Mehman Əliyev: “Ermənistanın itirməyə başqa heç nəyi qalmayıb”
Sentyabrın 13-14-də Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalardan sonra rəsmi Yerevanın diplomatik sahədə fəallaşması göz önündədir. Ermənistan rəsmilərinin müxtəlif ölkələrə səfərləri ilə paralel bir sıra ölkələrin yüksəkçinli nümayəndələrinin Yerevana gəlişlərini də bu diplomatik fəallaşmanın nəticəsi kimi qəbul etmək olar.
ABŞ Konqressinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin sentyabrın 17-də Ermənistana səfərindən sonra Yerevana gələnlər arasında Rusiya Baş nazirinin müavini Overçuku, Yunanıstan XİN rəhbəri Nikos Dendiası, KTMT Baş katibi Stanislav Sazı, Fransa prezidentinin müşaviri Bris Rokfeyi, Noveç XİN rəhbəri Anniken Xyuitfeldti, ABŞ Konqresinin demokratik əməkdaşlıq komitəsinin sədri Devid Praysın rəhbərliyi altında Nümayəndələr Palatasının nümayəndə heyətini, Britaniya Müdafiə Nazirliyinin Şərqi Avropa şöbəsinin rəhbəri Pitt Krakfordu qeyd etmək olar.
Bunun fonunda Azərbaycana səfər edən nüfuzlu şəxslər arasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi və Türkiyə Prezidenti Rəcə Tayip Ərdoğanı göstərmək olar. Ümumiyyətlə, son iki ayda Cənubi Qafqazda Ermənistan Azərbaycan və Gürcüstanla müqayisədə ən çox rəsmi səfər edilən ölkə olub.
“Bu, daha çox Qərbin prosesə fəal müdaxilə etməsidir”
Bu, Ermənistanın özünün fəallaşmasının nəticəsi, yoxsa Qərbin vəziyyətdən istifadə edib Ermənistanı Rusiya orbitindən çıxarmaq istəyidir?
“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, bu, daha çox Qərbin prosesə fəal müdaxiləsidir:
“Astana Sammitində Orta Asiya respublikalarının çıxışı göstərirdi ki, onlar müəyyən dərəcədə fəallaşıblar, açıq şəkildə mövqe ifadə edirlər, yəni narazılıq var. Belə bir məlumat var idi ki, Qazaxıstana Rusiya 30 minlik qoşun yeritməsinə baxmayaraq, Çinin xəbərdarlığından sonra geri çəkildi. İki gün ərzində Rusiya qoşunları Qazaxıstandan çıxarıldı, yoxsa Moskvanın niyyəti başqaydı? Ümumiyyətlə, postcovet məkanında daha fəal və müstəqil siyasət yeridilməyə başlanılıb. Belə vəziyyətdə Qərb prosesə fəal müdaxilə edir”, – Mehman Əliyev deyib, və xatırladıb ki, Nensi Pelosi Yerevanda olanda “seçim edin” mesajını vermişdi.
“Bütün hallarda Qərb özünün “çətir”ini təklif edir və məsələni ərazi bütövlüyü, ikinci mərhələdə isə regional əməkdaşlığın qurulması çərçivəsində aparmaq niyyətindədir”, – agentlik rəhbəri qeyd edib.
Bununla belə, Mehman Əliyev hesab etmir ki, diplomatik üstünlük Ermənistanın tərəfindədir.
“Ermənistanın diplomatik üstünlüyündən danışmazdım, sadəcə, onların itirməyə başqa heç nəyi qalmayıb. Qarabağı itiriblər, Rusiyadan çoxdan uzaqlaşmaq istəyirdilər, ancaq Qarabağa görə ilişib, qalmışdılar. İndiki vəziyyətdə Ermənistanın başqa çıxış yolu yoxdur. Azərbaycan sülh sazişinin imzalanması üçün təzyiq göstərir”, – o deyib.
Mehman Əliyev düşünür ki, Ermənistanda müxalifətli-iqtidarlı Qarabağın Azərbaycanın tərkibində qalmasıyla barışıblar və Ermənistan müstəqilliyini möhkəmləndirməklə Qərbin təsir dairəsinə daxil regional kooperasiyaya keçmək niyyətindədir.
“Ermənistan daha çox bu istiqamətdə fəaldır. Azərbaycan isə müəyyən qədər Rusiyadan asılıdır, çünki Moskva real olaraq vasitəçi olduğundan Bakı onunla işləmək məcburiyyətindədir”, – o bildirib.
