Məhkəmə yenə təxirə salındı
Nəsimi Rayon Məhkəməsi iyunun 19-da ReAL Partiyasının Məclis başqanı Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxıb.
Amma Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin nümayəndəsi iclasa gəlmədiyindən proses təxirə salınıb.
Bu barədə Məclis başqanı “Facebook” səhifəsində yazıb.
Azər Qasımlının sözlərinə görə, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin nümayəndəsi 5-ci islasdır ki, gəlmir:
“Hakim qərar vermək üçün zaldan çıxdı və gəlmədi. 50 dəqiqədən sonra katibi gəldi dedi ki, məhkəməni yenə təxirə saldı. Katibdən xahiş etdim, hakimə çatdırsın ki, o, özü bu gün cinayətin iştirakçısına çevrildi. Nə Baş Prokurorluq var, nə onun idarəsi, nə də məhkəmə. Prezident Administrasiyası var, hamısı da onun qərarlarına uyğun hərəkət edirlər. Ağır Cinayətlər üzrə İstintaq İdarəsində 5-6 dəfə, hər dəfəsində də 4-7 saat dindirilmişəm. Hər dəfə siyasi suallar veriblər. Son dindirmədə də açıq dedilər ki, REAL-ın partiyalaşmasını durdur. Qurultayqabağı hakimiyyət yanıma adam da göndərdi. Yenə eyni tələblə. Qəbul etmədim. Həm buna görə, həm 28 mayda cümhuriyyətin 100 illiyi ilə bağlı keçirtdiyimiz tədbirin əsas təşkilatçısı olduğuma görə məni cəzalandırırlar və bir siyasətçi kimi fəaliyyətimi məhdudlaşdırırlar. Başqa səbəblər də var, lakin əsas səbəblər bunlardır. Çünkü hər ikisində hakimiyyətin iradəsi xaricində biz müxalifət olaraq kiçik qələbə qazandıq”.
Azər Qasımlı Avropa Məhkəməsinin qərarının icra müddətinin iyunun 13-də başa çatdığını bildirib.
O deyib ki, məhkəmənin təxirə salınması İlham Əliyev hakimiyyətinin Avropa Məhkəməsinin daha bir qərarını icra etmədiyini təsdiqlədi:
“Bu gün bir daha aydın oldu ki, "məhkəmə islahatı" boş söz yığınıdır. Bilirdik, lakin praktikada bir daha testdən keçirmiş olduq”.