Azər Qasımlı: İctimaiyyət ”Strateji Tərəfdaşlıq” sazişinin detallarından məlumatsızdır

”Rusiya və Qərblə çox yaxınlaşmamaq xəttinə üstünlük verirlər”

Source:


”Rusiya və Qərblə çox yaxınlaşmamaq xəttinə üstünlük verirlər”

“Biz sürətli danışıqlar yolu ilə Aİ ilə strateji tərəfdaşlığa dair sazişin yekunlaşdırılması və bu saziş əsasında ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq. Ötən ilin fevral ayında danışıqların rəsmən başlamasından etibarən biz saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar və konstruktiv dialoq aparmışıq. Azərbaycan həmçinin Aİ ilə qarşılıqlı şəkildə razılaşdırılmış prioritetlər əsasında əlaqələrin qurulmasında maraqlıdır”.

APA-nın məlumatına görə, bu açıqlamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə keçirilən Viseqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının görüşündə səsləndirib.

Nazir diqqəti iqtisadi maraqlara yönəlib:

“İqtisadi potensiala və hər bir ölkənin spesifik məqsədlərinə uyğunlaşdırılmış prioritetli əməkdaşlıq fərqlilik, çeviklik, fokuslaşmaq və daha böyük sahiblik prinsiplərinin həyata keçirilməsində daha səmərəli ola bilər. Aİ-Azərbaycan Tərəfdaşlıq prioritetləri bu məqsədləri konkret əməkdaşlıq sahələrinə çevirəcək. Birincisi, bu gün Azərbaycan dəyəri 45-50 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin (CQD) – Avropa bazarlarına alternativ təbii qazın ixracına xidmət edən qitənin ən böyük infrastruktur və enerji layihəsinin reallaşmasında aparıcı dövlətdir. Bununla yanaşı, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan regionlararası enerji bağlantısının genişləndirilməsi və Mərkəzi Asiyanı Avropa enerji arxitekturasına daha yaxın edən potensial təşəbbüslərə açıqdır. İkincisi, Şərq Tərəfdaşlığı regionu, eləcə də Aİ üzvü olan və namizəd ölkələrdən müxtəlif səhmdarların cəlb olunduğu unikal iştirakçı çərçivə olan Cənub Qaz Dəhlizi digər birgə maraq kəsb edən sahələrdə, xüsusən nəqliyyat, Avropa və Asiya, o cümlədən Avropa-Cənub və Şimal-Cənubu birləşdirən yeni nəqliyyat-tranzit yollarının yaradılması üçün əlaqələri araşdırmaqla istifadə edilə bilər”.

Elmar Məmmədyarov

Elmar Məmmədyarov deyib ki, hərəkətlilik və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan qarşılıqlı əlaqəsinin mühüm istiqamətidir:

“İnanırıq ki, readmissiya və vizaların sadələşdirilməsinə dair sazişin uğurla həyata keçirilməsi Brüssel və Bakı arasında vizaların ləğvi üzrə dialoqun başlanması üçün zəmin yaratmalıdır. Yenilənmiş Avropa Qonşuluq Siyasəti Avropa Qonşuluğunun bir çox hissələrində ən aktual problem kimi stabilliyi müəyyən edir. Həqiqi stabillik Şərq Tərəfdaşlığı coğrafiyasında sabitlik və əməkdaşlığı təhdid edərək uzun müddət davam edən hərbi münaqişələr həll edilmədən təsəvvür edilə bilməz. Bu gün altı Şərq Tərəfdaşlığı ölkəsinin dördünün suverenliyi və ərazi bütövlüyü mövcud münaqişələr səbəbindən pozulmaqda davam edir. Beynəlxalq hüquq prinsiplərinin davam edən pozuntusunun nəticələrinin aradan qaldırılmaması, habelə münaqişənin həlli kontekstində bu prinsiplərin yanlış təfsiri və seçilmiş tətbiqi qaydalara əsaslanan Avropa düzənini pozur”.