Mehman Əliyev deyib ki, paralel olaraq Azərbaycanın Qərblə münasibətləri güclənir və sonuncu Bolqarıstan və Yunanıstanla qaz müqaviləsinin imzalanmasını misal kimi göstərmək olar.
“İlham Əliyevin orada iştirakı təsadüfi deyildi, hətta nümayişkaranə şəkildə görünürdü ki, Bakı ciddi müttəfiq kimi tədbirə qatılıb. Həm də Azərbaycan alternativ qaz mənbəyi kimi toplantıya qatılmışdı. Azərbaycan hazırda sülh sazişinin imzalanmasına tələsir ki, məsələ tamam bitsin”, – Mehman Əliyev qeyd edib.
“Azərbaycanın heç bir müttəfiqi yoxdur”
Siyasətçi Azər Qasımlının fikrincə isə, Pelosinin və digərlərinin Ermənistana səfəri ondan xəbər verir ki, Ukrayanada müharibə getməsinə rəğmən dünyanın diqqəti Cənubi Qafqazdan kənarda deyil.
“Dünənə qədər isə Qərb bölgəni Rusiyanın tam ixtiyarına buraxmışdı və nəticədə bölgə tam avtoritarlaşmışdı. İndi əksini görürük, hətta Ukrayna müharibəsi davam etsə də, bütün dünyanın diqqəti orada olduğu dönəmdə belə Ermənistana səfərlər edirlər, mövqelər ifadə edirlər. Bu, o deməkdir ki, artıq Rusiyanı bölgədən çıxarmaq istəyirlər”, – Azər Qasımlı bildirib.
O düşünür ki, hazırda Ermənistan həm rəhbərlik, həm də cəmiyyət, xalq səviyyəsində Rusiyadan qopmaq nöqtəsinə gəlib çıxıb. Siyasətçi qeyd edib ki, bu gedişatla qarşıda çox ciddi proseslərin cərəyan edəcəyini görmək olar.
“Hətta Rusiyanın Azərbaycan-Ermənistan, yaxud Ermənistanın daxilində təxribatlarının da şahidi olacağıq. Bu dəstəyi verməklə Azərbaycanı Putinin yanında olmaq, onunla birgə Baş nazir Paşinyana təzyiq etmək siyasətindən çəkindirmək istəyirlər”, – Azər Qasımlı deyib.
Onun sözlərinə görə, demək olar ki, hazırda bütün diplomatik üstünlük Ermənistanın tərəfindədir.
“Çünki İlham Əliyev bölgəyə, Ermənistan-Azərbaycan münasibətlərinə, o cümlədən də Qarabağ məsələsinə Qərbi, yaxud başqa ölkələri buraxmaq istəmir. Bu prosesin içində yalnız Rusiyanın olmasını istəyir. Həmçinin, Əliyevin “Minsk Qrupu bitdi” açıqlaması, 3+3 platformasına açıq dəstək nümayiş etdirməsi, 10 noyabr 2020-ci il bəyanatı və ardınca Moskvada keçirilən görüşlər ondan xəbər verir ki, yalnız bu işləri Moskvayla həll etmək istəyir. Ermənistan rəhbərliyi isə əksinə, bu məsələdə açıqdır, Rusiyadan uzaqlaşmağa başlayıblar, bu yöndə daha fəal diplomatik səylər göstərirlər. Tam sərbəst siyasət yürüdürlər, hansını ki, Azərbaycan Xarici İşlər Nazirliyi və ölkə başçısı etmək istəmir”, – siyasətçi deyib.
Azər Qasımlının fikrincə, İlham Əliyev bu fəallaşmaya müəyyən mənada Türkiyə Prezidenti Ərdoğanı bu prosesə qoşmaqla cavab verə bilər.
“Belə baxanda Azərbaycanın heç bir müttəfiqi yoxdur. Məsələn, Böyük Britaniya Azərbaycanın müttəfiqi ola bilərdi. Amma Əliyev Britaniyadan ölkənin milli maraqlarına uyğun olaraq istifadə edə bilmir. Çünki Qərb ölkələrini daxilə buraxmaq istəmir. Böyük ehtimalla Putinlə də müəyyən razılaşmalar var və bunlar maneəçilik törədir. Həm də şəxsi hakimiyyət maraqları da buna uyğun deyil”, – Azər Qasımlı deyib.