“Əgər ermənilərlə azərbaycanlılar bir yerdə yaşayacaqsa, sülhməramlılara ehtiyac qalmayacaq"
Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağın statusu barədə növbəti açıqlamasını verib.
“Primakov mütaliəsi” forumunda çıxış edən nazir bildirib ki, Dağlıq Qarabağın statusu məsələsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) iştirakı ilə razılaşdırılmalıdır, amma indi o barədə yox, regiona dinc həyatın qaytarılmasına diqqət yetirmək lazımdır.
Baş diplomat əlavə edib ki, hazırki mərhələdə həmsədrlər, yəqin ki, status problemini qaldırmaq yerinə, etimad tədbirlərinin möhkəmlənməsinə, humanitar məsələlərin həllinə, ermənilərin və azərbaycanlıların yenidən təhlükəsizlik və iqtisadi rifah şəraitində birgə yaşamaya başlamasına yardım etməlidirlər:
"Və onda, sizi inandırıram ki, iki-üç il sonra, belə bir yaşayışı təşkil etsək, bütün status problemləri daha asan həll ediləcək”.
Rusiya xarici işlər naziri Sergey Lavrovun açıqlamasını Meydan TV-yə şərh edən politoloq Azər Qasımlının fikrincə, diplomatın mesajı daha çox Azərbaycana ünvanlanıb, nəinki Ermənistana:
"Çünki status məsələsinün və Minsk Qrupunun yenidən gündəmə gətirilməsi əslində Ermənistanın maraqlarına uyğundur. Səbəb də odur ki, Bakı Qarabağı Azərbaycanın tərkib hissəsi sayaraq, hər hansı statusunu rədd edir. Və Minsk Qrupunun bundan sonra toplanıb müzakirə olunacağı bir məsələ var, o da statusdur. 44 günlük müharibədən əvvəl 7 rayonunun Azərbaycana qaytarılması, sülhməramlı kontingentin bölgədə yerləşdirilməsindən danışırdılar ki, bunlar həllini tapıb, qalıb status məsələsi. Beləliklə, Lavrov mesajı ilə demək istəyib ki, Bakı və Yerevan status məsələsini qaldırmasınlar, əgər bu məsələni gündəmə gətirsələr, o zaman Minsk Qrupunun formatı yenidən gündəmə gələcək".
Azər Qasımlı Sergey Lavrovun bəyanatının ikinci hissəsini müsbət qiymətləndirib:
"Azərbaycanlılarla ermənilər bir yerdə yaşamağı öyrənməlidirlər, rifah halında yaşamalıdırlar, bundan sonra status öz həllini tapa bilər. Əslində, rəsmi Bakı da Lavrovun bu açıqlamasını əsas götürüb Xankəndindən, Xocalıdan, Xocavənddən qovulan azərbaycanlıların yenidən yurdlarına qaytarılmasına və təhlükəsizliyinə təminat verilməsini tələb etməlidir, hansı ki, rus sülhməramlıları ordadır. Onların təhlükəsizliyinə həm də Azərbaycan ordusu zəmanət verməlidir. Əgər ermənilərlə azərbaycanlılar bir yerdə yaşayacaqsa, sülhməramlılara ehtiyac qalmayacaq".
Prezident İlham Əliyev yanvarın 15-də Dağlıq Qarabağın statusunun tarixə qovuşduğunu demişdi:
"İşğal dövründə ermənilər qondarma "Dağlıq Qarabağ Respublikası"nın "parlamentini" Şuşa şəhərinə köçürmək üçün burada bina tikməyə başlamışdılar. Şuşa 2020-ci il noyabrın 8-də işğaldan azad olundu. Qondarma rejimin "parlamenti" binasının inşası yarımçıq qaldı. "Parlament" də gorbagor oldu, status da gorbagor oldu, cəhənnəmə getdi".
Qarabağ münaqişəsi yeni mərhələdə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
BMT 1993-cü ildə Azərbaycan ərazilərinin erməni qüvvələri tərəfindən işğal olunmasını tanıyan dörd qətnamə qəbul edib, amma bu qətnamələr icra olunmayıb.
2020-ci il sentyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində növbəti dəfə ağır döyüşlər başladı.
44 günlük bu müharibə (İkinci Qarabağ Müharibəsi) və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ aldı.
10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Azərbaycan SSR tərkibində yaradılıb.
1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qəbul edib. Bununla da DQMV-nin səlahiyyətlərini genişləndirib.
1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin sessiyası "Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali sovetləri qarşısında vəsatət qaldırmaq barədə" Qərar qəbul edib. Bunu Azərbaycan tərəfi qəbul etməyib. Azərbaycan 1991-ci il oktyabrın 18-də Müstəqillik Haqqında Konstitusiya Aktını qəbul edib. Bundan bir ay sonra – 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə həm 1923-cü il 7 iyul dekreti, həm də 1981-ci ildə "DQMV haqqında" Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi qanun ləğv olunub.
Dağlıq Qarabağın ərazisi Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb.