azər Qasımlı Moskva görüşündən iki gözləntisi olduğunu deyib: “Biri kommunikasiyaların açılması və ticari əlaqələrin bərpası. İkincisi isə Qarabağın statusunun müzakirəsi və bununla bağlı fikrin hansısa şəkildə ifadə edilməsi. Birinci gözləntim doğrulsa da, ikinci alınmadı”.
"Azərbaycan əvvəllər Ermənistanla, indi isə Rusiya ilə üz-üzədir"
Azər Qasımlının sözlərinə görə, 4 bənddən ibarət Moskva bəyannaməsi özündə ciddi nəsə ehtiva etmir: “Bəyanatdan görünür ki, Azərbaycan və Ermənistan istədiklərinə nail ola bilməyib. Azərbaycanın istədiyi o idi ki, Ermənistan onun ərazi bütövlüyünü tanısın. Nikol Paşinyan buna getməzdi və indiki mərhələdə də bu, Rusiyanın maraqlarına uyğun deyil. Əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etmir və Bakı da Qarabağın müstəqilliyini rədd edirsə, deməli, proses uzanacaq. Rusiya isə problemin həll edilməmiş vəziyyətində qalmasını istəyir və Azərbaycanın Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasına çalışacaq. Nəticədə Rusiya sülhməramlıları Azərbaycan ərazisində hərbi baza statusu alır. Dağlıq Qarabağ sovet dövründə olan statusuna qayıdır. Sadalanan variantlar Azərbaycanın maraqlarına uyğun gəlmədiyindən danışıqlar uzanacaq”.
Azər Qasımlının qənaətincə, rus sülhməramlılarının bölgədə yerləşdirilməsi Azərbaycanın Rusiyayla üz-üzə qalmasıdır:
“27 sentyabra qədər Azərbaycan Ermənistanla üz-üzə idi. İndisə, artıq Rusiya ilə üz-üzədir. Ona görə də Moskva görüşlərini hələ çox görəcəyik”.
Rauf Mirqədirov: " Ermənistan öz istəyinə nail ola bilmədi"
Siyasi icmalçı Rauf Mirqədirov Moskva görüşünü iflas hesab edib:
“Əvvəla, Ermənistan öz istəyinə nail ola bilmədi, 62 nəfər hərbi əsirin dəyişdirilməsini istəyirdi, alınmadı. Paşinyan özü də bu barədə danışdı, yəni anlaşma əldə olunmadı. Məsələ ondadır ki, Ermənistanın Baş naziri ictimai rəydən çox asılıdır və ictimai fikrin əsas hissəsi hərbi əsirlərlə bağlıdır. Azərbaycan kifayət qədər əsaslı olaraq 62 nəfəri hərbi əsir saymır, çünki onların 10 noyabr bəyanatından sonra əsir alındığını bildirir. Azərbayan tərəfinə gəldikdə, İlham Əliyev iqtisadi əlaqələrin genişlənməsinin sülhə gətirib çıxara biləcəyini vurğuladı. Deməli, Bakı heç nə itirmədiyini bəyan edir. Rusiya isə sülhməramlıların mandatı haqda heç bir açıqlama vermədi. Moskva əlavə heç nə əldə etmədiyini bəyan edir, çünki daha çox şeylər istəyir. Beləliklə, görüşün nəticəsi olaraq qəbul edilən bəyanat heç bir razılığın əldə olunmadığını təsdiqləyir”.
Rauf Mirqədirov deyir ki, 11 yanvar görüşü Rusiyanın ciddi məğlubiyyəti olmasa da, öz məqsədinə çata bilməmək göstəricisidir:
“Məsələ ondadır ki, Moskva prosesləri ya sürətləndirməli, ya da dondurmalıdır; belə bir dilemma qarşısındadır. Prosesləri sürətləndirib regionu tamamilə nəzarətinə almalıdır, onda sülh ola bilər, amma tam Rusiyanın nəzarətində olan bir sülh. Ya da ki münaqişəni dondurumalıdır. Moskvanın bu seçim arasında qalması Azərbaycana manevr imkanlarını verir. Heç bir şeyin əldə olunmaması yaxşı göstəricidir. Yəqin, Vaşinqtonda yeni administrasiya işə başlayandan sonra qüvvələr nisbətinin nə cür dəyişəcəyini deyə bilərik”.
Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdən sonra dövlət başçılarının imzaladığı
bəyanat
yayılıb.
Bildirilib ki, üç ölkənin baş nazir müavinləri tərəfindən həmsədr olduğu üçtərəfli İşçi Qrupunun yaradılacaq. İşçi qrupu ilk iclasını 30 yanvar 2021-ci il tarixinədək keçirəcək və nəticəsinə əsasən əsas iş sahələrinin siyahısını təşkil edəcək, dəmir yolu və avtomobil kommunikasiyalarını prioritet kimi müəyyənləşdirəcəkdir.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ muxtar vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.
1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.
1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.
Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.
2020-c il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.
44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.
Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.