Nazir Elmar Məmmədyarovun açıqlamasını Meydan TV-yə şərh edən  REAL İdarə Heyətinin üzvü Azər Qasımlı xatırladıb ki, Avropa Birliyi ilə Azərbaycan arasında münasibətlər ötən əsrin 90-cı illərindən başlayıb. 1994-cü ildə Brüssellə Bakı arasında əməkdaşlıq sazişi imzalanmışdı. Sənəd o qədər də ciddi əhəmiyyətə malik deyildi, Azərbaycanla Avropa İttifaqı arasında körpü rolunu oynayırdı. Azərbaycan Avropa Şurasının üzvü olandan sonra Brüssel tərəfindən rəsmi Bakıya, İrəvana, Kiyevə, Minskə, Tiflisə, Kişinyevə “Şərq Tərəfdaşlığı Proqramı” təklif olundu. Azərbaycan qonşuları ilə birgə sənədi imzaladı. Sənəd bir neçə istiqaməti özündə ehtiva edir: iqtisadiyyat, energetika, siyasi-hüquqi islahatlar, demokratiya və insan haqlarının bərqərar olması. Yəni Azərbaycan daxil siyasətində  Avropa dəyərlərini əsas götürməliydi. Rəsmi Bakı sazişin siyasi, iqtisadi və enerji ilə bağlı müəyyən bir qismini həyata keçirdi. Amma ölkədə hüquqi dövlətin yaradılması, demokratik seçkilərin keçirilməsi ilə bağlı müddəalar qaldı. O cümlədən, Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqları uzatdı. Təəssüf ki, neft pullarının Azərbaycana axını hakimiyyətin mövqeyində dəyişikliyə səbəb oldu. Çünki hakimiyyət iqtisadi və siyasi inhisarları saxlamağa üstünlük verdi. Dünya Ticarət Təşkilatına üzv olmaq istisadi sahədə inhisarların götürülməsini tələb edirdisə, “Şərq Tərəfdaşlığı Proqramı” isə siyasi baxımdan dəyişikləri gündəmə gətirirdi. Bunlara baxmayaraq Brüssel Bakıya “Assosiativ Saziş” təklif etdi, ancaq Ukrayna hadisələri Azərbaycanın bu sazişdən də imtinasıyla sonuclandı. Bunların əvəzində Bakı Brüsselə ikitərəfli saziş təklif etdi. Ardınca Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin asanlaşdırılması sazişi imzalandı. Sənəd Azərbaycan vətəndaşlarının Şengen zonasına daxil ölkələrə daha asan səfələrini tənzimləyirdi. Amma bu sənəd ciddi hesab oluna bilməz, Azərbaycan və Avropa Birliyi tərəfindən “gözdən pərdə” asmaqdan başqa bir şey deyildi”.

Azər Qasımlı

Azər Qasımlı deyir ki, barəsində dəfələrlə rəsmi açıqlamalar verilsə də, “Strateji Tərəfdaşlıq” sazişinin detallarından ictimaiyyət  məlumatsızdır:

“Sənəd müəyyən mənada gizli saxlanılır və detalların açıqlanmaması məsuliyyətini Avropa Birliyinin Bakı nümayəndəliyi də daşıyır. Məsələn, sabiq səfir Malena Mard dəfələrlə saziş barədə danışsa da, konkret nələrin sənəddə olduğunu açıqlamayıb. Sonuc etibarilə ikitərəfli əməkdaşlıq nədən ibarətdir sualı açıq qalır. Güman ki, Bakı sənədin detallarının bəlli olmasını istəmir, ikinci məqam odur ki, müəyyən məqamlarda anlaşma yoxdur. Çünki 1 ildən çoxdur sənəd müzakirədə olsa da, yekdil fikir yoxdur. Yəqin ki, Azərbaycan hakimiyyəti siyasi sistemin təftiş olunmasını istəmir, konkret olaraq, demokratiya və insan haqları məsələlərinin müzakirə edilməməsində israrlıdır. Ancaq İlham Əliyev noyabrda Brüsselə səfər edəcəksə, deməli, saziş hazırdır. Elmar Məmmədyarova gəlincə, o, insan haqları və demokratiya barədə danışmayacaq. Sazişdə nələrin əks olunması barədə isə informasiya qıtlığı olduğundan gözləməliyik”.

Azər Qasımlı bildirib ki, Azərbaycan xarici siyasəti balanslaşdırma prinsipi üzərində qurulub. Hansısa sazişlər imzalanır, amma önəmli strateji məqamları ehtiva edən sənədlərdən kənara qoyulur:

“Düzdür, Avropa Birliyi ilə saziş strateji saziş adlanır, amma Rusiya ilə Azərbaycan arasındakı sənəd də stratejidir. Ona görə strateji adlanması nisbidir. Məsələ ondadır ki, Azərbaycan iqtidarı hakimiyyəti qorumaq naminə balanslı siyasətə üstünlük verir. Bunun məğzi odur ki, Rusiya və Qərblə çox yaxınlaşmamaq xəttinə üstünlük verirlər”.

Ana səhifəXəbərlərAzər Qasımlı: İctimaiyyət ”Strateji Tərəfdaşlıq” sazişinin detallarından məlumatsızdır